Modern.az

Azərbaycan Avropa Şurasına nə zaman üzv olub? - 32 il öncədən başlayan TARİX

Azərbaycan Avropa Şurasına nə zaman üzv olub? - 32 il öncədən başlayan TARİX

Aktual

25 Yanvar 2024, 11:10

Xəbər verdiyimiz kimi, dünən yanvarın 24-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməmək barədə qətnamə qəbul edib. Qətnamənin səsverməsində Azərbaycanın əleyhinə 76, lehinə 10 deputat səs verib, 4 nəfər bitərəf qalıb. 16 deputat isə səsvermədə iştirak etməyib.

Qeyd edək ki, hələ sözügedən qətnamənin səsverməsindən əvvəl Azərbaycanın nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını dayandırdığını bəyan etmişdi.

Bəs Azərbaycan Respublikası Avropa Şurasına nə zaman tamhüquqlu üzv qəbul olunmuşdu?

Maraqlıdır ki, Azərbaycan ilə Avropa Şurası arasında əlaqələr də ilk dəfə məhz 24 yanvar tarixində - 1992-ci ildə qurulub.

Modern.az-ın məlumatına görə, 1992-ci il yanvarın 24-də Azərbaycan parlamenti “xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün Avropa Şurasına müraciət edib. 1996-cı il martın 17-18-də Azərbaycan Avropa Şurasının Qanun vasitəsilə Demokratiya üzrə Avropa Komissiyasına üzv qəbul olunub.


1996-cı il iyunun 28-də AŞPA Bürosu Azərbaycana “xüsusi dəvət edilmiş qonaq” statusunun verilməsi barədə qərar qəbul edib. Həmin il iyulun 13-də isə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Avropa Şurası baş katibinin adına məktub göndərərək Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirib.


1997-ci il oktyabrın 10-11-də Azərbaycan Prezidenti Heydər Əliyev Avropa Şurası üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Strasburqda keçirilən ikinci Zirvə toplantısında iştirak edib, Avropa Şurasının rəhbərliyi ilə Azərbaycanda demokratik proseslərin gedişi, ölkəmizin Avropa strukturları ilə əlaqələri barədə fikir mübadiləsi aparıb, Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycanın mövqeyini açıqlayıb.


1998-ci il yanvarın 20-də Prezident Heydər Əliyev “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında”, 1999-cu il oktyabrın 21-də “Avropa Şurasında Azərbaycan Respublikasının təmsilçiliyinin təşkilati təminatı haqqında” sərəncamlar verib.


2000-ci il iyunun 26–28-də AŞPA-nın növbəti sessiyasında Azərbaycan Respublikasının Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verilib. Avropa Şurası Nazirlər Komitəsinin 2000-ci il noyabrın 7-9-da keçirilən sessiyasında “Azərbaycanın Avropa Şurasına üzv olmağa dəvət edilməsi” adlı 14 saylı qətnamə qəbul edilib.
 

Nəhayət, 2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilib.
 

2001-ci il yanvarın 25-də Prezident Heydər Əliyevin iştirakı ilə Strasburqda Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi münasibətilə rəsmi mərasim keçirilib və qurumun binasının qarşısında dövlətimizin bayrağı ucaldılıb.
 

2001-ci il aprelin 24-27-də Avropa Şurası Parlament Assambleyasının plenar sessiyası keçirilib. Azərbaycan Respublikasının AŞPA-dakı nümayəndə heyəti İlham Əliyevin rəhbərliyi ilə ilk dəfə olaraq bu qurumun iclasında tamhüquqlu üzv kimi iştirak edib. Elə ilk sessiyadan başlayaraq Ermənistanın işğalçılıq siyasətinin nəticələri avropalıların diqqətinə çatdırılıb. Sessiyada 9 ölkə və AŞPA-da fəaliyyət göstərən 5 siyasi qrupu təmsil edən 29 nümayəndə tərəfindən imzalanmış “Ermənilər tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımının tanınması” adlı yazılı bəyanat və 14 ölkəni təmsil edən 20 nümayəndə tərəfindən imzalanmış “Ermənistan və Dağlıq Qarabağda saxlanılan müharibə əsirləri və girovları” adlı tövsiyə üçün təklif AŞPA-nın rəsmi sənədləri qismində yayılıb. Göstərilən sənədlərdə ermənilər tərəfindən Xocalı əhalisinin tamamilə qətlə yetirilməsi, Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi, Ermənistanda və işğal altındakı Azərbaycan torpaqlarında uşaqlar, qadınlar və yaşlılar da daxil olmaqla 783 azərbaycanlı girovun saxlanılması faktı və digər vacib məsələlər vurğulanıb.
 

2003-cü il yanvarın 27-də AŞPA Bürosunun iclasında Azərbaycan Respublikasının Assambleyadakı nümayəndə heyətinin rəhbəri İlham Əliyev Büronun üzvü və AŞPA-nın vitse-prezidenti seçilib.
 

Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv seçildikdən sonra bu qurumla əlaqələrin genişləndirilməsi istiqamətində önəmli addımlar atılıb. Əlaqələrin daha da dərinləşdirilməsi məqsədilə bir sıra qarşılıqlı səfərlər həyata keçirilib.


2004-cü il aprelin 28-29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Strasburqa səfəri çərçivəsində Avropa Şurasının bir sıra yüksək rütbəli nümayəndələri ilə görüşüb.

2005-ci il mayın 16-17-də Varşavada Avropa Şurasının üzvü olan dövlət və hökumət başçılarının III Zirvə toplantısı keçirilib. Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.


2011-ci il yanvarın 26-da Avropa Şurasının binasında ölkəmizin bu quruma üzvlüyünün 10 illiyi münasibətilə rəsmi qəbul keçirilib. Tədbirdə həm Azərbaycandan, həm də Avropa Şurasından yüksək vəzifəli şəxslər iştirak ediblər.


Azərbaycan Respublikası 2001-ci ildə Avropa Şurasına üzv olduqdan sonra ilk dəfə 2014-cü il mayın 14-dən altı aylıq dövr üçün təşkilatın Nazirlər Komitəsində sədrlik edib.

Azərbaycan Avropa Şurasına üzv olduğu müddətdə qurumun bir sıra önəmli sahələri əhatə edən sənədlərinin hazırlanmasının və qəbulunun iştirakçısı olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi