Bir neçə gün İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) İraqın şimalında yerləşən Kürdüstan bölgəsinə zərbələr endirib. SEPAH İsrailin "casus qərargahına" hücum etdiyini iddia edib.
İraq Kürdüstan Vilayətinin Baş naziri Məsrur Bərzani Ərbilə hücumin “kürd xalqına qarşı cinayət” olduğunu deyib. Kürdüstan hökumətinin təhlükəsizlik şurası hücumu “cinayət” kimi qiymətləndirib, Ərbilə endirilən zərbələr nəticəsində ən azı 4 mülki vətəndaşın öldüyünü, 6-nın isə yaralandığını bildirib. İraq təhlükəsizlik və tibb mənbələri bildiriblər ki, milyonçu kürd iş adamı Peşrav Dizayi və onun ailəsinin bir neçə üzvü həlak olanlar arasındadır.
ABŞ Dövlət Departamenti Ərbil yaxınlığındakı hücumları pisləyib, onları “ehtiyatsızlıq” adlandırıb. Rəsmilər ABŞ obyektlərinin hədəf alınmadığını və ABŞ-dan itkilərin olmadığını bildirib. "Biz vəziyyəti qiymətləndirməyə davam edəcəyik, lakin ilkin əlamətlər bunun ehtiyatsız və qeyri-dəqiq zərbələr toplusu olduğunu göstərir. ABŞ İraqın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir", - Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrien Uatson deyib.
Zərbələrdən sonra İraq Kürdüstan regionunun Baş naziri Məsrur Bərzani İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianla görüşünü ləğv edib.
Hücumla bağlı İraq Kürdüstan Regionu hökumətinin Etnik Azlıqların İşləri üzrə naziri Aydın Maruf Səlim Modern.az-a özəl açıqlamasında bildirib ki, bu, birinci hücum deyil, əvvəllər də olub:
“İranın İraq Kürdüstanının paytaxtı Ərbilə hücumu ilk dəfə olaraq baş vermir. Artıq insanlar bu hücumlara öyrəşib. Bildirim ki, ötən il ərzində İran üç dəfə Ərbilə raket hücum edib. Hücum nəticəsində həyatını itirən və yaralananlar var. Ölənlərdən biri Ərbilin tanınmış iş adamlarından olub. Elə onun bir yaşlı övladı da hücumun qurbanı olub. Digər ailə üzvləri isə yaralanıb. Yaralananların hazırda vəziyyətləri normaldır, onlar İraqda müalicə alırlar”.
Nazir bildirib ki, bu hücum siyasi təzyiq məqsədilə olub:
“Onlar bilərəkdən mülki əhalini hədəfə alıblar. Bu il ilk hücum olsa da, növbəti hücumlar da gözlənillir. Bu hücumlara İraq hökuməti son qoymalıdır. Onlar İranla danışıqlara başlamalıdırlar. Bəzi şeyləri bəhanə edərək hücum həyata keçirmək olmaz. Bu kimi hücumlar qəbuledilməzdir. Siyasi səbəblərə görə heç bir günahı olmayan mülki şəxslər ölməli deyil”.