Dövlət başçısı İlham Əliyevin sərəncamına uyğun olaraq 7 fevral 2024-cü ildə Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
Seçkilərdə QHT-lərin iştirakı da vacib məqamlardandır. Təşkilatlar seçkilərdə "exit-poll", müşahidəçilik kimi fəaliyyətlər icra edirlər.
2018-ci il aprelin 11-də keçirilən seçkilərdə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ("AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə), "Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi ("Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu (Fransa) ilə birgə), "ELS” Müstəqil Araşdırmalar Mərkəzi və "Rəy” Monitorinq Mərkəzi tərəfindən "exit-poll” keçirilib.
Maraqlıdır ki, növbədənkənar seçkilərdə də “exit-poll” keçiriləcəkmi?
Məsələ ilə bağlı Modern.az-a danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov xarici partnyorlardan təklif gələrsə, dəyərləndirəcəklərini bildirib:
"Xarici ölkə təşkilatları "exit-poll"u,ancaq yerli partnyorlarla əməkdaşlıqla həyata keçirə bilər. Növbədənkənar seçkilər zamanı da xarici partnyorlardan belə təklif olsa, dəyərləndirəcəyik. 2018-ci ildə biz bu işi təmənnasız qəbul etmişik. Xaricdə olan partnyorlar öz resurslarını sərf ediblər, biz isə hüquqi məsələlərdə köməklik etmişik. Eyni zamanda qeydə alınma üçün sənədləri hazırlayıb təqdim etmişik".
S.Məmmədov vurğulayıb ki, seçki prosesində QHT-lər iştirak etmək hüququna malikdir:
"QHT-lər seçki prosesində müşahidəçi, maarifləndirmə işi aparan, "exit-poll" keçirən tərəf kimi iştirak etmək hüququna malikdir. Bəzi QHT-lər yəqin ki, bu istiqamətdə işlər görəcəklər. Lakin bu işlərin həyata keçirilməsi QHT-lər üçün çətin olacaq. Çətinlik vaxt məhdudiyyəti ilə əlaqədar ola bilər. Bir il əvvəldən seçki olacağı ilə bağlı məlumat olanda daha yaxşı hazırlaşmaq imkanı olur. Bütün bunlara baxmayaraq, QHT-lərin əvvəlki illərdə olduğu kimi proseslərdə bu və ya digər şəkildə fəal iştirak edəcəklərini düşünürəm. Onu da deyim ki, 2018-ci il seçkilərindən sonra ölkədə bir sıra beyin mərkəzləri də yaradılıb. Onlar da bu prosesdə iştirak edə bilərlər".
Belə beyin mərkəzlərindən olan Sosial Tədqiqatlar Mərkəzinə də məsələ ilə bağlı müraciət etdik.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Tural İsmayılov hələlik "exit-poll" keçirmək barədə planlarının olmadığını söyləyib.
" Exit-poll" keçirmək barədə məsələ hazırda müzakirə olunmur. Hələ ki belə bir planımız yoxdur",- o, deyib.
“Exit-poll” səslərin sayının yoxlanılmasının bir yoludur. Bu, əsasən seçki məntəqəsindən bir qədər aralıda qoyulan seçki qutularına təkrar səs verilməsi yolu ilə aparılır. Belə ki, seçki günü sorğu aparan əməkdaşlar təsadüfi üsulla seçdikləri seçicilərə məntəqələri tərk etdikləri zaman kimə səs verdikləri barədə sual verir, seçicilərin qısa anketi cavablandırması ilə bu prosesi həyata keçirirlər. “Exit-poll”da iştirak birmənalı olaraq, könüllü və anonimdir. Yəni sorğu anonim aparılmalı, sorğu keçirənlər seçicinin cavablarını heç kimə göstərməməlidirlər. Sorğuya cavab verən seçicilər “Exit-poll” sorğu vərəqini təklikdə doldurur, cavablarının gizli qalmasına əmin olmaq üçün doldurulmuş vərəqləri “Exit-poll” qutusuna atırlar. Səslərin hesablanmasının yekun nəticələri “Exit-poll”un gözlənilən xəta həddindən kənara çıxarsa, bu zaman səslərin rəsmi hesablanmasının saxta olması barədə şübhələr yaranır.