Tibbi tullantılarla bağlı xəstəxanaların monitorinq planı hazırlanıb. Bundan sonra tibbi tullantılarla bağlı 70 tibb müəssisəsində monitorinqlər davam edəcək.
Modern.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov parlamentdə “Tibbi tullantıların idarə olunması” mövzusunda keçirilən ictimai dinləmədə məlumat verib.
O qeyd edib ki, marifləndirmə işləri gücləndiriləcək, tədbirlər çərçivəsində ilkin mərhələdə 3000-ə yaxın tibb müəssisəsinə məlumat xarakterli posterlər yerləşdiriləcək:
"Tibbi tullantıların müəssisə daxilində zərərsizləşdirilməsi ilə bağlı xüsusi otaqlar ayrılsa da, müəyyən tələblərə uyğun həyata keçirilmir. Hətta bəzən tullantılar açıq şəkildə saxlanılır, yaxud xüsusi torbalar olsa da, bəzən çeşidlənmədə problem olur. Həmçinin tullantıların yaranma həcmində 2-3 dəfə artım qeydə alınıb. Eyni zaamnda regionlarda hələ də tibbi tullantılar məişət tullantıları ilə birlikdə basdırılır. Bu da ciddi məsələdir”.