2003-cü ildə Azərbaycanda keçirilən prezident seçkilərində böyük səs çoxluğu ilə parlaq qələbə qazanaraq, prezident seçilən İlham Əliyev XXI əsrin praqmatik və rasional düşüncəli lideri kimi respublikamıza rəhbərlik etdiyi son 20 illik bir dövrdə qloballaşan dünyada Azərbaycanın layiqli mövqe tutması, müasir beynəlxalq sistemə uğurlu inteqrasiyası istiqamətində yorulmadan, əzmlə öz tarixi missiyasını yerinə yetirir.
Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən müasir dünya reallıqlarına əsaslanan sosial-iqtisadi inkişaf strategiyası, genişmiqyaslı quruculuq işləri, qəbul edilən dövlət proqramlarının icrası ölkəmizin iqtisadi potensialını əhəmiyyətli dərəcədə artırmış, əhalinin həyat səviyyəsini və həyat keyfiyyətini yüksəltmiş, beynəlxalq aləmdə Azərbaycanın mövqeyini gücləndirmişdir.
Prezident İlham Əliyevin ölkəyə rəhbərliyinin 20 ili ərzində Azərbaycan iqtisadiyyatı dəfələrlə böyümüş, iqtisadi potensialımız əsaslı şəkildə güclənmişdir. Bu müddət ərzində Azərbaycan iqtisadiyyatında ümumi daxili məhsul 15,7 dəfə artmış, qeyri-neft sektoru üzrə bu artım 11,8 dəfə təşkil etmişdir. 2003-cü ildən keçən müddət ərzində sosial-iqtisadi sferanın bütün istiqamətləri üzrə ölkəmizdə həyata keçirilən islahatlar fonunda baş verən əsaslı dəyişikliklər milli iqtisadiyyatımızın güclənməsi, əldə edilən iqtisadi uğurların sosial sferanın inkişafı məqsədlərinə əsaslı şəkildə inteqrasiya edilməsi, təhsil, səhiyyə, elm, mədəniyyət, turizm sahələrinin inkişafı, əhalinin həyat səviyyəsi və keyfiyyətinin yüksəlməsinə müsbət təsirlər göstərmiş, sosial sferanın əsas prioritet istiqamətləri üzrə normativ-hüquqi bazanın yaradılması və təkmilləşdirilməsi, onun təşkilati və maliyyə təminatının gücləndirilməsini şərtləndirmişdir.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və onun layiqli davamçısı və varisi cənab Prezident İlham Əliyev tərəfindən daha da möhkəmləndirilən, müasir dünyanın tələblərinə uyğun təkmilləşdirilən və mükəmməl bir səviyyədə həyata keçirilən inkişaf strategiyasının nəticələrinin ölkəmizin, xalqımızın ən əsas problemi olan torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpası məqsədlərinə uğurla inteqrasiya edilməsi ölkəmizin inkişafı yolunda tam yeni bir strateji mərhələnin başlanğıcı oldu. Ölkə başçısı, Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı misilsiz qələbə və 23 saatlıq lokal antiterror tədbirləri nəticəsində Ermənistanın işğalı altında olan torpaqlarını, Qarabağı işğaldan azad etməsi ölkəmizin inkişafı yolunda yeni prioritetlərin müəyyən edilməsi və reallaşdırılmasını şərtləndirmişdir. Məhz qazanılmış parlaq qələbənin qarşıdakı illərdə sistemli və dərin islahatlarla yeni imkanlara çevrilməsini təmin etmək üçün ölkə başçısı tərəfindən imzalanmış və təsdiq edilmiş mühüm sənədlər, o cümlədən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” və “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni dövrdə Azərbaycanın daha keyfiyyətli inkişaf mərhələsinə keçməsinə, dərin struktur-institusional islahatların həyata keçirilməsi əsasında Azərbaycan dövlətinin qüdrətinin daha da artırılmasına, yüksək rifaha malik lider dövlət olmasına, azad edilmiş torpaqlarımıza tarixi qayıdış və əbədi məskunlaşmanın təmin edilməsinə ciddi fundamental əsaslar yaradır.
Bu proseslərin uğurla həyata keçirilməsi üçün və yeni əsrdə ölkəmizin yeni inkişaf məqsədlərinin yüksək səviyyədə, uğurla reallaşdırılmasının zəruriliyi fonunda Prezident cənab İlham Əliyevin 2023-cü il dekabrın 7-də imzaladığı sərəncamla Azərbaycanda 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkilərinin keçirilməsi təsdiq edilmişdir. Bu seçki ölkəmizin ərazi bütövlüyünün, eləcə də bütün torpaqlarımız üzərində suverenliyimizin tam bərpasından sonra işğaldan azad edilmiş Qarabağ ərazisi də daxil olmaqla, bütün şəhər və qəsəbələrimizi əhatə etməklə, müstəqil Azərbaycan Respubilkasının ərazisində keçiriləcək ilk vahid seçkidir. Qürurverici məqamlardan biri də odur ki, siyasi müstəqilliyimizin bərpasından keçən 33 il müddətində ilk dəfə olaraq, işğaldan azad olunmuş tarixi Xankəndi şəhərimizdə də bu seçkilər keçiriləcəkdir. Ona görə bu seçkini haqlı olaraq “Zəfər seçkisi” adlandırırlar.
Amalı qurub-yaratmaq olan, öz xalqını firavan günlərə qovuşdurmaq, hər bir azərbaycanlının prezidenti olmağı həyat fəlsəfəsinə çevirən İlham Əliyev cənablarının modern Azərbaycanın quruculuğu və tərəqqisi naminə keçiriləcək və əvvəlkilərdən tamamilə fərqli ruhu, mahiyyəti ilə seçilən möhtəşəm Zəfər seçkisində qalibiyyəti şəksizdir. Sözsüz ki, 2024-cü il fevralın 7-də Azərbaycan xalqı öz konstitusiya hüququndan istifadə edərək, bu seçkilərdə fəal iştirak edərək səs verəcək və güclü Azərbaycan üçün öz düzgün seçimini bir daha təsdiqləyəcək.
Rəşad Hüseynov,
Azərbaycan Dövlət İqtisad Universitetinin
nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun
“Bilik iqtisadiyyatı” şöbəsinin müdiri, i.ü.f.d.