Fevralın 8-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Modern.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Qazaxıstanın dövlət başçısı İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, ona ölkəmizin hərtərəfli inkişafı və tərəqqisi naminə fəaliyyətində uğurlar arzulayıb. Kasım-Jomart Tokayev dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə böyük uğurlar qazanması və ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinin önəmini qeyd edib.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Dövlət başçıları Azərbaycan-Qazaxıstan dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə edərək, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu!
Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Ümumxalq səsverməsinin yekunları Sizin çoxşaxəli islahatlar kursunuza tam etimadın və xalqın birliyinin, dövlətin ərazi bütövlüyünün və dinamik inkişafının təmin edilməsi işində xidmətlərinizin təsdiqinin parlaq sübutuna çevrildi.
Əminəm ki, Sizin müdrik rəhbərliyinizlə qardaş Azərbaycan uğurla inkişaf etməkdə, beynəlxalq birliyin nüfuzlu üzvü və regional dövlət kimi güclənməkdə davam edəcəkdir.
Qazaxıstanda Siz qardaş ölkələrimiz arasında strateji tərəfdaşlığın möhkəmlənməsinin əzmkar tərəfdarı kimi böyük hörmətə maliksiniz.
Qazaxıstan ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın zəngin potensialının reallaşdırılması naminə sıx məhsuldar işimizin davam etdirilməsinə hazır olduğumu təsdiq edirəm.
Əminəm ki, bizim Bakıda keçirəcəyimiz tamformatlı görüş Qazaxıstan-Azərbaycan münasibətlərinin gələcəkdə dərinləşməsi məqsədilə qarşılıqlı səmərəli əməkdaşlığın yeni üfüqlərini müəyyənləşdirməyə imkan yaradacaqdır.
Hörmətli İlham Heydər oğlu, Sizə qardaş Azərbaycanın rifahı və firavanlığı naminə ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər diləyir, nəzərdə tutduğunuz bütün planların uğurla reallaşmasını arzu edirəm".