Modern.az

Vəhşi heyvanların helikopterlə peyvəndlənməsi aparılır - FOTO

Vəhşi heyvanların helikopterlə peyvəndlənməsi aparılır - FOTO

13 Fevral 2024, 14:34

Azərbaycanda helikopter vasitəsilə vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılır.

 

Bu barədə Modern.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

 

Peyvəndləməni AQTA, Kənd Təsərrüfatı Nazirliyi və Fövqəladə Hallar Nazirliyi ilə birgə ətyeyən vəhşi heyvanlar arasında keçirir.

 

Bu gün başlayan peyvəndləmə helikopterlə Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ərazisində kəndətrafı meşəlik sahələrdə aldadıcı yem vasitəsilə həyata keçirilir. Tərtib edilmiş xəritə və müəyyənləşdirilmiş marşrut üzrə relyef quruluşu nəzərə alınmaqla, kəndəətrafı meşə zolaqlarına quduzluq xəstəliyi əleyhinə peyvənd vasitəsi olan “Rabadrop oral suspenziyası” səpələnir.

 

Qeyd olunub ki, fevralın 15-də yekunlaşdırılması planlaşdırılan peyvəndləmə çərçivəsində helikopter vasitəsilə meşə zolaqlarına 496 kilometr məsafədə 13 min ədəd aldadıcı yemin səpilməsi nəzərdə tutulub. Normaya əsasən, meşə zolaqlarında hər 1 km² əraziyə 20-25 doza aldadıcı yemin səpilməsi nəzərdə tutulur. Bundan başqa, qeyd edilən ərazilərdə yerləşən şəhər, qəsəbə və kəndlərin ətrafında müəyyən olunmuş yerlərə əllə 50 min doza aldadıcı yemin səpilməsi nəzərdə tutulur.

 

Agentlik əhalidən səpələnmiş aldadıcı yem briketlərinə toxunmamağı xahiş edir: "Aldadıcı yem tamamilə təhlükəsizdir. Əgər hər hansı bir ev və ya vəhşi heyvan bir neçə yem payını yesə belə bu, həmin heyvanlar üçün təhlükə yaratmır. Ərazilərə atılmış, içərisində vaksin olan yemi qəbul etdikdən sonra vəhşi və sahibsiz heyvanlarda quduzluğa qarşı immunitet yaranır. Bu cür tədbirlər xüsusi təhlükəli xəstəlik sayılan quduzluğa qarşı epizootoloji sabitliyin qorunub saxlanılmasını təmin edir".

 

Qeyd edək ki, son illər ölkə ərazisində keçirilən monitorinqlər zamanı ətyeyən vəhşi heyvanlar və sahibsiz itlər arasında quduzluq xəstəliyi aşkarlanıb. Xəstəliyin baş verdiyi ərazilərdə aparılan epidemioloji araşdırmalarda həmin heyvanların insanlara və ev heyvanlarına xəsarət yetirdiyi, nəticədə insanların da xəstəliyə yoluxduğu müəyyən edilib. Həmçinin Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının ekspertləri tərəfindən ölkəmizin baytarlıq sisteminin qiymətləndirilməsi missiyası dövründə regionda quduzluq xəstəliyinin epizootoloji risk səviyyəsinin yüksək olduğu qənaətinə gəlinib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna Rusiya bu şəhərini də vurdu: Əhali panikada