Modern.az

Suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaq

Suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaq

3 Yanvar 2024, 19:52

Ölkəmizin iqtisadi imkanları fonunda bütün sahələrdə uğurlu addımlar müşahidə olunmaqdadır. İqtisadi müstəqilliyimizin təmin edilməsi isə ölkəmizin siyasi mövqeyinin möhkəmləndirilməsini şərtləndirən amil kimi qürur doğurur. Suverenliyimizin qarantı olan Azərbaycan Ordusu 2020-ci ildə Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi tarixi Zəfəri ötən il tamamladı. 2023-cü il sentyabrın 19-da başladılmış və cəmi 23 saat davam edən antiterror tədbiri Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələndi. Bu Zəfər ölkəmizin bütün sahələrdə qazandığı uğurların təqdimatı oldu. Prezident İlham Əliyev 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində ötən ilin ölkəmizin həyatında ən önəmli hadisənin respublikamızın suverenliyinin bərpası olduğunu diqqətə çatdırmaqla Azərbaycan xalqının bu tarixi hadisəni heç vaxt unutmayacağını, həmin günün yaddaşımızda əbədi qalacağını qeyd etdi.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.

 

K.Bayramov qeyd edib ki, oktyabrın 15-də dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə Azərbaycan Bayrağını ucaltdı. Zəfərimizin üçüncü ildönümündə - 8 noyabr tarixində Xankəndi şəhərində hərbi parad keçirildi. Tariximizə yazılan zəfər səhifələri bunlarla bitmədi. Dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları qarşılaşdı. Dövlət başçısı İlham Əliyev oyundan əvvəl stadiondakı çıxışında bildirdi ki, bu futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır. Bu kəndin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır. Əfsuslar olsun ki, 30 il ərzində bu şəhərdə separatçılar yuva salmışdılar. Bu şəhər separatizmin rəmzinə çevrilmişdi. Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri bizik, Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq.

 

Deputat diqqətə çatdırıb ki, sevindirici haldır ki, bu gün Azərbaycanda və dünyada yaşayan hər bir azərbaycanlı haqlı olaraq qürur hissi keçirir.

 

İnamla deyə bilərik ki, dünyanın müxtəlif ölkələrində yaşayan, ürəklərində Azərbaycan amalını daşıyan həmvətənlərimiz də 44 günlük müharibədə Milli Ordumuza kömək etdi, düşmənlə informasiya cəbhəsində döyüşdü. Müxtəlif ölkələrdə təşkil olunan tədbirlərdə, xarici mediadakı çıxışlarda Azərbaycan həqiqətləri, keçmiş Qarabağ münaqişəsi, Ermənistanın ballistik raket hücumları ilə dinc mülki əhaliyə qarşı terror aktları mütəmadi olaraq soydaşlarımız tərəfindən dünya ictimaiyyətinə çatdırıldı. Bu, əslində, böyük Heydər Əliyevin əsasını yaratdığı, Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilən dünya azərbaycanlıları birliyinin milli maraqlar ətrafında böyük qələbəsi idi. Çox qürurverici haldır ki, bu il xalqımız Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü möhtəşəm nailiyyətlər fonunda qeyd edir. Ölkəmizin suverenliyinin təmin olunması, müqəddəs üçrəngli bayrağımızın ölkəmizin bütün ərazilərində dalğalanması dünya Azərbaycanlılarını qürurlandırır.

 

K.Bayramov vurğulayıb ki, hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. 2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar. İl ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar. Sıfırdan başlayaraq yeni şəhərlər və kəndlər inşa edilir. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən, 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər Böyük Qayıdış Proqramı çərçivəsində öz dədə-baba yurdlarına dönürlər. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq. Artıq, Laçın və Füzuli şəhərlərinə, Zabux kəndinə soydaşlarımız mərhələ-mərhələ qayıdırlar. Bərpa-quruculuq işlərində dost ölkələrin dəstəyi dövlətimiz tərəfindən yüksək dəyərləndirilir. 2023-cü ilin avqust ayında Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin açılışı oldu. Qazaxıstanın hədiyyəsi - Kurmanqazı adına yaradıcılıq mərkəzi hazırda Füzulidə inşa edilir. İşğaldan azad edilmiş ərazilərimiz müasir idarəçilik sisteminin tətbiqi ilə də diqqəti cəlb etməkdədir. Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət”, DOST mərkəzlərinin bu ərazilərimizdə də yaradılmasına prioritet məsələ kimi xüsusi diqqət yetirilir. Bəzi yerlərdə mərkəzlər üçün binanın tikinti işləri davam etdirilir. Bəzilərində isə planlaşdırılır. Şuşa şəhərində “ASAN xidmət” mərkəzinin binasının tikintisi sürətlə aparılır və işlər yekunlaşma mərhələsindədir. Ağdam, Cəbrayıl və digər ərazilərdə də “ASAN xidmət” mərkəzləri üçün binaların tikilməsi ilə bağlı işlər planlaşdırılır. Bu inkişaf dinamikası yalnız işğaldan azad edilmiş ərazilərimizin bərpası ilə məhdudlaşmır. Ümumilikdə bütün regionlarımız sağlam rəqabət mühitində inkişaf, tərəqqi dövrünü yaşayır. Dövlətimizin başçısının regionlara səfərləri və səfərlərdən sonra həmin rayonların sosial-iqtisadi inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalaması, Prezidentin Ehtiyat Fondundan vəsaitlər ayrılması bu inkişafın sürətləndirilməsində əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərindən bəhs edərkən bildirir ki, bu, ölkənin qalan hissəsini diqqətdən kənar qoymağımız anlamına gəlmir: “Uzun illər ərzində biz ölkənin qalan hissəsinə artıq milyardlarla manat investisiya yatırmış və əksər infrastruktur layihələrini başa çatdırmışıq. Lakin, hazırda Qarabağ bizim əsas prioritetimizdir. Bölgənin özü və ən əhəmiyyətlisi, evlərinə dönməyi gözləyən insanlardır.”

 

K.Bayramov əlavə edib ki, ölkəmiz BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi edəcək. Bu, bizə dünya ictimaiyyəti tərəfindən göstərilən etimadın göstəricisidir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi Azərbaycanın beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə töhfələrinin təqdimatıdır. Sərəncamda da vurğulandığı kimi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də, ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!