Modern.az

Tarixə möhür vurmuş Zəfər Gəncliyi haqqında bir neçə söz

Tarixə möhür vurmuş Zəfər Gəncliyi haqqında bir neçə söz

Aktual

1 Fevral 2024, 14:20

Tarixin bütün çağlarında xalqın inkişafı, dövlətin tərəqqisi çox vaxt gəncliyin üzərində olub. Gənclik özündə yeniliyi və gələcəyə istiqaməti yaşatdığından bütün cəmiyyətlərdə bu amil ümid yeri sayılıb. Dövlətçiliyin təməl prinsiplərini mükəmməl bilən, onu hər zaman reallıqda tətbiq edən xalqımızın Ümummilli lideri Heydər Əliyev bütün fəaliyyəti dövründə gənclərə xüsusi önəm verir, onlara qayğı ilə yanaşırdı. 

 

Hələ sovet dönəmində Azərbaycan gənclərinin müasir elmi nailiyyətlərə yiyələnməsi, bacarıqlı mütəxəssis kimi yetişməsi üçün bütün imkanları səfərbər edən Ulu öndərin bu istiqamətdə fəaliyyətinin müsbət nəticələrini müstəqillik illərində əyani olaraq yaşadıq. Xüsusilə, hərbi, elmi sahədə və hüquq - mühafizə orqanlarında Azərbaycan gənclərinin peşəkar kadr kimi yetişməsinə böyük dövlət adamının 70-ci illərdə göstərdiyi diqqət 90-cı illərdə müstəqil Azərbaycan dövlətinin qurulmasında öz əhəmiyyətini göstərdi. Ölkənin ağır günlərində xalqın təkidli tələbi ilə hakimiyyətə gələrək milləti və dövləti yox olmaq təhlükəsindən xilas edən Ulu öndər ənənəsinə sadiq qalaraq gənclər siyasətinə xüsusi önəm verdi. Müstəqil Azərbaycan gəncliyi qarşısında yeni hədəflər qoyan Ümummilli lider eyni zamanda bütün istiqamətlərdə gəncliyə dəstək oldu. Ölkənin gənclik siyasətinin sistemli aparılması üçün Gənclər Nazirliyinin yaradılması, gənclər forumunun keçirilməsi və Gənclər Gününün təsis edilməsi kimi fundamental işlər bu diqqət və qayğının əyani sübutuna çevrildi. Ulu öndər dövlət idarəçiliyinin bütün sahələrində gəncləri önə çəkməklə bu sahədəki siyasəti real əsaslarla möhkəmləndirdi, ölkə gəncliyinə geniş meydan verdi. Sonrakı illərdə Prezident İlham Əliyev böyük dövlət adamının gənclərlə bağlı siyasət kursunu davam etdirərək yeni çağırışlara uyğun inkişaf etdirdi. 


Prezident İlham Əliyevin hakimiyyət illərində elm, dövlət idarəçiliyi, idman və digər sahələrdə Azərbaycan gənclərinin ortaya qoyduğu uğurlar məhz bu siyasətin real nəticəsi sayıla bilər. Beləliklə, gözləntilər səmərəsini verdi. Dövlətimizin qayğısı ilə əhatələnmiş gənclərimizin səsi dünyanın ən nüfuzlu elm ocaqlarında, idman saraylarında, konfrans salonlarında eşidildi, bayrağımız yüksəkliklərdə göründü, Azərbaycanın haqlı mövqeyi beynəlxalq miqyasda səsləndi, Vətənə bağlılıq kimi unikal dəyərlər gənclərimizin simasında nümayiş olundu.  Bütun bunlarla yanaşı, Azərbaycan gəncliyinin bütün tarix boyu göstərdiyi ən böyük nailiyyət heç şübhəsiz Zəfər Savaşıdır. 


Bu savaşda gənclərimiz heyrətamiz qəhrəmanlıq, inanılmaz döyüş bacarığı və yüksək vətənpərvərliyi ilə bütün dünyanı heyran qoydu, hamı bizə, gənclərimizə oxşamaq istədi, hamı gənclərimizdən danışdı. Çünki gənclərimiz qüdrətini nümayiş etdirməklə dövlətimizin etimadını doğrultdu və sübut etdi ki, Vətəni sevmək, onun uğrunda can vermək şərəfdir. 


Bu gənclik məhz Prezident İlham Əliyevin hakimiyyət illərində böyüyüb, formalaşan bir nəsil idi. Bizi fərəhləndirən, qürurumuz olan gənclərimiz Qarabağ savaşında erməni beyin mərkəzlərinin bütün proqnozlarını  darmadağın edərək onlara böyük məyusluq yaşatdı. İşğalçı ölkə təhlilçiləri hesab edirmiş ki, yeni nəsil gənclərimiz Qarabağı unudub və müharibə başlasa belə, döyüş ruhunda, qabiliyyətində deyil. Amma 44 günlük müharibədə Azərbaycan gənclərinin qəhrəmanlığı, Vətən, dövlət sevgisi qarşı tərəfə şok yaşatdı. Yalnız o etirafda qaldılar ki, Vətəni Azərbaycan gəncliyi kimi sevmək lazımdır! 


İllər ərzində aparılan gənclərimizlə bağlı düzgün siyasət, vətənpərvərlik təbliğatı tariximizin qəhrəmanlıq səhifəsinin yazılması ilə sonuclandı.  Bu gənclik qalib əsgər adı ilə Müzəffər Komandanın inam və etibarını doğrultdu və Zəfər Gəncliyi kimi tarixə  möhür vurdu. 


Hərb meydanında qəhrəmanlıq dastanı yaradan Azərbaycan gəncliyi bu gün dövlət quruculuğunda, ölkəmizin tərəqqi və inkişafında da ön sıradadır. 

 

Qalib ölkənin qalib gəncliyi qalib Liderin rəhbərliyi ilə Azərbaycanın inkişafında səmərəli fəaliyyət göstərir və ölkəmizin uğurlarında onların payı əvəzsizdir.

 

Fəxarət və qürur yerimiz olan sevimli gənclərimiz, bayramınız mübarək.

 

Vətən sizlərə əmanət…

 

Rəşad Mahmudov,
Milli Məclisin deputatı,
Tibb elmləri doktoru

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi