Həftəsonunun ən vacib hadisələri sırasında Xankəndiyə yollanan tanınmış futbol ictimaiyyəti nümayəndələrinin qəzaya düşməsi, yeni prezidentliyə namizədlərin açıqlanması və bəzi partiyaların boykot qərarının elan olunması, baş nazirin sabiq müavini, tanınmış alim, görkəmli ədəbiyyatşünas Kamil Vəli Nərimanoğlunun və Küveyt əmirinin vəfatı var idi.
Modern.az 16-17 dekabr tarixlərini əhatə edən icmalını təqdim edir:
Ədəbiyyatşünas Kamil Vəli Nərimanoğlu 77 yaşında vəfat edib. Professor ürəktutmasından dünyasını dəyişib. Qeyd edək ki, tənqidçi, ədəbiyyatşünas, türkoloq, filologiya elmləri doktoru (1988), professor (1989), Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1981), Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri Kamil Vəli Nərimanoğlu 1946-cı ilin avqustun 18-də Cəbrayıl rayonu Cəbrayıl qəsəbəsində doğulub. 1970-ci ildə BDU-nun Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. K.Nərimanoğlu 1989-cu ildə professorluq dərəcəsi alıb, 1988–1998-ci illərdə universitetdə Azərbaycan dilçiliyi kafedrasına rəhbərlik edib, Böyük Elmi Şuranın üzvü olub. 1990-cı ildə Səlcuq Universitetinin fəxri doktoru adını alıb. Həmçinin Türkiyə Linqvistika Cəmiyyətinin müxbir üzvü idi. Nərimanoğlu 1991–1992-ci illərdə Türkiyənin Ege Universitetində, 1999–2000-ci ildə Şimali Kiprin Şərqi Akdəniz Universitetində dərs deyib. Türkiyənin nüfuzlu elmi təşkilatlarından Türk Dil Qurumunun, Atatürk Kültür Mərkəzinin və Türk Folklor Qurumunun fəxri üzvü, Səlcuq Universitetinin fəxri professoru idi. Türkiyənin İstanbul Yeditəpə Universitetində dərs deyirdi və Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinə rəhbərlik edirdi. O, 1993-cü ildə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində işləmişdi. 1998-ci ildə elmi araşdırmalarına və Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərin inkişafına görə Türkiyə Respublikası prezidentinin fərmanı ilə "Şərəf və Ləyaqət nişanı" ilə təltif edilmişdi. 2002-ci ildə xidmətlərinə görə Türkiyə Nazirlər Kabineti yanında Türk Əməkdaşlıq və İnkişaf Agentliyinin, Türk Dil Qurumunun mükafatlarını almışdır. 2004-cü ildə Bilkənd Universiteti və Türk Mədəniyyətinə Xidmət Vəqfi tərəfindən dünyaca məşhur dörd elm və mədəniyyət xadimi ilə birgə mükafatlandırılmışdı. Həmin il Qırğızıstanda Çingiz Aytmatov Akademiyasının fəxri üzvü seçilmişdi. Azərbaycan oxucusu Kamil Vəli Nərimanoğlunu ilk növbədə "Elin yaddaşı, dilin yaddaşı" əsəri ilə tanıyıb.
Bir neçə gün sonra, 2024-cü ilin ilk günündə Qarabağdakı keçmiş qondarma qurumun ləğvi barədə qərar qüvvəyə minməlidir. 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror tədbirlərindən sonra qondarma "Artsax" özünü buraxmaq barədə qərar qəbul edib. Qərarı separatçıların sonuncu "rəhbəri" Samvel Şahramanyan imzalayıb. O, hazırda Ermənistan ərazisindədir. “Hraparak” qəzeti yazıb ki, separatçıların "parlament"inin üzvləri yenidən Samvel Şahramanyanla görüşüb. Əsas müzakirə mövzusu Qarabağdan könüllü şəkildə Ermənistana gedən ermənilərin ehtiyacları olub. Görüş zamanı Şahramanyanın "Artsax"ı ləğv etmək qərarının taleyi də müzakirə olunub. Məlumata görə, Şahramanyan müzakirələr zamanı qərarı barədə çox danışmayıb. Sadəcə qərarın özü tərəfindən verildiyini, nəticələrinə görə məsuliyyət daşıdığını bildirib. O qeyd edib ki, nə etməli olduğunu bilir. "Bəzilərində belə təəssürat yaranıb ki, Şahramanyan imzaladığı qərarı ləğv edib. Mənbələrimiz onu da bildirdilər ki, Qarabağ məsələsi üzrə beynəlxalq komitənin yaradılması istiqamətində intensiv iş aparılır və bu komitə əvvəlki sessiyada işə salınıb", - nəşr yazıb. Nəşrin məlumatına görə, Ermənistanın siyasi qüvvələrinin fəal üzvlərindən ibarət kiçik bir qrup bu komitənin yaradılması ilə məşğuldur, lakin onlar hələlik ciddi məxfilik şəraitində bu fəaliyyəti həyata keçirmək qərarına gəliblər.
Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədri, deputat Zahid Oruc prezident seçkilərində namizəd olacağını açıqlayıb. Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa prezident seçkilərində namizəd kimi iştirak edəcək. Bu barədə qərar Partiyanın Ali Məclisində qəbul edilib. Böyük Azərbaycan Partiyası Siyasi Şurasının qərarı ilə partiyanın sədri Elşad Musayevin Prezidentliyə namizədliyi irəli sürülüb. Yeni Azərbaycan Partiyası (YAP) İlham Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edib. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) növbədənkənar prezident seçkilərində iştirak etməyəcək. Bu barədə partiyanın qurultayında AXCP sədri Əli Kərimli bildirib. O vurğulayıb ki, partiyadaxili müzakirələr zamanı seçkilərdə iştirak etməmək barədə qərar veriblər. Qeyd edək ki, bundan öncə Müsavat Partiyası da seçkilərdə iştirak etməkdən imtina edib.
Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində Bakı şəhər sakini Rəsul Qafarlının idarə etdiyi "Mercedes Vito" markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Qəza nəticəsində xəsarət alanların sayı 6 nəfərə çatıb. Xəsarət alan şəxslər Bakı sakinləri 1984-cü il təvəllüdlü Sənan Məstəli oğlu Abdullayev, 1974-cü il təvəllüdlü Elxan Zakir oğlu Səmədov, 1982-ci il təvəllüdlü Rasim Məmmədrəsul oğlu Qafarlı, 1981-ci il təvəllüdlü Aslan Yadigar oğlu Şahgəldiyev, 1990-cı il təvəllüdlü Elgiz Rafiq oğlu Abbasov, 1981-ci il təvəllüdlü Zaur Tahir oğlu Hacıməhərrəmovdur. Xəsarət alan şəxslər Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda xəsarət alan şəxslər Bakıya göndərilir. Mikroavtobusda qəzaya düşən şəxslərin Peşəkar Futbol Liqasının (PFL) əməkdaşları olduğu bildirilir. Qeyd edək ki, Elxan Səmədov PFL-in prezidentidir və onun vəziyyəti ağırdır. E.Səmədov Bakıya gətirilir. Qəzaya düşən Sənan Abdullayev PFL-in mətbuat katibi, Aslan Şahgəldiyev qurumun vitse-prezidenti, Elgiz Abbasov PFL-də texniki idman direktoru və Zaur Hacıməhərrəmov qurumun icraçı direktorudur.
Küveyt əmiri Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Küveyt dövlət televiziyası Şeyx Nəvafın ölümü ilə bağlı rəsmi açıqlama yayımlayıb. O, 2020-ci ildən Küveytin əmiri idi, bir müddət əvvəl səhhətində yaranmış problemlər səbəbindən xəstəxanaya yerləşdirilmişdi. Yerinə 83 yaşlı vəliəhd şahzadə Meşəl əl-Əhməd əs-Sabah təyin edilib.
Dekabrın 16-da Azərbaycanın Baş naziri Əli Əsədov Rusiya Federasiyasına işgüzar səfərə gedib.
“Bir millət, iki dövlət, bir ordu” şüarı ilə indiyə qədər qət etdiyimiz bu yolda işimizi davam etdirəcəyik”. Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib. O qeyd edib ki, Qafqazda təhlükəsizlik və sülhün yolu Azərbaycan və Ermənistan arasında hərtərəfli və daimi sülh müqaviləsinin imzalanmasından keçir: “İki ölkə arasında etimadı artıran konkret addımların atılması ilə bağlı son qərardan məmnunuq”.
Dekabrın 17-də Moskvada 40 yaşlı jurnalist Yekaterina Duntsovanın Rusiya prezidentliyinə namizədliyinin irəli sürülməsini dəstəkləyən təşəbbüs qrupunun iclası keçirilib. Bu barədə xanım Duntsovanın özü teleqramda məlumat verib. Onun sözlərinə görə, iclasda 700-dən çox tərəfdar iştirak edib və son nəticədə təşəbbüs qrupuna 522 nəfər daxil edilib. Duntsova qeyd edib ki, bazar ertəsi onun qərargahı sənədlər paketini hazırlayacaq və çərşənbə axşamı Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyasına təqdim edəcək. Komissiya namizədliyini təsdiq edəcəyi təqdirdə Yekaterina Duntsova 300 min seçici imzasını toplamağa başlayacaq. Bundan başqa, Rusiyanın hakim Vahid Rusiya Partiyasının XXI qurultayı keçirilib. Qurultayda Prezident Vladimir Putin də iştirak edib. Vahid Rusiya Partiyasının qurultayı prezident seçkilərində Putinin namizədliyini yekdilliklə dəstəkləyib. Qurultayda çıxış edən Vahid Rusiya Partiyasının sədri Dmitri Medevdev Putinin Rusiya Federasiyasında keçirilən prezident seçkilərində qalib gəlməsi üçün hər şeyi edəcəyini söyləyib: "Bu gün bizim bu çox çətin dövrdə Rusiyaya kimin rəhbərlik etməli olduğuna dair zərrə qədər də şübhəmiz yoxdur. Bu, arxasında tarixi həqiqəti, ədaləti və çoxluğun dəstəyini daşıyan şəxsdir".
Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Ersin Tatar Ankarada səfərdədir. O, Dolmabahçe sarayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüşün gündəliyi açıqlanmayıb. Türkiyə Vitse-prezidenti Cevdet Yılmaz və ŞKTR Baş naziri Ünal Üstelin də görüşdə iştirak etdiyi bildirilir.