Modern.az

Namizədlər Prezidentin hansı təklifləri nəzərə almasını İSTƏYİRLƏR...

Namizədlər Prezidentin hansı təklifləri nəzərə almasını İSTƏYİRLƏR...

Aktual

9 Fevral 2024, 17:00

7 fevralda Azərbaycanda növbədənkənar Prezident seçkisi keçirildi.


Azərbaycanın Respublikasının hazırkı dövlət başçısı İlham Əliyev növbədənkənar seçkidə səslərin 100 faizi hesabladıqdan sonra 92,12 faizlə qalib gəlib.


Təbliğat və təşviqat müddətində Prezident postu üçün mübarizə aparan 7 namizəddən hər biri müxtəlif vədlər vermişdi.


İlham Əliyev qalib gəldiyinə görə digər namizədlər öz vədlərini həyata keçirə bilməyəcəklər.
 

Bəs namizədlər səsləndirdikləri hansı vədlərin Prezident seçilmiş şəxs tərəfindən həyata keçirilməsini istəyirlər?
 

Modern.az saytı bununla əlaqədar namizədlərə müraciət edib.


Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən deputat Zahid Oruc bildirib ki, müxtəlif fikirlər İlham Əliyev tərəfindən nəzərə alınır:


"2018-ci ilin Prezident seçkisindən sonra cənab İlham Əliyev tərəfindən səsləndirilən bir fikri hamıya xatırlatmaq istəyirəm. Prezident söyləmişdi ki, "seçki kampaniyası zamanı namizədlər, o cümlədən media məkanına çıxan fərqli qüvvələrin ideyaları, təklifləri bizim tərəfimizdən nəzərə alınacaq". Bu, həqiqətən də o dövr üçün birləşdirici, xoş ovqat yaradan bəyanat idi. Az keçmədi ki, hakimiyyət qollarında total dəyişikliklər başladı. Bu, həm kadr, həm də struktur islahatları kimi xarakterizə olunurdu.

Eyni zamanda siyasi-ideoloji mahiyyətdə qəbul olunan dəyişikliklərin şahidi olduq.

Bu dəfə də 24 səhifədən ibarət olan proqramımız mediada açıqlanıb. Məqəsədimiz Azərbaycanın mühüm mərhələsinə yekun vurub yeni səhifənin açılmasında, 4-cü respublika kimi xarakterizə olunan bu prosesdə rol oynamaq idi. Seçkilərdə ideyalarımız "qalib gəlsin!" şüarı üzərindəydi. Bakı, Sumqayıt və Gəncə ilə yanaşı, daha 7 ərazidə böyük şəhərlər siyasətinin həyata keçirilməsi mütləq yenilənməyə səbəb olacaq.
Şəhid əmanətləri mövqeyini biz irəli sürdük. Qafqazda yeni geosiyasət, sərhədsiz Qafqazlar ideolojisini ortaya qoyduq. O cümlədən təhlükəsizlik mühitinin qlobal sistemdə keçməsi fonunda biz arzulayırıq ki, türkdilli dövlətlərlə ikitərəfli qaydada "Şuşa Bəyannaməsi" formatında sənədlər imzalansın.

“3+3” formatı inkişaf etdirilsin, Qafqazda sülh və təhlükəsizlik paktı kimi sənədə çevrilsin və 3-cü dövlətlər regiona buraxılmasın, deyə çıxış etdik. İdarəetmə sistemində bürokratizmə son qoyulmasını təklif etdik.

Cənubi Qafqazda iqtisadiyyatın 3/4-ü bizimdirsə, qalib ölkə vətəndaşı haqlı olaraq düşünür ki, erməni və gürcülərdən daha yaxşı yaşamalıyam. Ermənistan indiki bəlli səbəblərdən bir sıra iqtisadi göstəricilərinə görə bizə çatır və bununla da öyünür. Demoqrafiya ilə bağlı 3 və 4-cü uşaqlar üçün ana kapitalının verilməsi mövqeyindən çıxış etdik. Bu da çox maraqlı yanaşmadı.

Yəni bütün bunların hamısını biz dövlətə təqdim edəcəyik. Hesab edirəm ki, mənim eyni zamanda Sosial Tədqiqatlar Mərkəzini təmsil etməyim imkan verir ki, bu məsələləri sistemli dövlət siyasəti sənədinə çevirək. Artıq yeni prezidentlik dövrünü başlayan lider üçün bunlardan hər hansı birinin yararlı olacağı bizi də, cəmiyyətimizi də razı salacaq.
Unutmayaq ki, İlham Əliyevin öz baxışları, fikirləri, xalqa müraciətləri tamamilə yeni və fərqli formadadır".
 

Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev deyib ki, seçki prosesində daha çox sosial sahədə vədlər verib:
 

"İctimai Televiziya və radiodakı çıxışlarımızda mən və vəkillərim əsasən sosial problemləri qabardırdıq. Vətəndaşlarla görüşlərdə onlar bizdən sözügedən problemlərin həllində kömək istəyirdilər. İnanıram ki, İlham Əliyev İctimai televiziya və radiodan səslənən fikirləri nəzərə alacaq və vətəndaşlara dəstək olacaq.
İşsizlik, az təqaüd və az maaş kimi vətəndaşların əsas sosial problemlərinin mərhələ-mərhələ öz həllini tapacağına inanıram. Ümidvaram ki, yaxın zamanda sözügedən məsələlərlə bağlı qərarlar olacaq və vətəndaşların sosial problemləri heç olmasa azalacaq.
Vaxtilə bizim əsas problemimiz Qarabağın işğal altında qalması idi. Torpaqların işğaldan azad edilməsini qarşımıza əsas məqsəd kimi qoymuşduq. Ona görə də bütün gücümüzü hərbiyə yönləndirmişdik. Büdəcədən 8-10 milyard vəsait bu istiqamətdə xərclənirdi. İndi daha torpaqlar azaddır və həmin yerlərdə quruculuq-bərpa işləri gedir. Ümid edirəm ki, bununla paralel olaraq, vətəndaşların sosial problemləri də həll olunacaq".
 

F.Əliyev Vergi Məcəlləsində dəyişikliyin edilməsini də arzu etdiyini deyib:
 

"Vergi Məcəlləsinə edilən dəyişikliyə görə, bu ilin yanvar ayından kiçik və orta sahibkarların vergiləri 5%-dən 20%-ə qaldırılıb. Yəqin ki, bu məsələyə də baxılar. Ümid edirəm ki, 20% yenidən 5%-ə endiriləcək. Çünki bu qərar kiçik sahibkarlara zərbə oldu. İştirak etdiyimiz görüşlərdə vətəndaşlar bizə müraciət edirdilər, onlar  məcburdurlar ki, iş yerlərini bağlasınlar. Bu problemləri çox yaxın zamanda Prezident İlham Əliyevin mərhələli şəkildə həll edəcəyinə inanıram".


Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa:

"Prezident seçkilərində seçiciyə verilən vədin yerinə yetirilməsi mümkünsüzdür. Bunun üçün seçilmək lazımdır. Mən əsasən təhsildə ciddi islahatlar nəzərdə tutmuşdum. Amma bu, bizim əlimizdə deyil. Ona görə də burada verilən vədlərlə, parlament seçkilərində verilən vədlər fərqlidir. Mən heç vaxt real olmayan fikir və ya vəd səsləndirmirəm. Çünki sabah bu sualla qarşılaşacağımı bilirəm. Ona görə də biz səsləndirdiyimiz fikirlərin artıq indi seçilmiş Prezident tərəfindən hansısa formada dəyərləndirməsini gözləyə bilərik. Çünki bizim səsləndirdiyimiz fikirləri reallaşdırmağa səlahiyyətimiz yoxdur. Amma düşünürəm ki, bu fikirlər Azərbaycan hökuməti və prosesi həyata keçirməyə səlahiyyəti olan şəxslər tərəfindən diqqətə alınacaq".


Prezidentliyə namizədliyi Böyük Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Elşad Musayev:

"Seçkilər zamanı doğrudan da bir sıra vədlər vermişdik. Mən sözümün üstündə duran adamam. Demişdim ki,  müəyyən məsələlər ölkə daxilindən, bir sıra məsələlər də beynəlxalq konyukturadan asılıdır. Amma böyük əhali kütləsini maraqlandıran bir məsələ var. Bu məsələ 500 min sənədsiz evlə bağlıdır. Bundan çıxış yolunu da demişəm. Dünən də bu təklifi səsləndirdim. 500 min sənədsiz evdə yaşayan insanlarımız faktiki havadadır. Çıxış yolu budur ki, Azərbaycan hökuməti qərar verir və kommunikasiya xətlərinin üzərində tikilən evlər istisna  olmaqla, bütün qalan evlər orada yaşayan insanların xüsusi mülkiyyəti olur. Mütəmadi olaraq çalışacağıq ki, bu məsələ öz həllini tapsın. Azərbaycan hökuməti də bunu etməyə borcludur".

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu