Modern.az

Azərbaycanda vahid qəbir sistemi yaradılacaq

Azərbaycanda vahid qəbir sistemi yaradılacaq

Ölkə

18 Yanvar 2024, 12:36

Azərbaycanda vahid qəbir sisteminin yaradılması məsələsi uzun müddət Milli Məclisdə müzakirə olunub. Daha sonra bu barədə qərarın Nazirlər Kabineti tərəfindən verilməsi təklif edilib və hökumət bununla bağlı “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” adlı sənəd qəbul edilib.

 

Beləliklə, ölkədə qəbir yerləri Nazirlər Kabinetinin qərarı əsasında yaradılmalıdır. Qərara əsasən, dəfn üçün hər bir qəbir üzrə 5 kvadratmetr sahə ayrılır. Qəbirlərarası orta məsafə uzun tərəflər üzrə 1 metr, qısa tərəflər üzrə 0,5 metr nəzərdə tutulmalıdır. Ölmüş şəxsin dini qaydalara və yerli şəraitə uyğun olmaqla dəfn edilməsi üçün qəbir yerinin uzunluğu 2 metr, eni 1 metr, dərinliyi 1,4 metr müəyyənləşdirilir.

 

Qəbir yeri qazıldıqda, qəbrin dibi qrunt sularının axın səviyyəsindən 0,5 metrdən az olmayan hündürlükdə olmalıdır. Dəfndən sonra qəbrin üzərinə 0,5 metr hündürlükdə torpaq tökülür. Qəbirüstü tikililər dəfn edilmiş şəxsin qohumları, qanuni nümayəndələri, dəfnlə bağlı xərcləri çəkmiş digər şəxslər tərəfindən quraşdırılır. Dəfn edilmiş şəxsin qohumları, qanuni nümayəndələri, dəfnlə bağlı xərcləri çəkmiş digər şəxslər tərəfindən qəbirüstü tikililər quraşdırılarkən, ölmüş şəxsin dini mənsubiyyəti nəzərə alınır, soyadı, adı, atasının adı, doğum, ölüm tarixləri qəbirüstü tikililərdə qeyd olunur.

 

İnzibati Xətalar Məcəlləsinin — 516-1 (Qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulması) maddəsinə görə, dəfn barədə məlumatın dəfnlərin vahid reyestrində yerləşdirilməməsinə, vaxtında yerləşdirilməməsinə görə vəzifəli şəxslər 100 manatdan 300 manatadək məbləğdə cərimə edilirlər.

 

Qəbiristanlıqların qorunması tələblərinin, habelə dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normalarının pozulmasına görə fiziki şəxslər 20 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə olunacaqlar.

 

Ancaq bu gün qəbiristanlıqlarda tam xaos hökm sürür. Qəbirlər arasında məsafə düzgün müəyyənləşdirilməyib, geniş qəbirlər, onlar üçün abidələr yaradılır. Bu yaxınlarda qəbiristanlıqlarla bağlı bütün məsələlərin bələdiyyələrə verilməsi təklif edilib.

 

Milli Məclisin regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Modern.az-a bildirib ki, gələcəkdə vahid qəbir sitemi ilə bağlı görüləcək işlər çoxdur.

 

"Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 yanvar tarixli 1789 nömrəli Fərmanının 3-cü hissəsinə əsasən Nazirlər Kabinetinin “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” haqqında qərarı var. Burada göstərilir ki, xüsusi qəbir sistemi yaradılmalıdır. Eyni zamanda salınan qəbiristanlıqlar yaşayış massivlərindən, su hövzələrindən 300 metrə yaxın uzaqlıqda salınmalıdır”, - o deyir.

 

Deputatın sözlərinə görə, gələcəkdə Şəhidlər Xiyabanı və Fəxri Xiyaban istisna olmaqla bütün qəbiristanlıqlar eyni forma əsasında qurulacaq.

 

"Bu prosesin davamı olaraq qəbirlər nömrələnəcək. Bununla da insanlar yaxınlarının qəbirlərini xüsusi nömrə kitabları vasitəsi ilə rahat şəkildə tapa biləcəklər. Bununla bərabər indiki kimi bu ərazidə böyük yer alıb saxlamaq olmayacaq. Belə ki, ər-arvaddan başqa orada yer götürüb saxlamaq mümkün olmayacaq. Daha asan olsun deyə yas mərasim evlərinin də bu qəbiristanlıqların yanında salınması planlaşdırılır”, - komitə sədri vurğulayıb.

 

Siyavuş Novruzov qərarın indi niyə tətbiq olunmamasına da aydınlıq gətirib:

 

“Hazırda olanların hamısı köhnə qəbiristanlıqlardır. Bu məsələlərin hamısı bələdiyyələrin tabeçiliyində olmalıdır. Amma hazırda qəbiristanlıqlar müxtəlif balanslıdır. Azərbaycanda isə özəl qəbiristanlıqlar nəzərdə tutulmayıb. Bu bizim qanunvericilikdə də nəzərdə tutulmayıb. Həmçinin qiymətlər elə tənzimlənməlidir ki, hər kəsin gücü çatsın”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu