Modern.az

Ordu sərhəddən çıxmayacaq, sülhməramlılar isə ... - MODERN İCMAL

Ordu sərhəddən çıxmayacaq, sülhməramlılar isə ... - MODERN İCMAL

Aktual

15 Dekabr 2023, 11:04

Ötən günün əsas hadisələri Türkiyə xarici işlər naziri Hakan Fidanın Bakıya səfəri, Gürcüstanın Avropa İttifaqı üzvlüyünə namizəd statusu əldə etməsi, Rusiya prezidenti Vladimir Putinin keçirdiyi illik mətbuat konfransı, Xəzərdə zəlzələ baş verməsi və digər məsələlər olub.

 

Modern.az 14 dekabr tarixini əhatə edən icmalını təqdim edir:

 

Azərbaycan Respublikasının Xalq artisti, tanınmış teatr və kino aktyoru Ramiz Məlik vəfat edib. Bu barədə mərhumun yaxınları sosial şəbəkələrdə məlumat yayıblar. Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı xəbəri təsdiqləyib. 80 yaşında dünyasını dəyişən Ramiz Məlik uzun müddət idi ki, xərçəngdən əziyyət çəkirdi və onun ölümünə də bu sağalmaz onkoloji xəstəlik səbəb olub. Aktyor II Fəxri xiyabanda dəfn edilib.

 

Avropa İttifaqının (Aİ) sammitində Gürcüstana təşkilata üzv olmaq üçün namizəd ölkə statusunun verilməsi barədə qərar verilib. Bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişel məlumat verib. “Avropa İttifaqı Şurası Gürcüstana namizəd statusu verib”, - o bildirib.

 

Macarıstanın baş naziri Viktor Orban Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların aparıldığı sammitdə iştirak etməyib. O, digər ölkələrin mövqeyi ilə razılaşmadığı üçün Aİ sammitini tərk edib. “Macarıstan yanlış qərarın bir hissəsi olmaq istəmir. Biz mövqeyimizi dəyişməmişik”, - deyə Orban bildirib. Qeyd edək ki, Aİ bu gün Ukrayna və Moldovanın üzvlüyünə dair danışıqlara başlamaq qərarına gəlib.

 

Dövlət İmtahan Mərkəzi dekabrın 17-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirəcək.

 

"Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi hələ imzalanmağa hazır deyil, yekun layihə yoxdur, lakin xarici işlər nazirlərinin yanvarda gözlənilən görüşündə nəhayət müqavilənin mətninin razılaşdırılmasına ümid var". Bunu Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan İctimai telekanalda bildirib. Marukyan 32 erməni hərbçinin əsirlikdən qayıtmasını Ermənistanla Azərbaycan arasında etimad mühitinin möhkəmləndirilməsi istiqamətində müsbət addım adlandırıb. Marukyan həmçinin bildirib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda qeyd olunan bütün şərtlər artıq etibarlı deyil. “Səhv təəssürat yaranıb ki, danışıqlar ABŞ-da, Brüsseldə və ya Moskvada gedirsə, deməli, onlar qarantdır, lakin bu, belə deyil. Zəmanət mexanizmi sənədləşdirilməli, tərəflər arasında mübahisə yaranarsa, orada bütün şərtlər göstərilməlidir”. Xatırladaq ki, E.Marukyan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin gələn ay - yanvarda Vaşinqtonda görüşəcəyini də bildirib.

 

"Moskva Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il, 31 oktyabr 2022-ci il tarixli bəyanatlarından ibarət üçtərəfli sazişlər kompleksindən imtina etmək cəhdlərini təhlükəli hesab edir". Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi internent səhifəsində qurumun rəsmi nümayəndəsi Mariya Zaxarovanın adından Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı yayılan bəyanatda bildirilib.

 

"Ermənistan regionda kommunikasiyaların açılması üçün təsirli və konkret addımlar atmağa hazırdır". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan dənizə çıxışı olmayan inkişaf edən ölkələrin toplantısında deyib. “30 ildən artıqdır ki, Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri bağlıdır və bu gün biz regionda nəqliyyat kommunikasiyalarının açılmasının mümkünlüyü barədə çox danışırıq və müzakirə edirik”, - Ermənistanın baş naziri əlavə edib. O hesab edir ki, Azərbaycanla Ermənistan arasında tezliklə sülh sazişinin imzalanması realdır. Paşinyanın sözlərinə görə, İrəvanın nəqliyyat kommunikasiyalarının açılmasına yanaşmaları “Sülhün qovşağı” konsepsiyasında öz əksini tapıb: "Dünənki mübadiləni “sıfır nöqtəsi” hesab etmək olar".

 

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti elektron sənəd qəbulu mərhələsinə start verilir.

 

Agentlik tərəfindən vətəndaşlara göndərişlərin verilməsi qaydasında dəyişiklik edilib. Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib. Onun sözlərinə görə, Azərbaycanda icbari tibbi sığorta ilə qarşılanan dərman vasitələrinin siyahısı hazırlanacaq. Sədr onu da vurğulayıb ki, regionlarda həkim çatışmazlığı var. Onkoloji xəstəliklər icbari sığortaya daxil ediləcək?

 

Türkiyənin Ali Seçki Komissiyası yerli seçkilərdəki seçki qutuları ilə bağlı qərar verib. Məlumata görə, bələdiyyə seçkilərində 1 seçki qutusunda 350 seçici səs verəcək. Yanvarın 2-də seçkilərdə iştirak etmək hüququ olan siyasi partiyalar açıqlanacaq. 2024-cü il yanvarın 27-də siyasi partiyaların seçki bülletenindəki yeri müəyyənləşəcək. Fevralın 7-də seçici siyahıları dəqiqləşdiriləcək, seçicilərin səs verəcəyi yerlərin və qutuların müəyyənləşdirilməsinə başlanacaq və bu proses fevralın 11-də yekunlaşacaq. Siyasi partiyalar namizəd siyahılarını fevralın 20-si saat 17.00-dək təqdim edəcəklər. Yekun namizəd siyahıları vilayət (il) və rayon (ilçe) seçki komissiyaları tərəfindən 3 martda elan ediləcək.

 

Tam orta təhsilli gizir və miçmanlara “Kiçik leytenant” hərbi rütbəsi veriləcək.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 14-də Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib. Fidan daha sonra Azərbaycanın XİN başçısı Ceyhun Bayramovla da görüşüb.

 

İrəvan Ermənistan və Azərbaycan sərhədinin delimitasiyası komissiyasının iş reqlamentini təsdiqləyib. Bu barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan məlumat verib. O izah edib ki, bu hələ texniki sənəddir, lakin iş metodologiyası tezliklə təsdiqlənməlidir. "Bundan sonra tərəflər konkret sənədlər və topoqrafik xəritələr üzərində işləməyə başlayacaqlar", - Paşinyanın müavini söyləyib. Qriqoryanın sözlərinə görə, Bakı da reqlamenti təsdiq edəcək və ölkələr eyni vaxtda sənədin mətnini dərc edəcəklər.

 

“Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkilinin və keçirilməsinin Reqlamenti” təsdiq edilib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

 

Dünən Rusiya prezidenti Vladimir Putin illik mətbuat konfransı keçirib. O deyib ki, yeni səfərbərliyə ehtiyac yoxdur. Putinə birbaşa xətlə “rəqəmsal əkiz” adlı videosual verilib. Rusiya prezidenti bildirib ki, o, Ermənistanın MDB və ya Aİİ, KTMT üzvlüyünə xitam verilməsini bu ölkənin maraqlarına uyğun hesab etmir. O, həmçinin bəyan edib ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan Ermənistan olub: "Qarabağı tərk edən Rusiya deyil. Erməni tərəfdaşlar “belə bir qərarın qəbulu ilə bağlı Rusiya tərəfinə xüsusi məlumat verməyiblər”. "Ermənistanın baş nazirinin MDB və KTMT sammitlərində iştirak etməməsi müəyyən proseslərlə bağlıdır və bu birliklərdə işləmək istəyi və ya istəməməsi ilə bağlı deyil. Bu mürəkkəb geosiyasi prosesdir, lakin MDB, Aİİ və ya KTMT-dən çıxmaq Ermənistanın maraqlarına uyğun deyil”, - Rusiya prezidenti əlavə edib.

 

Təhsil İnstitutu 2024-cü ildə keçiriləcək Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanının qiymətləndirmə çərçivəsini təqdim edib.

 

Türkiyə parlamentində çıxışı zamanı huşunu itirən deputat Hasan Bitmez vəfat edib. Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib. Kocaeli vilayətini təmsil edən millət vəkili Hasan Bitmez parlament tribunasında çıxış edərkən qəfildən bayılmışdı. O, xəstəxanada dünyasını dəyişib.

 

Azərbaycanda xüsusi təyinatlı hərbi kolleclər yaradılacaq.

 

"Mən Ermənistan xarici işlər nazirinin qoşunların sərhəddən geri çəkilməsi fikri ilə razı deyiləm". Bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Türkiyə xarici işlər naziri Hakan Fidan ilə keçirilən mətbuat konfransında deyib. O qeyd edib ki, danışıqlar zamanı müzakirə edilən məsələlərdən hər hansı bir elementi çıxararaq xüsusilə təqdim etmək çaşqınlıq yaradır.  "Ermənistan sərhədləri ilə bağlı açıq suallar var, tam razılıq olmadığı halda qoşunların geri çəkilməsi mümkünsüzdür, kim zəmanət verə bilər həmin ərazilərin təhlükəsizliyinə? Bu gün Azərbaycan ordusu sərhədlərimizi qoruyur. Yaxşı olardı ki, Ermənistan bizim təkliflərimizə konstruktiv yanaşsın və belə olan halda müsbət nəticələr əldə etmək mümkün olar”, - nazir vurğulayıb. "Azərbaycanın tarixində prinsipial yanaşma hər zaman bu olub ki, Azərbaycanın sərhədləri yalnız Azərbaycan əsgəri tərəfindən idarə oluna bilər. Burada üçüncü tərəfə yer verilə bilməz.  Bu Azərbaycanın suveren hüququ və mövqeyidir. Ermənistan tərəfinə və xarici işlər nazirinə bu məsələlər məlumdur. Bu nəzərə alındığı müddətdə müsbət nəticələr əldə oluna bilər.  Bu gün Azərbaycan Ordusu ölkənin sərhədlərini qoruyur. Azərbaycan Ordusu kiminsə dəvəti ilə ora gəlməyib. Azərbaycan Ordusu qan tökərək orada dayanır”, - o əlavə edib. "Qısa müddət ərzində cənab Hakan Fidan ölkəmizə üçüncü dəfə səfər edir. Ümumilikdə ölkələr arasında münasibətlər müxtəlif istiqamətlərdə yüksək səviyyədə davam edir. 2021-ci ildə ölkələrimiz arasında münasibətlər “Şuşa Bəyannaməsi” ilə strateji müttəfiqlik səviyyəsinə çatıb". Ceyhun Bayramov deyib ki, noyabrın sonunda Ermənistan tərəfindən alınan sülh müqaviləsi üzərində Azərbaycan tərəfi formalaşdırma aparır. “İki ölkə arasında atılan addımlar vasitəsiz olduğunu da diqqətə yetirmək lazımdır. Bu istiqamətdə və sülh müqaviləsində atılan addımlarda bizim əsas hədəfimiz bəllidir", - nazir vurğulayıb. "Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi istiqamətində addımları Türkiyə olaraq dəstəkləyirik". Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib. "Azərbaycan və Ermənistan arasında sülh istiqamətində atılan addımları dəstəkləyirik. Eyni zamanda Ermənistanla əlaqələri də yaxından izləyirik", - o əlavə edib. Hakan Fidan söyləyib: "Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarının yekunlarına əsasən Ermənistanla sərhədlərin açılıb-açılmamasına qərar veriləcək".

 

Dekabrın 14-də Azərbaycan ərazisində zəlzələ baş verib. Yeraltı təkanlar Xəzər dənizinin cənub hissəsində qeydə alınıb. Yerli vaxtla saat 15:04-də qeydə alınan zəlzələnin maqnitudası 4.5-ə bərabər olub.

 

Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə Bakının Baş Planının hazır olduğunu və müzakirələrdən keçdiyini bildirib. Onun sözlərinə görə, Baş Plan qısa müddətdə təsdiqlənəcək: “Yeni planın əsas məqsədi Bakının mövcud ərazisinin daha səmərəli istifadə olunması, nəqliyyat problemlərinin, mühəndisi qurğuları problemlərinin həll olunması, ekologiya və digər məsələlərdir”.

 

Jurnalist Hafiz Babalı barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatına baxılıb. Qərara əsasən, Hafiz Babalı barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Müsavat Partiyasının üzvü Tofiq Yaqublu saxlanılıb. Bu barədə onun qızı Nigar Həzi məlumat yayıb.

 

Ermənistan və Yunanıstan arasında hərbi-texniki sahədə əməkdaşlıq haqqında saziş imzalanıb. Bu barədə Yunanıstan müdafiə naziri Nikos Dendias X platformasında yazıb. Nazir qeyd edib ki, erməni həmkarı Suren Papikyanla görüş zamanı tərəflər sazişi imzalayıb. Dendias onu da əlavə edib ki, hərbi-texniki sahədə əməkdaşlıq Yunanıstan hökuməti üçün prioritet olan bir sektordur. Qeyd edək ki, Ermənistanın müdafiə naziri Suren Papikyan Kiprdən sonra Yunanıstana rəsmi səfərə gedib.

 

Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən Rusiya Sülhməramlı Kontingentinin komandanlığı ilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentliyin (ANAMA) və Azərbaycan Silahlı Qüvvələrinin mühəndis qoşunlarının nümayəndələri arasında ərazinin birgə humanitar minalardan təmizlənməsinə dair razılıq əldə olunması ilə bağlı danışıqlar aparılıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Razılığa əsasən, Rusiya sülhməramlıları Azərbaycanın işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində iştirak edəcək. "Sülhməramlılar mülki əhaliyə münasibətdə təhlükəsizliyin təmini və humanitar qanunlara riayət olunması üçün Bakı ilə davamlı qarşılıqlı əlaqəni davam etdirirlər", - açıqlamada bildirilir.

 

ABŞ Prezidenti Co Bayden türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib. Telefon danışığı zamanı Qəzzadakı vəziyyət müzakirə olunub. Ərdoğan deyib ki, ABŞ-ın İsrailə qeyd-şərtsiz dəstəyi dayandırması tezliklə atəşkəsi təmin edə bilər. Telefon danışığı zamanı, həmçinin Türkiyə-ABŞ ikitərəfli əlaqələri, İsveçin NATO-ya üzvlük prosesi, qlobal və regional məsələlər müzakirə edilib. Ərdoğanla Bayden F-16 məsələsi barədə də fikir mübadiləsi aparıb.

 

Ötən günün mənzərəsi ilə tanış olmaq üçün bu materiallara da nəzər salmaq olar:

 

Partiyalara seçkilərdən əvvəl vəsait ayrılacaq? - "Belə bir təşəbbüs ola bilər"

 

QHT-lər də seçkilərə hazırlaşır: 7 fevralda "exit-poll" keçiriləcək?

 

Türkiyə parlamentindəki fraksiyalardan biri ləğv oluna bilər - SƏBƏB

 

Toyu olacaqdı, qəfil vəfat etdi - Vətən müharibəsi qazisi niyə ölüb?

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu