Modern.az

Uğurlarımızın təminatçısı

Uğurlarımızın təminatçısı

Aktual

31 Yanvar 2024, 14:08

Ümumilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə ölkəmizin inkişafında yeni bir mərhələnin əsası qoyuldu. Onun rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Azərbaycan xalqının milli qüruru, vüqarı özünə qaytarıldı.

Onun fəaliyyətinin zirvəsində işğal altında olan torpaqlarımızın azad olunması, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə nəticələnən İkinci Qarabağ müharibəsi dayanır. 2023-cü ilin 19-20 sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağın dağlıq hissəsində yerləşən, 30 ildən çox bir müddətdə Azərbaycanın ərazi bütövlüyü üçün təhlükəyə çevrilən erməni seperatçı qüvvələrinin məhv edilməsi ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olundu.

Dünya hərb tarixində xüsusi yer tutan İkinci Qarabağ müharibəsindəki parlaq qələbə İlham Əliyevin daxili və xarici siyasətdə qazanmış olduğu uğurların məntiqi nəticəsi idi. Bu qələbə həm də İlham Əliyevin böyük sərkərdəlik qabiliyyətini üzə çıxardı. Qələbə rəşadətli ordumuzun zabit və əsgərlərinin qəhrəmanlığı, xalqla Prezidentin birliyi sayəsində reallığa çevrildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi iqtisadi inkişaf strategiyası ölkənin regionlarının davamlı və tarazlı inkişafının təmin olunmasını, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasını, eyni zamanda, regionların sosial-iqtisadi inkişafının yaxşılaşdırılması istiqamətində həyata keçirilən dövlət proqramları sayəsində şəhər, qəsəbə və kəndlərin simasının əsaslı şəkildə dəyişməsini təmin etdi.

Cəmiyyət həyatının bütün sahələrində həyata keçirilən tədbirlər Azərbaycanın beynəlxalq arenda mövqeyini möhkəmləndirdi. Azərbaycan bu gün dünyada bir çox transmilli layihələrin təşəbbüskarı və etibarlı tərəfdaşı kimi tanınır. Təsadüfi deyil ki, regionda reallaşdırılan beynəlxalq və irimiqyaslı layihələrin Azərbaycanın iştirakı olmadan, onun milli maraqları nəzərə alınmadan həyata keçirilməsi mümkün deyildir.

İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü təmin edilmiş, respublikanın sosial, iqtisadi və mədəni həyatında və ordu quruculuğu sahəsində böyük nəaliyyətlər əldə edilmişdir. Bütün bu nailiyyətlər Azərbaycan Prezidenti cənab İlham Əliyevin vətənə, xalqa və dövlətə misilsiz xidmətlərinin nəticəsində əldə olunmuşdur.


Nizami SÜLEYMANOV,
UNEC-in professoru, tarix elmləri doktoru

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi