Erkən nikaha qarşı müvafiq qurumların gördüyü işlər yetərsizdir. Sabirabadda 12 yaşlı uşağın 32 yaşlı kişi ilə nişanlanması bunun bariz nümunəsi oldu. Cəmiyyətdə böyük narahatlıq doğuran bu hadisə uşaq hüquqlarının pozuntusudur. Və buna görə həmin uşağın valideyinləri, onu erkən nikaha, cinsi istismara itələyənlər sərt şəkildə cəzalandırılmalıdır.
Modern.az xəbər verir ki, bunu Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva bildirib.
O qeyd edib ki, erkən nikah, xüsusən də yetkinlik yaşına çatmayanların evlilik üçün razılığının alınması qəbuledilməzdir:
"İllərdir müvafiq dövlət qurumları və ictimai təşkilatlar erkən nikaha qarşı mübarizə tədbirləri görürlər, maarifləndirmə işləri aparırılar. Amma Sabirabadda baş verən hadisə göstərir ki, bu sahədə hələ çox işlər görülməlidir. Cəmiyyətdə erkən nikahın cinayət hadisəsi, cinsi zorakılıq və istismar olduğunu hələ dərk etməyən valideyinlər var və bu, çox təhlükəlidir. Bu, bəzi regionlarda qız uşaqlarının erkən nikah təhlükəsi ilə üz-üzə qaldığını təsdiqləyir. Valideyinlər anlamalıdır ki, erkən nikah uşağın sağlamlığını risk altına alır, fiziki və əqli inkişafını ləngidir, təhsildən kənarda qoyur və onların məişət zorakılığının qurbanına çevirilməsinə yol açır. Uşaqlıq insanın həyatında qiymətli və həssas bir mərhələdir - arzuların həyata keçdiyi, təhsilin ardınca getdiyi və perspektivli gələcəyin təməlinin qoyulduğu bir dövrdür. Cəmiyyətdə uşaqların bu əsas hüquqdan məhrum edildiyini və bunun əvəzinə erkən nikah razılaşması ilə onun gələcəyinin təhlükə altına düşdüyünü görmək vətəndaş cəmiyyətinin üzvü, Uşaq İnkişaf Mərkəzi olaraq bizi sarsıdır. Biz tərəqqiyə, təhsilə və övladlarımızın rifahına dəyər verən bir cəmiyyət olaraq bu cür təcrübələrə göz yummamalıyıq. Qəbul etməliyik ki, uşaqlar onların inkişafına, təhsilinə və müdafiəsinə kömək edən mühitdə böyümək hüququna malikdirlər. Erkən nikah halları gələcək nəsillər üçün də potensial təhlükədir.
12 yaşlı qızın 32 yaşlı kişi ilə nişanlanması uşaqların müdafiəsinin gücləndirilməsi, hüquqi islahatların, erkən nikahın zərərli təsirləri haqqında maarifləndirmə işlərinin genişləndirilməsi zərurətini ortaya qoyur. Hökumət, qeyri-hökumət təşkilatları bu cür halların qarşısını almaq, uşaqları istismardan qorumaq üçün səylərini birləşdirərək, əlavə tədbirlər görməlidir. Bununla bağlı mediada, televiziyalarda ictimai diskussiyalar aparılmalıdır. Regionlarda belə ailələrlə intensv görüşlər keçirilməlidir. Erkən nikahlar çox vaxt gender bərabərsizliyinin nəticəsidir, qızlar oğlanlara nisbətən daha gənc yaşda ailə qurmağa sövq edilir. Uşaqların təhlükəsizliyini və hüquqlarını təmin etmək üçün müvafiq beynəlxalq təşkilatların yerli nümayəndəlikləri də bu məsələyə diqqətini artırmalıdır. Nəhayət, uşaq hüquqlarının müdafiəsi gücləndirilərək erkən nikahlara son qoyulmaldır. Ona görə də hər kəsi erkən nikah probleminin həlli üçün əl-ələ verməyə çağırıram. Gəlin, birlikdə öz sözünü deyə bilməyənlərin səsi olaq və uşaqların erkən nikah uçurumuna yuvarlanmasının qarşısını alaq, onların öz potensialını inkişaf etdirə biləcəyi bir gələcək qurmağa çalışaq. Valideyinlər, qızlarınızı gücləndirin, onlara təhsil verin, bilik və bacarıqlarını inkişaf etdirin. Gənc qızlarda özünə hörmət və inam hissi aşılayın. Cehizlərə yox, qızlarınızın inkişafına investisiya edin".