"Qarabağla bağlı məsələ bağlanıb".
Modern.az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov "İzvestiya"ya müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiya Qarabağ probleminin sülh yolu ilə həllinə səy göstərib: "Təəssüf ki, alınmadı: bu mövzu sentyabr ayında hərbi əməliyyatla bağlandı. Rusiya nizamlanmada həmişə çox mühüm rol oynayır. Rusiya tərəflər arasında sülh müqaviləsi üzrə danışıqlara maksimum dəstək verməyə hazırdır.
İndi Ermənistanla Azərbaycan bilavasitə sülh müqavilələri layihələri mübadiləsi aparırlar. Azərbaycan tərəfinin təklif etdiyi, mənim fikrimcə, tamamilə əsaslandırılmış standart müddəa və maddələrdir ki, onlar bir qayda olaraq tərəflər arasında sülh müqavilələrində mövcuddur. Və prinsipcə, Bakının irəli sürdüyü təkliflərə əsaslanaraq, mənə elə gəlir ki, bu danışıqlar kifayət qədər tez başa çatdırıla bilər. Biz Moskva platformasını təqdim etməyə hazırıq, lazım gələrsə, öz ekspertizamızı, mətnlə bağlı məsləhətlərimizi verməyə hazırıq. Burada bizim azərbaycanlı həmkarlarımızla çox yaxşı qarşılıqlı əlaqəmiz var".
"Mən görürəm ki, Azərbaycan sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqları çox tez başa çatdırmaq əzmindədir. Amma bildiyimiz kimi, danışıqları başa çatdırmaq üçün hər iki tərəfin belə bir istəyi olmalıdır", - deyə o əlavə edib.