Modern.az

Kəlbəcərin məntəqələrində nümunəvi seçki keçirildi - ATƏT rəsmisi

Kəlbəcərin məntəqələrində nümunəvi seçki keçirildi - ATƏT rəsmisi

Aktual

13 Fevral 2024, 15:14

Azərbaycanda fevralın 7-də keçirilən seçkilər zamanı işğaldan azad edilən Kəlbəcər rayonunda da ilk dəfə səsvermə baş tutub. Rayonda 123 saylı Kəlbəcər seçki dairəsinin iki məntəqəsi yaradılıb.



Kəlbəcər şəhərində fəaliyyət göstərən Bakı Abadlıq şirkətinin inzibati binasında yerləşən 63 saylı məntəqədə 603, Kəlbəcər Su-Kanal İdarəsinin inzibati binasında yaradılan 64 saylı məntəqədə isə 875 seçici qeydiyyatdadır. Kəlbəcər rayonunda ümumilikdə 1 478 seçici var. Seçkilərin gedişini 28 yerli müşahidəçi izləyib.

 

Məntəqələr bütün ləvazimatlarla təchiz edilib. Burada səsvermə kabinəsi quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün yerlər ayrılıb. Səsvermə otağına səsvermə qutuları, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulub. Seçki günü səhhətində problem olduğuna görə məntəqəyə gələ bilməyən seçicilərin səsverməsini təşkil etmək üçün səyyar seçki qutusu ayrılıb.

 

Kəlbəcər seçki dairəsinin digər rayonlarda yerləşən məntəqələrində də səsvermə yüksək səviyyədə təşkil olunub. ATƏT müşahidəçiləri də fevralın 7-də baş tutan seçkilər zamanı Kəlbəcər dairəsində səsvermənin yaxşı təşkil olunduğunu bildirib.

 

Modern.az-ın məlumatına görə, bu barədə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Müşahidə Missiyasının rəhbəri Eofan Mörfi seçki nəticələrinə dair mətbuat konfansında danışıb.

 

Eofan Mörfi bildirib ki, 123 saylı Kəlbəcər seçki dairəsinə məxsus məntəqələrdə seçkinin yüksək səviyyədə təşkilinin şahidi olub:

 

“Mən həmin məntəqələrinin birində seçki prosesinin yüksək səviyyədə təşkil olunduğunun şahidi oldum. Orada müşahidəçilər üçün hərtərəfli şərait yaradılmışdı. Hər kəs sərbəst formada gəlib iradəsini ifadə edirdi. Təbii ki, bu, yaxşı haldır. Biz yaxşı halları da vurğulayırıq. Orada hər hansı bir pozuntu olmadı. Bu məntəqədə nümunəvi seçki təşkil olundu”.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi