Modern.az

"İlham Əliyev indi şah babamız İsmayılın qüdrət ucalığındadır"

Aktual

13 Dekabr 2023, 14:37

Əsrlər əvvəl Azərbaycandan dünyaya şaxələnən qızılbaşlar Zəfər qüruru ilə Vətənə qayıdır,  Müzəffər Ali Baş Komandanın ətrafında səfərbər olurlar...

 

...Qızılı dona bürünmüş Topxananın xəzəlləri üzərində sübh şehinin sırğatək parladığı bir son bahar səhərində varmışdılar zəfər qalası Şuşaya...


Ətəyində nəriltili çaylar  axan sıldırım qayaların üzərində uzanıb gedən Cıdır düzündə dayanıb heyranlıqla bütün Qarabağı süzmüşdülər...


Qardan başı çalmalı dağlardan əsən yarı ilıq, yarı sazaqlı mehin çəmənlərdən qoparıb gətirdiyi güz çiçəklərinin qoxusunu sinə dolusu ciyərlərinə çəkdikcə, Yuxarı Gövhər ağa məscidindən ucalan azan səsi ruhlarına məlhəm kimi yayıldıqca bir anlıq onlara elə gəlmişdi ki, ana laylasına qulaq verir, ana hənirtisinin isti nəfəsini duyurlar... 
Bu doğma ətir, bu ecazkar səs nələri hafizələrində oyatmamışdı ki... 


Bir andaca özlərini yüz illərin o üzündə, əsrlərin o tayında hiss etmişdilər...


Haradasa şeypurlar gurlamışdı, kamandan açılan oxlar vıyıldamış, bir-birlərinə dəyərək ətrafa qığılcımlar saçan qılınc və qalxanlar şaqqıldamış, cəng meydanında şahə qalxan atların kişnəməsi, yağını qarşılarında diz çökdürən cəngavərlərin nərəsi yeri-göyü titrətmişdi...


Elə bu zaman qızılı üfüqdə Günəşin iti şəfəqlərini yararaq siyah yallı atı ilə çapa-çapa irəliləyən bir sərkərdə görünmüşdü... Başına qırmızı tac qoymuş 14 yaşlı, şabalıdı saçlı, ağ üzlü və qoç baxışlı bir igid...
İlahi, bu əsrarəngiz mənzərə qarşısında heyrətdən bir anlıq lal heykələ dönmüş, ürəklərindən süzülərək kirpiklərində gilələnən qəhərqarışıq sevinc göz yaşları damla-damla torpağa qarışmış, bir ağızdan  hayqırmışdılar:


- "Şahların şahı", "Mürşidi-kamil", Şah İsmayıl Xətai...


Bunlar qızılbaşlar idi...


Düz altı əsr əvvəl Azərbaycandan köç edən qızılbaşlar, bir də Şuşa Zəfərindən sonra Vətənə, əcdadlarının ruhu dolaşan yurdlarına qürurla dönən müasir davamçıları...

 

Şuşa-Xankəndi Zəfəri qızılbaşların da qürur mənbəyidir

 

Onlar əsrlər əvvəl dünyanın dörd bir yanına səpələniblər... 


Müxtəlif ölkələrdə yaşayıblar, yaradıblar, o ölkələrin kimliklərini daşıyıblar...


Ən yüksək vəzifələrə, deputatlıq, nazirlik, prezidentlik mənsəbinə qədər yüksəliblər...


Fərqli xalqların mədəniyyətlərini əxz ediblər, dillərində danışıblar, amma heç zaman milli kimliklərini unutmayıblar, soyköklərinə bağlı qalıblar, Qızılbaş irsini yaşadıblar... 


Ana vətənləri Azərbaycanla aralarında qırılmaz bağ yaradan isə bəzən nənələrinin toxuduqları xalçalara sevgi ilə işlədikləri bir çeşni, babalarının fəxrlə divardan asdıqları qızılı işləməli bir xəncər, bəzən isə ata-analarının onları doğma Azərbaycan dilində səsləmələri, əzizləmələri olub...


