Modern.az

Azərbaycandakı seçkilər hamıya nümunədir - Gürcü jurnalist

Azərbaycandakı seçkilər hamıya nümunədir - Gürcü jurnalist

Aktual

12 Fevral 2024, 17:42

Fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri şəffaflığı, azad və demokratikliyi ilə hamıya nümunə oldu. Səsvermə günü yaşından, cinsindən və sosial vəziyyətindən asılı olmayaraq, seçicilərin səs vermək üçün məntəqələrdə növbəyə durmaları bir müşahidəçi kimi məni heyrətə gətirmişdi. Mən müxtəlif ölkələrdə prezident və parlament seçkilərini izləmişəm. Tam məsuliyyətimlə deyirəm ki, fevralın 7-də Azərbaycanda gördüyüm seçici fəallığını heç bir yerdə görməmişdim.

 

Modern.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində növbədənkənar prezident seçkilərini beynəlxalq müşahidəçi kimi izləyən Gürcüstanın “newsday.ge” informasiya portalının baş direktoru, politoloq Avtandil Otinaşvili söyləyib.

 

A.Otinaşvili digər həmkarları ilə Bakıda çoxlu sayda məntəqədə səsvermənin gedişatını izlədiyini deyib. Bildirib ki, səsvermə günü yerli və beynəlxalq müşahidəçilər üçün çox yaxşı şərait yaradılmışdı. Onlar məntəqələrə daxil olduqda səmimiyyətlə qarşılanıb, qeydiyyata alınıblar. Hər yerdə, bütün hallarda qanunun aliliyi qorunurdu.

 

“Seçkilər çox yüksək səviyyədə təşkil olunmuşdu. Hər bir məntəqədə səsvermə qanunun aliliyi rəhbər tutularaq keçirilirdi. Şəffaflıq, azad və demokratik şərait, ən başlıcası, seçici fəallığı çox yüksək səviyyədə idi. Səsvermənin gedişini izləyən çoxsaylı müşahidəçilərin böyük əksəriyyəti, hətta mən deyərdim ki, hamısı bu fikirdədir.

 

Müşahidəçiləri ən çox valeh edən məsələlərdən biri seçicilərin səsvermədə yüksək fəallıq və əhvali-ruhiyyə ilə iştirak etmələri oldu. Yaşlı insanlar, hamilə qadınlar növbəyə dururdular. Bu cür seçici fəallığı çox az ölkədə ola bilər. Bir sözlə, Azərbaycan seçkiləri yüksək səviyyədə, qanunun aliliyinə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, azad, demokratik və şəffaf təşkil etməklə dünyada nümunə oldu”, – deyə Otinaşvili vurğulayıb.

 

Politoloq Bakının gözəlliyi barədə xüsusi danışıb. O bildirib: “Bakının gözəlliyi bizi bir ayrı valeh etdi. Mən əvvəllər də Bakıda olmuşdum. Amma son illər ərzində Bakı çox dəyişib, gözəlləşib. Şəhər yenilənib, əsl mədəniyyət mərkəzinə çevrilib. İnsanların qonaqpərvərliyi, gülərüz olmaları, səmimililiyi bu gözəlliyi daha da artırır. Düşünürəm ki, əhalinin rifah halının yaxşı olması da onların seçkilərdə fəallığının artmasına səbəb olub. İnsanlar onlara yaradılan şəraiti bu cür qiymətləndirirlər. Bu şəraiti yaradan dövlət başçısına isə bu cür münasibət bildirirlər. Hər halda, mən belə düşünürəm”.

 

Politoloq səfəri zamanı Azərbaycan mətbəxinin ləziz təamlarından da dadıb. O bununla bağlı qeyd edib: “Azərbaycan mətbəxi çox zəngindir. Bir yeməyin bir neçə növü var, hamısı da ləziz və dadlı. Yeməkdən doymaq olmur. Çay süfrələrində limon, mürəbbə, şəkərbura, paxlava isə öz yerində”.

 

Onun sözlərinə görə, Azərbaycan 44 günlük Qarabağ müharibəsində Qələbə qazandıqdan sonra ilk dəfədir ki, seçkilər ölkənin bütün suveren ərazisində keçirilib. Bu da insanların əhvali-ruhiyyəsinə müsbət təsirini göstərib.

 

Politoloq hesab edir ki, Azərbaycan təkcə hərb meydanında deyil, sosial-iqtisadi, mədəni və humanitar sahələrdə də mühüm nailiyyətlər qazanıb. Bu da əhalinin dövlətə, dövlət başçısına olan inamını, etibarını artırıb.

 

O bildirib ki, seçkilərdə İlham Əliyevin qələbəsi real qələbə oldu. İlham Əliyev insanların gözündə praqmatik siyasi xadim, böyük və qalib sərkərdədir. Xalqı məhz İlham Əliyev daha parlaq və xoş gələcəyə apara bilər. İnsanlar buna inanırlar və öz liderlərini sevirlər. Bu isə qələbə üçün ən böyük şərtdir.

 

“Bu cür birliyi olan millət və dövlət heç zaman əyilməz, məğlub olmaz. Azərbaycan dövləti bu birlik sayəsində daha da möhkəmlənəcək. Bu gün Cənubi Qafqazda lider olan Azərbaycan yaxın gələcəkdə dünyada lider dövlətlər sırasında olacaq. Mən Azərbaycan xalqına daha böyük uğurlar, əmin-amanlıq və hamımıza sülh arzulayıram”, –deyə Avtandil Otinaşvili vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi