İki şəhidin bacısı, Goranboy rayonunun Tap Qaraqoyunlu kəndindən olan Rahilə Abbasova Prezident İlham Əliyevə məktub yazıb.
Modern.az-ın məlumatına görə, şəhid qardaşların bacısı dövlət başçısına yazıb:
“Bütün dünyaya öz Zəfəri ilə səs salan, bizi dünyada tanıdan, Xankəndidə bayrağımızı ucaldan, bayrağımızın qarşısında qürurla dayanıb düşmənə öz sözünü deyən hörmətli Prezidentimiz!
Biz Goranboy rayon Tap Qaraqoyunlu kənd sakinləri, bir qrup şəhid ailələri, Sizin tapşırıq və göstərişinizə əsasən vətəndaşları qəbul etmək üçün Goranboy rayonuna səfər etmiş dövlət qurumu rəhbərinin görüşündə olduq. Bizi səbirlə, təmkinlə dinləyib, problemimizin həlli üçün lazımi tapşırıq və göstərişlər verildi. Qısa müddət ərzində problemimiz öz həllini tapdı.
Cənab Prezident, bizə göstərilən diqqət və qayğıya görə Sizə sonsuz minnətdarıq. Məmurların bölgələrə gəlməsi, vətəndaşlarla bu cür maraqlanması, hər bir çətinliyimizə həssaslıq və xüsusi diqqətlə yanaşması ölkə başçısının öz vətəndaşlarına göstərdiyi diqqət və qayğının nəticəsidir. Özünüzün də dediyiniz kimi, Siz hər bir Azərbaycan vətəndaşının Prezidentisiniz.
Yaşa-yaşa Müzəffər Ali Baş Komandan, qəhrəman Vətən Oğlu!”.
Qeyd edək ki, Rəhilə Abbasova I Qarabağ müharibəsində şəhid olmuş Faxrəddin İdris oğlu Rüstəmov və Zaməddin İdris oğlu Rüstəmovun bacısıdır.