Onlar heç zaman Azərbaycanı görməsələr belə ruhlarına aşılanan vətən eşqi ilə daim ürəklərində torpaqlarına, milli kimliklərinə sevgini yaşadıblar...


Bir gün mütləq ana Vətənin onları səsləyəcəyinə, doğma yurda dönəcəklərinə olan tükənməz inamla...
Budur, artıq qızılbaşlar əsrlərdir yol gəldikləri həmin tarixi məqama, vətənli müqəddəs anlara yetişiblər, böyük fəxarət hissi ilə Azərbaycan ziyarətinə çıxıblar...


Bu gün qızılbaşlar vaxtilə fateh Şah İsmayıl Səfəvinin yaratdığı 2 milyon 800 min kvadrat kilometrə qədər hüdudları olan Azərbaycan Səfəvi İmperiyasının varisi olan müstəqil Azərbaycan dövlətinin gücünə, qüdrətinə, dünyadakı nüfuzuna  misilsiz vurğunluqla şahidlik edirlər, Qarabağda, Şuşada, Xankəndidə əbədi dalğalandırılan müqəddəs bayraqlarımızla qürur duyurlar...


Bəli, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə qazanılan parlaq Şuşa-Xankəndi Zəfəri dünya qızılbaşlarını da əbədi olaraq bir araya gətirib. 

 

Tarixi çağırış

 

Məşhur türk tayfalarını birləşdirən Qızılbaşlıq Azərbaycanda yaranıb. O da təsadüfi deyil ki, məhz bu tayfa hakim mövqedə olduğu üçün Səfəvilər dövləti daha çox "Qızılbaşlar dövləti" kimi adlandırılıb, tanınıb.
Qızılbaşlığın adı, ideyası, mənası barədə müxtəlif fikirlər, rəvayətlər mövcuddur. Rəvayətlərin birində qeyd olunur ki, Məhəmməd Peyğəmbər (s) Uhud müharibəsində yaralanır, axan qanlar onun başında qızıl halqa yaradır. Bundan sonra Həzrət Əli (ə) başında qırmızı tac ilə müharibələrdə iştirak edir. Əhli-beyt (ə) davamçıları olan Qızılbaşlar adı da buradan yaranır. Bir başqa rəvayətə görə, Şah İsmayılın əsgərlərinin başında qırmızı təkkələr (incə materialdan olan baş örtüyü) olduğu üçün onlara qızılbaş deyiblər.


Alman alimi Brokelmana görə isə, atasının ölümündən sonra Şeyx Heydər öz təriqətində yeniliklər edərək yeni bir baş örtüyünü mütləq saydı. Bu, 12 imama işarət edən 12 dilimli bir Heydəri qırmızı baş örtüyü idi. Qızılbaşlar 12 şiə imamı şərəfinə 12 qırmızı zolaqlı çalma bağladıqlarına görə belə adlanırdılar.


Yanlış olaraq bəzən Səfəvi dövlətinin türklərə məxsus olmadığını iddia edir, Qızılbaşlıq ideyasını isə şiəliklə, ələviliklə və sair eyniləşdirirlər. Lakin tarixçilərin apardığı paralellər, araşdırmalar bunun əksini isbat edir. Onlar mahiyyətcə türk olan Səfəvi dövlətinin ideologiyası qızılbaşlığın özündə məzdəkiliyin, xürrəmiliyin, sufiliyin, hürufiliyin birləşdiyini bildirirlər.


XV əsrin ikinci yarısında meydana çıxmış Qızılbaşlıq hərəkatı Azərbaycan, İran, İraq və Şərqi Anadoluda yaşayan türk tayfalarının tarixində yeni bir səhifə açıb. Qızılbaşlar əvvəlcə şamlı, rumlu, ustaclı, təkəli, əfşar, qacar, zülqədər, varsaq, qaradağlı, sonralar isə bayat, qaramanlı, baharlı, alpaut, ərəşli, qazaxlı və başqa türk tayfalarını birləşdirirdi. Talışlar qızılbaşların tərkibində yeganə irandilli xalq idi.


Səfəvilər dövlətində orduda və sarayda Azərbaycan dili əsrlərboyu hakim mövqe tutub, öz ədəbi əsərlərini Azərbaycan dilində yazan Şah İsmayıl Xətai dövlət fərmanlarını bu dildə verib, diplomatik yazışmaları bu dildə aparıb. 


Səfəvi dövləti bugünkü Azərbaycan, İran, İraq, Ermənistan, Əfqanıstan, Qərbi Pakistan, Türkmənistan, Şərqi Türkiyə, Şimal-Şərqi Hindistan və Özbəkistan ərazilərini əhatə edib. 


Tariximizin iki mərhələsində Azərbaycan torpaqlarından böyük köç baş verib. Bunlardan biri Şah Təhmasib tərəfindən Moğol imperatoruna göndərilən 12000 qızılbaş döyüşçüsü, digəri isə Nadir Şah Avşar tərəfindən onun Hindistan və Əfqanıstanı istilası zamanı ora apardığı Cavanşirlər, Bayat və Avşar boyları idilər.
Vaxtilə bu ərazilərdə kök salan qızılbaşlar dünyanın hər yerinə şaxələniblər. Ana vətənləri Azərbaycan olan türkəsilli bu şəxslərin dünyada sayları milyonlarladır... 


Düzdür, hələlik Qızılbaş irsinin davamçılarının hamısı ilə əlaqə yarada bilməsək də, Vətənə dəvət edə bilməsək də, bu istiqamətdə gənc vətənpərvər Babək Hüseynlinin həyata keçirdiyi işlər sayəsində xeyli yol qət edilib. Onun cəmi 4 il əvvəl dünyadakı qızılbaşları bir araya gətirmək üçün feysbuk sosial şəbəkəsində yaratdığı  qrupla başlatdığı təşəbbüs nəticəsində bu gün qızılbaşların 3500-dən çox üzvü olan təşkilatı var. Bu da müstəsna tarixi hadisədir ki, Azərbaycanın suverenliyini tam bərpa etdiyi ildə - 2023-cü ilin payızında qızılbaşların nümayəndələri həyatlarında ilk dəfə Azərbaycana səfər edərək, öz möhtəşəm konfranslarını keçirdilər.

 

40-dan çox ölkə, 3500-dən çox üzv

 

"Qızılbaş" Qlobal İrsi Şurası Təşkilatının sədri,  özü də qızılbaş Əfşar tayfasından olan Babək Hüseynli İngiltərədə təhsil alıb, London şəhərində aktiv diaspor fəaliyyəti ilə məşğul olub. Təhsilini bitirdikdən sonra ölkəyə qayıdıb müxtəlif özəl və dövlət qurumlarında çalışıb. Xocavənd rayonunda vətənpərvər ailədə doğulan Babəkin əmisi, Birinci Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqlarla düşmənin qorxulu kabusuna çevrilən Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovdur. Atası Eyvaz Hüseynov Birinci Qarabağ müharibəsi zamanı Xocavənd rayonunun özünümüdafiə taborunun komandiri olmuş, çoxsaylı döyüş əməliyyatlarına rəhbərlik etmiş, həmçinin 2016-cı il Aprel döyüşlərində, eləcə də Vətən müharibəsində yenidən haqq uğrunda çıxdığımız savaşa qoşulmuşdu. Əmiləri Əbülfət və İlyas Hüseynovlar da torpaqlarımızın müdafiəsi uğrunda, erməni separatçılarına qarşı aparılan döyüşlərdə iştirak edən qəhrəmanlardır. Həm Babək Hüseynli, həm də qardaşı Cavidan Hüseynli II Qarabağ müharibəsində iştirak ediblər.


"Bir neçə il əvvəl dünyanın müxtəlif ölkələrində yaşayan Qızılbaş soyadlı şəxslər olduğu barədə məlumat əldə etdim. Onlarla təmasa keçdim və bəlli oldu ki, onlar Səfəvi və Nadir şah dövründə Hindistan yarımadasına və Əfqanıstana fəth üçün gedən və orada qalan qızılbaşların övladlarıdır" deyən təşkilatın sədri məlumat verir ki, təxmini hesablamalara görə, hazırda dünyada 3 milyondan çox Qızılbaş soyadı daşıyan şəxs yaşayır. Onlar xarici ölkələrdə özlərinə dövlət strukturlarında, hərbi idarəetmədə yer tutublar, həmçinin, tibb, mədəniyyət və digər sahələrdə kifayət qədər uğur qazanıblar. 


Babək Hüseynli bildirir ki, dünyadakı qızılbaşlarla təmaslar artdıqca o, feysbuk sosial şəbəkəsində  "Qizilbash Global Heritage Organization" adlı qrup yaradıb və 2-3 il ərzində davamlı olaraq Qızılbaş irsinin davamçılarına Azərbaycan, onun mədəniyyəti, eyni zamanda tarixi, Səfəvi və Nadir şah dövrü barədə məlumatlar verib.

Sıraları zamanla artdıqca isə  təşkilatlanma qərarına gəliblər. Beləliklə, 2022-ci ildə "Qızılbaş" Qlobal İrsi Şurası Təşkilatı rəsmi olaraq Kanadada qeydiyyatdan keçib. Bunu yaratmaqda məqsəd əcdadları Azərbaycanın tarixi torpaqlarından köçərək, digər ölkələrdə məskunlaşan Qızılbaşəsilli soydaşlarımızın birgə fəaliyyətini koordinasiya etmək, onlara Azərbaycan dili və mədəniyyətini tanıtmaq, ölkəmizə, cəmiyyətimizə inteqrasiya etməkdir. 


Hazırda təşkilatın dünyanın 40-dan çox ölkəsində yaşayan 3500-dən çox üzvü var və onlar yaşadıqları ölkələrdə Azərbaycanı layiqincə təbliğ etmək üçün səy göstərirlər. 44 günlük Vətən müharibəsi başlayanda da qızılbaşlar yaşadıqları ölkələrdə Azərbaycana aid həqiqətlərin yayılması, çatdırılması ilə bağlı ciddi işlər görüb, xarici mətbu orqanlarına ölkəmizlə bağlı düzgün məlumatların çatdırılmasını təşkil ediblər.


Babək Hüseynli bildirir ki, təşkilatın üzvləri,  idarə heyətində təmsil olunanların  arasında müxtəlif ölkələrdəki dövlət və özəl qurumlara rəhbərlik edən, deputat olan şəxslər də var ki, onlar yaşadıqları dövlətlərdə Azərbaycana qarşı müəyyən siyasi qərarların alınmasına qarşı çıxıblar, iradələrini ortaya qoyublar və postmüharibə dövründə də belədir: "Bu ilin sentyabrında Qarabağda keçirilən antiterror tədbirlərindən sonra Azərbaycana qarşı Kanada hökumətinin ciddi təzyiqləri gözlənilirdi. Qətnamə qəbul olunması və məsələnin BMT-yə çıxarılması gündəmdə idi. Lakin Kanada və ətraf ölkələrdə Qızılbaş diasporu güclü formalaşdığı üçün, bu qətnamənin qəbul edilməsinə imkan verilmədi". 


Təşkilat sədri məlumat verir ki, gələn ilin fevral-mart aylarında Kanadadan parlament üzvlərinin və müxtəlif dövlət adamlarının Azərbaycana səfərinin təşkil olunması ilə bağlı proqramları var. Həmçinin onların Qarabağa səfəri planlaşdırılır ki, reallıqları öz gözləri ilə görsünlər. 

 

Tarixin izi ilə... 

 

Xatırladaq ki, bu il noyabrın sonlarında Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində "Azərbaycanda Qızılbaş irsi: tarixin izi ilə" mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbir Azərbaycan Diasporuna Dəstək Fondu və "Qızılbaş" Qlobal İrsi Şurası Təşkilatının birgə dəstəyi ilə baş tutub. Konfransda "Qızılbaş" Qlobal İrsi Şurasının Pakistan, Türkiyə, ABŞ, Kanada, Birləşmiş Krallıq, Sinqapur və Əfqanıstan üzrə təmsilçiləri iştirak ediblər. Beynəlxalq konfransın iştirakçılarının Şuşaya səfərləri isə xoşbəxtlik hissləri, emosional duyğularla müşayiət olunub. Qonaqlar yolboyu erməni qəsbkarlarının 30 illik işğal dövründə Qarabağda törətdikləri vandalizm aktlarının, dağıntıların və postmüharibə dövründə aparılan genişmiqyaslı quruculuq-bərpa işlərinin şahidi olublar.


Qızılbaş irsinin davamçılarına musiqi beşiyi, mədəniyyət paytaxtımız Şuşanın yaranma tarixi, inkişafı, işğal illərində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə erməni vandallarının şəhərdəki tarixi memarlıq, mədəni və dini abidələrini dağıtması barədə ətraflı məlumat verilib. Qonaqlar güllələnmiş heykəllərin yerləşdiyi meydanı, Xurşidbanu Natəvanın evini, "Xan qızı" bulağını, Yuxarı Gövhər ağa məscidini, Molla Pənah Vaqifin məqbərəsini, Gəncə qapısını, Şuşa qalasını və Cıdır düzünü ziyarət ediblər.


Babək Hüseynli bildirir ki, bu onların ana yurdlarına ilk səfərləri olub. Xüsusilə qızılbaşların Qarabağa, Şuşaya səfərləri ərəfəsində çox qürurlu anlar yaşanıb: "Bugünkü Azərbaycan böyük Səfəvi İmperiyasının varisidir. Bu varisçilik düşüncəsi əsrlərlə qızılbaşların beynindən silinməyib. Ən təsirli məqam odur ki, Azərbaycanın Zəfəri bu insanların da qürur mənbəyidir. Səfəvi dövründə böyük uğurlarımız olub, böyük qələbələr yaşamışıq, böyük ərazilər tutmuşuq, böyük imperiya olmuşuq. Əsrlər sonra bu şəxslər Azərbaycana Zəfər çalmış, öz ərazilərini bərpa etmiş bir ölkə olaraq yenidən qədəm qoyublar və bu onlar üçün təsvirəgəlməz xoşbəxt məqamdır".

 

İstinad nöqtəsi, ümid işartısı

 

"Qızılbaşlar üçün vaxtilə Səfəvi dövləti quraraq böyük imperiya yaradan fateh Şah İsmayıl kimdirsə, Qarabağda Zəfər çalaraq işğalda olan ərazilərimizi geri qaytaran, müstəqil Azərbaycan dövlətinin suverenliyini təmin edən qalib lider İlham Əliyev də odur" deyən Babək Hüseynli söyləyir ki, qızılbaşlar Prezident İlham Əliyevə öz aralarında "şah" deyirlər: "İlham Əliyev indi şah babamız İsmayılın qüdrət ucalığındadır. 


İtirilmiş ərazilərimizi geri qaytarması ilə cənab İlham Əliyev həm də qızılbaşların, dünyada yaşayan azərbaycanlıların qəlbində ən uca məqama sahib olub. Əsrlər əvvəl Azərbaycandan dünyaya şaxələnən qızılbaşlar Zəfər qüruru ilə Vətənə qayıdır, Müzəffər Ali Baş Komandanın ətrafında səfərbər olurlar...
Onlar ölkəmizin yüksək inkişafı, dünyadakı nüfuzu ilə daim öyünür, dövlət başçımız İlham Əliyevə bununla bağlı böyük minnətdarlıq hissi duyurlar". 


"Qızılbaş" Qlobal İrsi Şurası Təşkilatının sədri onu da vurğulayır ki, Qızılbaş irsinin yaşadılması ilə bağlı ilk təşəbbüsə başladığı andan sanki dövlətimizin dəstəyini üzərində hiss edib: "Qeyri-adi təsadüf idi ki, təşkilatlanmağa başladığımız günlərdə Bakıda Şah İsmayılın heykəlinin açılışı oldu, cənab Prezident əzəmətli heykəlin açılışını etdi, onun qarşısında durub şəkil çəkdirdi. Hər kəs xatırlayır, bir müddət əvvəl Prezidentimiz Azərbaycan bayraqları ilə bağlı video paylaşmışdı, orada Səfəvi bayrağı da var idi... 


Baxın, bütün bu və bir çox digər məqamlar mənə bir istinad, bir işartı, təşkilat kimi formalaşmağımızın möhürü oldu".


Babək Hüseynli dünya qızılbaşlarının təşkilatlandırılması istiqamətində onlara ilk dövrdən etibarən köməyini əsirgəməyən Azərbaycan Diasporla İş Üzrə Dövlət Komitəsi və komitənin sədri Faud Muradova minnətdarlığını bildirərək söylədi ki, təşkilatlarının yaradılmasında, noyabrın sonlarında Bakıda möhtəşəm konfransın keçirilməsində komitənin böyük dəstəyini alıblar: "Konfransda diqqətçəkən məqamlardan biri də qızılbaş təmsilçilərinin Azərbaycana gəlmək üçün viza məsələlərinin asanlaşdırılmasına dair bəzi məsələlərin irəli sürülməsi oldu. Onu da deyim ki, artıq dünyada yaşayan qızılbaşlar mənə bildirirlər ki, geriyə, öz vətənlərinə, Qarabağa köçüb yaşamaq istəyirlər...


Hər zaman deyirəm ki, "Azərbaycan Azərbaycandan böyükdür". Dünyada milyonlarla qızılbaş yaşayır və düşünürəm ki, təşkilatımızda 3500 nəfərin olması çox az saydır. Buna görə də birinci hədəfimiz odur ki, bu insanların hamısını təşkilat ətrafında toplayaq, Azərbaycanı milyonlarla birləşdirək..."  

 

Gün gələr, Vətən axtarar bizi...

 

Şan-şöhrətli Qızılbaş soyadı Azərbaycana dünyada yaşayan milyonların dəstəyinə varmaq kimi  misilsiz şans bəxş edib...


Eyni zamanda bu soyadlı milyonlarla şəxsə irsinə, mədəniyyətinə, kimliyinə, özünə, Vətəninə qovuşmaq kimi xoşbəxt qismət nəsib olub...


Dünyada yaşayan Azərbaycan kökənli bu şəxsləri tapa bilməyimizin yeganə səbəbi isə əsrlərdir onların başqa ölkələrin vətəndaşları olmalarına baxmayaraq, Qızılbaş soyadlarını yaşatmaları, onu nəsildən-nəslə ötürmələri oldu. 


Qədim qızılbaşların müasir davamçıları özləri də deyirlər ki, əcdadları onların babalarına, babaları atalarına, ataları isə onlara Qızılbaş soyadını yaşatmağı vəsiyyət edib... 


Bəlkə də onların ata-babaları bir gün "Ana vətən Azərbaycan onları axtarar" düşüncəsi ilə Qızılbaş soyadlarını saxlayıblar... 


Bəlkə də onlar Azərbaycanı Qarabağsız təsəvvür etmədikləri üçün Vətənə indiyədək gəlməyiblər... 
Məhz bu Zəfəri, Qələbəni gözləyiblər...


Və elə bəlkə də bütün bunlar tarixboyu Zəfər yolunda türklərin, türk dünyasının yanında olan Tanrının istəyidir... 
Kim bilir...

 

Yasəmən MUSAYEVA, 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu