Modern.az

Teleməkandakı problemlərdən pay qoparanlar… - Efiri bu günə siz salmadınızmı, Kamran Həsənli?

Teleməkandakı problemlərdən pay qoparanlar… - Efiri bu günə siz salmadınızmı, Kamran Həsənli?

Aktual

18 Dekabr 2023, 13:16

Bir zamanlar informasiyanın əldə edilməsində və yayılmasında yalnız qəzet və jurnallarla rəqabət aparan televizyaların artıq yeni və daha güclü rəqibləri ortaya çıxıb. Söhbət sosial şəbəkələr, internet saytlarından, eləcə də yutub kanallarından gedir. Onlar daha operativ, daha əlçatan olduğu üçün TV kanallarından xeyli önə keçiblər. 

 

Bu günlərdə Azərbaycandakı televiziyaları tənqid etmək dəbdədir. Ölkəmizdə fəaliyyət göstərən bir çox telekanalın vəziyyəti həqiqətən ürəkaçan deyil. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri var. Obyektiv səbəbi artıq yuxarıda qeyd etdik…

 

Həqiqətən, Azərbaycandakı televiziyaların tənqid ediləsi tərəfləri hədiddən artıq çoxdur. Bir çox TV kanalı müasir zamanla ayaqlaşa, informasiya çağındakı yenilikləri televizyalara tətbiq edə bilmirlər. Həm texniki, həm də peşəkarlıq cəhətdən çatışmazlıq mövcuddur. Bunu heç kim, hətta TV kanallarının rəhbərləri də gizlətmir və zaman-zaman gündəmə gətirirlər. Bundan çıxış yollarını da axtarırlar.

 

Bir neçə gün əvvəl “İctimai TV”nin efirində də bu mövzu müzakirə edilib və ekspertlər, aparıcılar problemlərdən danışıblar. Çıxış edənlərdən biri də aparıcı Kamran Həsənli idi. O, TV-lərin vəziyyəti barədə həyəcanlı, ittihamlarla dolu çıxış etdi.

 

Kamran Həsənlinin “bəlağətli çıxışı”nı, yəqin ki, bir çoxları izləyib. Ancaq ilk baxışdan sözlərində “dərin məna” olduğu hiss edilən aparıcı, bəlkə də, Azərbaycan efirində TV-lərdəki vəziyyəti tənqid edəcək ən sonuncu adamdır…

 

Azərbaycanda TV-lərin populyarlaşması və daha geniş kütləyə müraciət etməsi XXI əsrin əvvələrinə təsadüf edir. Kamran Həsənli də həmin dövrdə ekranlara çıxan aparıcı və şoumenlərdən biridir. Azərbaycan kanallarına bayağılığı və yüngüllü gətirən adamın indi TV-ləri tənqid etməsi tarixin ironiyasıdır.

 

Kamran Həsənli reytinq xatirinə “Toylar kralı”, “Musiqili meydan” adlı bayağı proqramı ilə məşhurlaşan və heç bir dəyəri olmayan adamları “kral”, “kraliça” elan edərək efirlərə gətirən şəxs deyil? 


Yaxşı, bəs nə oldu ki, özünün teleməkana gətirdiyi bayağılığı indi tənqid edəsi oldu? Elədirsə, öncə özündən başlamalı deyildimi?


Çünki məhz onun da “məşhur” olduğu zamanlarda telekanalların təməl daşı qoyulurdu.

 

Heç kimə sirr deyil ki, hərşeyşünaslıq və populizm yaxşı reytinq qazandırır. Kamran Həsənli bu cərəyanın çox yaxşı nümunəsidir. Populizm xalqa şirin görünməkdir. Məşhur fikirlərin birində deyilir ki, populizmin alqışlarla böyüdüyü cəmiyyətlərdə insanlar nəticələrdə birləşib səbəblərdə ayrılırlar. Nəticə məlumdur, TV-lərdəki vəziyyət ürəkaçan deyil, ancaq səbəb nədir? 

 

Səbəblərdən biri, bəlkə də birincisi Kamran Həsənlinin teleməkana gətirdiyi formatlardır. Bir az da konkretləşdirsək, elə Kamran Həsənlilər efirdə toy etməklə telekanallara “toy” tutdular. Hazırda telemüstəvidə olan bütün xəstəliklər onların “məhsuludur”.

 

Populizm nə olduğunu deyib, niyə olduğunu deməməyə çalışanda başlayır. Məqsəd problemi aradan qaldırmaq yox, problemin populyarlığından pay qoparmaqdır. Bəli, gerçək odur ki, kütlənin sevəcəyi əsər yaratmaq ticarətdir.…


Və indi Kamran Həsənli unutmamalıdır ki, nə qədər “siyasət”dən danışsa da, nə qədər özünü ağıllı göstərməyə zorlasa da tamaşaçılar ona əvvəlki ampulasndakı kimi baxır.

 

İnanın, fürsət verilsə, Kamran müəllim “Toylar kralı”, “Musiqili meydan” kimi insanları şikəst edən verilişlərini bəh-bəhlə davam etdirər.


Nə isə...


Danışığına bərəkət, Kamran Həsənli...

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza