Təəssüf ki, ABŞ Azərbaycandakı dini duruma öz qərəzli münasibətini növbəti dəfə ortaya qoyub. Baxmayaraq ki, 30 il əzində Qarabağda bütün məscidlərimiz, kilsələrimiz erməni vandalları tərəfindən barbarcasına dağıdıldı, içərisində donuz və inək saxlanıldı. Bugünədək ABŞ buna heç bir reaksiya vermədi.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov ABŞ Dövlət Departamentinin Azərbaycandakı dini durumla bağlı hesabatındakı qərəzli münasibətdən danışarkən deyib.
“Qarabağdakı alban kilsələri, xristian məbədləri dağıdıldı və buna da heç bir reaksiya olmadı. Qarabağda erməni abidələrinə gəldikdə isə bunların hamısı Azərbaycan tərəfindən qorunur. Yəni bir dənə də olsun fakt göstərilə bilməz ki, hansısa tarixi abidəni Azərbaycan Ordusu dağıdıb”, - deputat vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanda dini azadlıqlarla bağlı heç bir problem mövcud deyil:
“Amerika rəsmilərinin hesabatı heç bir real fakta, sübuta əsaslanmır. Azərbaycanda bütün dini azlıqlara, fərqli dinlərə, məzhəb və təriqətlərə bərabər formada, daha yüksək imkanlar yaradılır.
Ölkəmizdə bütün dinlərə aid abidələr qorunur, dövlət büdcəsindən yardımlar ayrılır. Eyni istiqamətdə işlər bu gün Qarabağda da görülür. Narahatlıq üçün heç bir əsas yoxdur. Ona görə də ABŞ-nin qərəzli, yalan hesabatı Azərbaycan ictimaiyyəti tərəfindən qəbul edilmir. Yanaşma ədalətli olmalı, real faktlara əsaslanmalı idi”.