“Səhmdar Cəmiyyətin rəsmi saytının imitasiya olunmuş versiyasına istinad olunur, imic xarakterli videoçarxlar xüsusi proqramlar vasitəsilə kontekstdən çıxarılaraq, fişinq aləti kimi istifadə edilir”.
Modern.az xəbər verir ki, bunu “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov mətbuat konfransında deyib.
O bildirib ki, rəqəmsal risklərin geniş vüsət aldığı dövrdə nüfuzlu şirkətlərin, müxtəlif dövlət və özəl sahibkarlıq müəssisələrinin adından sosial media resurslarında saxta reklam kampaniyaları təşkil edilir:
“Belə ki, fişinq xarakterli hücumlar zamanı “AzerGold” sosial şəbəkə platformalarında müxtəlif “investisiya” layihələrinin təşkilatçısı kimi təqdim edilir, Səhmdar Cəmiyyətin rəsmi saytının imitasiya olunmuş versiyasına istinad olunur, imic xarakterli videoçarxlar xüsusi proqramlar vasitəsilə kontekstdən çıxarılaraq, fişinq aləti kimi istifadə edilir. Beləliklə, vətəndaşlar bu və ya digər dırnaqarası “layihə”dən faydalanmağa dəvət edilir.
Məqsəd vətəndaşların maliyyə xarakterli fərdi məlumatlarını əldə etmək, maliyyə vəsaitlərini mənimsəməkdir. Bütün bunlar nəzərə alınaraq, Səhmdar Cəmiyyətin fəaliyyəti ilə bağlı məlumatları şirkətin rəsmi informasiya resurslarından, həmçinin etibarlı mənbələrdən almağı, dələduzluq məqsədi daşıyan bu cür hallarla qarşılaşdıqda təqdim edilən keçidlərə daxil olmamağı, dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyə edirik”,- sədr qeyd edib.
Şəbnəm Zahir