Tarixin bütün dönəmlərində ölkələrin inkişafında gənclik xüsusi rol oynayıb, gənclər cəmiyyətin avanqard hissəsini təşkil edib. Müasirlik, novatorluq, dinamik inkişaf gənclərin adı ilə bağlıdır. Bəli, gənclik cəmiyyətin aparıcı qüvvəsidir, dövlətçilik üçün gərəkli olan bütün proseslərin önündə gedir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərə ünvanladığı fikirlər dövlətin gənclər siyasətinin mahiyyətinin ifadəsi kimi səslənir: "Gənclər, mən sizə inanıram, güvənirəm". Öz növbəsində Azərbaycan gəncləri də həmişə onlara dəstək olan, qayğı və problemlərinə diqqətlə yanaşan, maddi və mənəvi inkişaflarına stimul yaradan, yaradıcılıqlarını dəstəkləyən ölkə başçısına inanır, güvənir və qürur duyurlar.
Qeyd edim ki, bu ilki Gənclər Günü xalqımız üçün olduqca vacib, taleyüklü bir vaxta-7 Fevral-növbədənkənar prezident seçkiləri ərəfəsinə təsadüf edir. Xatırladaq ki, 2 Fevral tarixi 1994-cü ildən ölkəmizdə Gənclər Günü kimi qeyd olunur. Azərbaycanda gənc nəslin vətənpərvərlik ruhunda daha geniş dünyagörüşə malik olmalarının təmin edilməsi, formalaşması dövlətin gənclər siyasətinin başlıca məqsədidir. Ulu öndər Heydər Əliyevdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummilli liderin əsasını qoyduğu bu siyasəti uğurla davam etdirir. Bunun nəticəsidir ki, çağdaş Azərbaycan gəncləri cəmiyyətin bütün sahələrində fəallığı ilə fərqlənir, qəhrəmanlığı, cəsarəti, elmliliyi ilə seçilir.
Bayram ərəfəsində böyük qürur və fəxarət hissi ilə deyə bilərik ki, gənclərimiz dövlətin, şəxsən Prezident İlham Əliyevin onlara bəslədiyi ümidləri yüksək səviyyədə doğruldurlar. Ölkəmizin həyatının elə bir sahəsi yoxdur ki, orada gənclərin təşəbbüslərinin, fəallıqlarının şahidi olmayaq. Azərbaycan gəncləri bir tərəfdən müasirliyə, elm və təhsilə böyük maraq göstərir, digər tərəfdən, onlar vətənpərvərdirlər, xalqımızın tarixdən gələn ənənələrinə, milli-mənəvi dəyərlərimizə böyük bağlılıq nümayiş etdirirlər. Prezident İlham Əliyev Şuşaya səfərlərinin birində Cıdır düzündə olarkən gənclərimizin vətənpərvərliyini yüksək dəyərləndirərək bildirib: “Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib”.
Təmsil etdiyim gənc nəsil, çalışdığım Lənkəran Dövlət Universitetinin gəncləri qarşıdakı prezident seçkilərində öz layiqli namizədi kimi xalqımızın tarixinə qızıl hərflərlə adını yazdırmış Zəfər liderini-İlham Əliyevi görür, dəstəkləyir. Düzgün seçim hamımız üçün, bütün Azərbaycan üçün taleyüklü bir məsələdir. Prezident İlham Əliyevin də dediyi kimi: “Son 20 ilin tarixi göz qabağındadır və əsas məsələ ondadır ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi. Çünki hesab edirəm ki, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. Hər halda, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər”.
Ölkə başçısının sözündə çox böyük həqiqət var. Azərbaycan tarixinin 1990-1993-cü illər arasında baş vermiş hadisələri, ölkə daxilində milli, etnik zəmində baş verən qarşıdurmalar, separatizm meyilləri, dövlətin bütövlüyünə qarşı xalqa zidd qüvvələr tərəfindən yaradılan təhlükə bunu sübut edir. Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qürurla dediyi "Dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik", "Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!" kimi fikirləri döyüşçü gənclərin qələbə ruhunun manifestinə döndü, ictimaiyyət Azərbaycan gənclərinin qazandığı ilkin qələbələri tam qələbənin zəmanəti bildi.
Prezident İlham Əliyevin bu etimadı biz gənclərin qarşısında böyük və məsuliyyətli vəzifələr qoyur: “İndiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar. Mən bu sözləri deməklə, eyni zamanda, Azərbaycan gənclərinə həm ürək sözlərimi deyirəm, həm də təşəkkür sözümü deyirəm. Çünki bir çox hallarda, xüsusilə Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”.
2 Fevral Gənclər Günüdür. Həm də gənclərin gücünün, qüdrətinin, qələbələrinin davamçısı olacaq bütün cəmiyyətin ovqatını bayraqlaşdıran gündür. 7 Fevral-Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri də xalqımız üçün vacib seçim günüdür. İnanırıq ki, xalqımız, onun aparıcı qüvvəsi olan gənclər bu tarixi gündə azərbaycançılıq ideologiyası ətrafında birləşərək birlik nümayiş etdirəcək, öz fəallıqlarını göstərəcək, seçim hüquqlarından istifadə edərək layiqli namizədlərinə- Zəfər liderinə səs verəcəklər.
Allahşükür Quliyev
Lənkəran Dövlət Universitetinin Baş Elmi katibi,
riyaziyyat üzrə fəlsəfə doktoru