Ermənistan Respublikasının Baş Prokurorluğu axtarışda olan Karen Vanetsyanın məsuliyyətə cəlb edilməsi üçün Rusiya Federasiyasının Baş Prokurorluğuna ekstradisiya üçün sorğu göndərib.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.
Baş Prokurorluq Moskvada Karen Vanetsyanın həbsi ilə bağlı xəbərin doğru olub-olmamasına dair suala cavab verməyib.
2023-cü il noyabrın 1-də prokuror cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması (çirkli pulların yuyulması) ilə bağlı İsveçrə Konfederasiyası və Ermənistan Respublikasının vətəndaşı Karen Vanetsyana qarşı ictimai cinayət işi açıb.
Müəyyən edilib ki, K.Vanetsyan 1 milyard dram və 13 milyon ABŞ dolları (ümumilikdə 14 milyard 526 milyon 300 min dram) məbləğində cinayət yolu ilə əldə edilmiş əmlakı ofşor təşkilat vasitəsilə idarə edib.
İlkin araşdırma zamanı Karen Vanetsyanın harada olduğunu öyrənmək mümkün olmayıb.
Həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində vəsatət qaldırılıb.
Xatırladaq ki, mətbuatda “Exoil Group” holdinqinin əsas sahibinin Moskvanın mərkəzində həbs olunması xəbəri yayılmışdı. Bu xəbərə cavab olaraq, Karen Vanetsyanın hüquq qrupu iş adamının azadlıqda olduğu barədə bəyanat yayıb.
Karen Vanetsyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyanın qardaşıdır.