Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il dekabr ayının 7-də imzaladığı Sərəncama uyğun olaraq 2024-cü il fevral ayının 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək və bu seçkilərdə Azərbaycan xalqı müstəqillik tarixində ilk dəfə olaraq qalib ölkənin qalib vətəndaşları kimi səs verəcəklər.
“Zəfər seçkiləri” kimi yazılacaq növbədənkənar Prezident seçkiləri müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində keçiriləcək. Seçki qüruru uzun illərdən sonra Ağdərədə, Kəlbəcərdə, Laçında, Şuşada, Füzulidə, Ağdamda, Qubadlıda, Zəngilanda, Cəbrayılda, Xocalıda, Xocavənddə və Xankəndidə yaşanacaq.
Müasir tariximizə möhtəşəm 20 il kimi yazılan ötən dövrdə Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin inkişaf etdirərək yeni geosiyasi şərtlərə uyğunlaşdırdığı siyasət nəticəsində ölkəmiz misilsiz nailiyyətlərə imza atmışdır.
Cənab İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, milli maraqlara söykənən daxili və xarici siyasət nəticəsində ölkəmizin sürətli və dayanıqlı inkişafı təmin edilmiş, güclü iqtisadi potensial formalaşmış, müasir cəmiyyət quruculuğu, vətəndaşların rifahı, təhlükəsizlik və müasir ordu quruculuğu kimi məsələlər ən səmərəli qaydada həll edilmiş, respublikanın beynəlxalq nüfuzu və dünyada strateji əhəmiyyəti misilsiz dərəcədə artmışdır.
44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm zəfər və 1 günlük lokal antiterror tədbirləri nəticəsində 30 ildən artıq müddətdə Ermənistanın işğal altında saxladığı ərazilərimiz azad olundu, ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin edildi. Artıq üçrəngli bayrağımız Xankəndidə, Xocalıda, Xocavənddə, Əsgəranda, Ağdərədə dalğalanır.
İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası bu gün ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ən mühüm istiqamətlərini təşkil edir.
İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasını təmin edilməsi məqsədilə ölkəmizdə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmiş və hal-hazırda uğurla icra edilir.
Dövlət Proqramı həm də möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsi, əhalinin dayanıqlı məskunlaşması və davamlı iqtisadi aktivliyinin təmin olunması, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrənin yaradılması ilə bağlı iradəsinin ifadəsi və prosesin həyata keçirilməsinin praktiki planıdır.
Qalib xalqın Qalib Prezidenti, Müzəffər ordunun Ali Baş Komandanı, dünya azərbaycanlılarının Lideri cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan Respublikası qarşısında daha geniş üfüqlər açılmışdır.
Hər bir Azərbaycan vətəndaşının seçki hüququndan istifadə edərək 2024-cü il fevral ayının 7-də Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkilərində fəal iştirak edəcəyinə və Qalib xalqın Qalib Liderinə səs verməklə zəfərlərimizin davamlılığına dəstək olacağına əminik.
Hafis Əhməd oğlu Hacıyev
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)
“Maliyyə və mühasibat” fakültəsinin dekanı, i.e.n