Tarixçi alim Qiyasəddin Qeybullayev "Qədim Türklər və Ermənistan" adlı kitabında hayların Qarabağ və Ermənistan ərazisində məskunlaşması tarixini, həmçinin haylardan öncə oradakı toponimlərin türk mənşəli olmasını tarixi mənbələrə istinad edərək sübuta yetirir. Əlavə olaraq qeyd edir ki, "erməni" sözü ermənicə deyil, çünki onların etnik adı "hay"dır. "Erməni" etnonimi mənşəcə qədim farslar və yunanlar tərəfindən Urartu dövlətinin "Arme" adlı əyalətinin adamlarına verilmiş və sonralar haylara şamil edilmiş,kənardan verilmə addır. Haylar Ermənistan ərazisinə türklərdən sonra gəlmişlər. Ermənistan ərazisində Urartu mənbələrində qeyd olunmuş coğrafi adlar, hətta V-X əsrlərin erməni mənbələrində göstərilən və indi də mövcud olan yer adlarının əksəriyyətinin ermənicə olmaması bu fikrin doğruluğunu isbat edir. Moysey Xorenskinin"Ermənistan tarixi" əsərində adı çəkilən Araqats dağının türkmənşəli Alagöz adından erməni dilində [l] səsinin [r],[z] səsinin [s] səsi ilə əvəzlənməsi nəticəsinin formasıdır. Qeyd etmək lazımdır ki, keçən əsrin Şərur, Dərələyəz qəzasında və Eçmiədzin mahalında Alagöz adlı çay, Alagöz adlı şəhər xarabalığı mövcud idi. Alagöz dağının ayrı-ayrı hissələrinin adları da Azərbaycan türkcəsində idi: Çınqıl, Ziyarət, Qaradağ, Qıpçaq, Qaranluq, Təkərli gölü və s. Bu onu göstərir ki, Ermənistan qədim zamanlardan azərbaycanlıların yaylaq yerləri idi.
Birakn dağı adı türkcə "Mingöl", türk mənşəli bin (min) sözündəki "n" səsi "r" səsinə çevrilmiş,göl sözü isə erməni dilindəki "akn" (bulaq, su mənbəyi) sözü ilə əvəz edilmişdir. "Ararat" toponimi də Urartu dövlətinin Bibliyada yazılış formasıdır və erməni dilinə xristianlığın qəbul olunması ilə keçmişdir.Bu qaydada Tondrak və Pəmbək dağları da, həmçinin türk toponimlərinin yansıtmalarıdır.
Müəllif erkən və orta dövr tarixi də daxil olmaqla 19-cu əsrin əvvəlləri və 20-ci əsr ermənilərin məskunlaşdırılması, həmçinin gəlmə ermənilərin məskunlaşdığı ərazilərin adlarının Azərbaycan türkçəsi ilə olması haqqında lazımi məlumatları qeyd edib. Hazırda Ermənistan ərazisində azərbaycanlı yaşamır. Ermənilər onların yaşadığı ərazilərin hamısının adlarını dəyişdirmişlər. Külli miqdarda müxtəlif tarixi dövrlərdə yaranmış coğrafi adlar dəyişdirilmişdir.
Demək olar ki,müəllif bütün şəhərlər və kəndlərlə bağlı adları öz kitabında yazıb. Sual olaraq da qeyd edir ki, adları azərbaycanca olan bu ərazilərdə ermənilər nə vaxtdan yerləşdilər?
1828-ci ildə İrandan köçüb gəlmiş ermənilərin müəyyən hissəsi İrəvan əyalətində yerləşdirilmişdi.Həmin ilin 3 ayı müddətində 8 min erməni Qarabağda, Naxçıvanda və İrəvan əyalətində yerləşdirilmişdi. 1830-cu ildə Türkiyənin Ərzurum və Bəyazid paşalıqlarından köçüb gəlmiş 45 min nəfər erməni əsasən Göyçə mahalında və Qəmridə məskunlaşmışdı. 1831-ci ildə İrəvan əyalətində 50 min nəfər azərbaycanlı,20,1 min nəfər yerli erməni və 45,2 min gəlmə erməni var idi. 1915-ci ildə rus ordusu ilə Türkiyədən gələn 200 min nəfər erməni də Cənubi Qafqazın müxtəlif yerlərində və o cümlədən İrəvan quberniyasında yerləşdirildi. Bununla bərabər Ermənistanda 2310 kəndin 1500-dən çoxu azərbaycanlılara məxsus idi .
Deyilənlərdən belə nəticəyə gəlirik ki, Ermənistan azərbaycanlılarının bir hissəsi yerli türklərdir. Həmin türklər Urartu dövləti vaxtında(e.ə IX-VII əsrlər) indiki Ermənistan ərazisində məskun idilər .
İndiki Ermənistan ərazisi Rusiya cənubi Qafqazı işğal edənədək 15 mahaldan ibarət İrəvan xanlığının ərazisi idi. Rusiyaya birləşdirildikdən sonra xanlığın tərtib edilmiş inzibati bölgüsü haqqındakı məlumat 1832-ci ildə çap olunmuşdur. Xanlığın əhalisinin böyük əksəriyyətini azərbaycanlılar təşkil edirdi. İrəvan şəhərində yaşayan 41417 nəfərdən 17286 nəfəri müsəlman idi. İrəvan xanlığına daxil olan mahalların adları və hər mahala məxsus kəndlərin sayı belə idi:
1.Qırxbulaq mahalı-22 kənd;
2.Zəngibasar mahalı-26 kənd;
3.Qarnibasar mahalı-52 kənd;
4.Vedibasar mahalı-21 kənd;
5.Şərur mahalı-50 kənd;
6.Sürməli mahalı-49 kənd;
7.Dərəkənd-Parçenis mahalı-55 kənd;
8.Saadlı mahalı-9 kənd;
9.Talin mahalı-20 kənd;
10.Seyidli-Ağsaqlı mahalı-20 kənd;
11.Sərdarabad mahalı-22 kənd;
12.Kərbibasar mahalı-40 kənd;
13.Aparan mahalı-39 kənd;
14.Dərəçiçək mahalı-37 kənd;
15.Göyçə mahalı-59 kənd.
İrəvan xanlığında 522 kənd var idi. Kəndlərin siyahısı İrəvan xanlığının Rusiyaya birləşdirilməsindən əvvələ aid olub və müəllif hər birini adbaad qeyd edib. Kəndlərin adlarının hamısı, demək olar ki, türkcə idi və şübhəsiz, əhalisi də azərbaycanlı idi. 1828-1830 cu illərdə ermənilərin İrandan və Türkiyədən gəlməsi ilə azərbaycanlı kəndləri boşaldılmağa başlanıldı. Bu tarix azərbaycanlıların Ermənistandan qovulmasının başlanğıc tarixidir.