Modern.az

Ordumuz müasir hərb sənətinin mövcud qaydalarını dəyişdi

Ordumuz müasir hərb sənətinin mövcud qaydalarını dəyişdi

30 Yanvar 2024, 17:00

Azərbaycan Ordusunun regionun və dünyanın ən güclü ordularından birinə çevrilməsi Prezident, Ali Baş Komandan İlham Əliyevin bu istiqamətdə hakimiyyətə gəldiyi ilk gündən həyata keçirdiyi siyasətin nəticəsidir.

 

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.

 

Deputat qeyd edib ki, Prezident İlham Əliyev güclü dövlət quruculuğu strategiyasını uğurla reallaşdıraraq, Azərbaycan Ordusunun ən müasir silah-sursat, hərbi texnika ilə təchiz edilməsi, döyüş qabiliyyətinin artırılması istiqamətində ardıcıl və sistemli tədbirlərin həyata keçirilməsinə nail oldu: "Ölkəmizin dünyanın müxtəlif ölkələri ilə hərbi sahədə əməkdaşlığı genişləndirildi, rəqabətədavamlı müdafiə sənayesi yaradıldı. 2016-cı ilin Aprel döyüşlərində torpaqlarımızı uzun illər boyu işğal altında saxlayan düşmən qarşısında tamamilə fərqli, yüksək döyüş qabiliyyətinə malik olan Azərbaycan ordusunu gördü. Azərbaycan Ordusunun gücü, hərbçilərimizin qürur doğuran vətənpərvərliyi, peşəkarlığı və qəhrəmanlığı işğalçıya ağır psixoloji zərbə vurmaqla, erməni hərbçiləri haqqında formalaşdırılmış “məğlubedilməzlik” mifini darmadağın etdi, Ermənistandakı daxili siyasi proseslərin əsasını və cəmiyyətin özgə torpaqların işğalı üzərində qurulmuş konsalidasiyasını təşkil edən bütün ideoloji faktorları sıradan çıxardı”.

 

Azər Kərimli vurğulayıb ki, Ali Baş Komandanın ordu quruculuğu prosesində müəyyənləşdirdiyi xətt təkcə Azərbaycan Ordusunun döyüş strategiyasını deyil, müasir hərb sənətində mövcud olan bütün qaydaları dəyişdi, Azərbaycan Silahlı Qüvvələrinin timsalında yeni əsrin müharibəsini aparmaq iqtidarında olan hərbi güc nümunəsini bütün dünyaya nümayiş etdirdi: "Məhz bu strategiya, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, əsgər və zabitlərimizin rəşadəti Vətən müharibəsindəki Böyük Zəfərimizin əsasını qoydu, düşmən tapdağında əzilən torpaqlarımızın işğaldan azad olunmasını təmin etdi, separatizmə son qoydu.

 

Bu gün Azərbaycan Ordusu dövlətimiz kimi tarixinin ən qüdrətli dövrünü yaşayır və əminəm ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasət nəticəsində daha da güclənəcək, regionda sülhün, əminamanlığın təminatçısı kimi daim öz yüksək döyüş qabiliyyətini qoruyub saxlayacaq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi