Rusiya ümid edirik ki, nəhayət İrəvanda məhz Moskvanın vasitəçiliyi ilə əldə olunmuş üçtərəfli razılaşmaların həyata keçirilməsinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün ən etibarlı yol olduğunu başa düşəcəklər.
Modern.az xəbər verir ki, bunu “Rossiya 24” telekanalına müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
O qeyd edib ki, Moskvanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında məqsədi bu iki dövlətə davamlı barışıq və dinc fəaliyyət yoluna daxil olmaqda kömək etməkdir.
Diplomatın fikrincə, bölgəyə regiondankənar oyunçuları, ilk növbədə ABŞ və Avropa İttifaqını cəlb etmək səyləri uğur gətirməyəcək.
“Qərb oyunçularının fəaliyyəti normallaşmaya kömək etmək deyil, Rusiya Federasiyasını bu prosesdən sıxışdırmaq, Cənubi Qafqazda mövcud qüvvələr balansını pozmaq və beləliklə, Rusiya Federasiyasının qonşuluğunda daha bir qeyri-sabitlik mənbəyi yaratmaq məqsədi daşıyır”, - Qaluzin deyib.
Nazir müavini bildirib ki, Rusiya Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası çərçivəsində Bakı və İrəvana məsləhət xidmətləri təklif edir, çünki Moskvada topoqrafik materiallar var.
"Sülh müqaviləsinin imzalanması prosesinə gəlincə, Rusiya Federasiyası bütün məsələlərin müzakirəsinə fəal şəkildə kömək etməkdə davam edir. Biz sülh müqaviləsi üzrə Ermənistan-Azərbaycan danışıqları üçün platformamızı təqdim etməyə həmişə hazırıq", - Qaluzin bildirib.
O, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində Rusiya və onun prezidentinin rolunu mübahisəsiz və unikal adlandırıb.