Modern.az

Qalib, güclü Azərbaycan daim hədəfimizdir

Qalib, güclü Azərbaycan daim hədəfimizdir

16 Fevral 2024, 12:54

Ölkəmizin həyatında mühüm siyasi kampaniya olan prezident seçkilərinin əsas mərhələsi artıq geridə qaldı. Və bu mərhələnin, yəni fevral ayının 7-nə təyin olunmuş səsvermənin nəticəsi isə cəmiyyətin mənafelərini özündə ehtiva edən, ölkəmizi inkişaf yoluna çıxaran hazırkı siyasi kursun alternativsizliyini bir daha sübuta yetirdi. Bu həm də torpaqlarımızın işğaldan azad edilməsindən və ərazilərimizdə erməni separatçılığına son qoyulmasından sonra Azərbaycanda keçirilən ilk seçki idi. Əvvəlki bütün seçkilərdən fərqli olaraq budəfəki seçkilər bütöv Azərbaycanda keçirildi.  Ölkə vətəndaşları həm də Qarabağ və Şərqi Zəngəzurda səs verdilər. Ən mühümü də odur ki, bu seçkidə də xalqımız Heydər Əliyev siyasi kursunun zəfərinə, bu kursun davamçısı kimi ötən 20 ildə Azərbaycanın bütün uğurlarının müəllifi olan cənab İlham Əliyevə etimad göstərdilər. Seçicilərin 92,12 faizi, yaxud 4 milyon 567 min 458 nəfəri öz səsini Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heyydər oğlu Əliyevə verdi.  Bu, İlham Əliyevə əvvəlki prezident seçkiləri ilə müqayisədə verilən ən yüksək səsdir. Verilən hər bir səs, göstərilən dəstək ötən 20 ildə görülən işlərə ən real qiymətdir.
Belə bir yüksək fəallıq bizi son əsrlərin ən böyük problemindən birdəfəlik xilas edən, dövlətimizin ərazi bütövlüyünə, suverenliyinə nail olan, gələcək nəsillər üçün qansız-qadasız, inkişaf mənzərəli gözəl bir gələcəyin təməlini qoyan Liderə - cənab İlham Əliyevə xalqın minnətdarlığının ifadəsi idi.  Bir sözlə, 7 fevral seçkisinin nəticələri onu da bir daha sübuta yetirdi ki, hər addımında, hər qərarında xalqa arxalanan, vətəndaşların dəstəyindən güc alan Lider nə qədər böyük qüdrət sahibidir. Müxtəlif maraqlarla Azərbaycana təzyiq göstərmək istəyən, öz niyyətlərini gerçəkləşdirməyə çalışan xarici qüvvələr bu qüdrət qarşısında nə qədər aciz və miskindirlər.

 

Belə ki, fevralın 14-də Prezident İlham Əliyev Milli Məclisdə keçirilən andiçmə mərasimində proqram xarakterli nitqində qarşıdakı dövrün inkişaf mesajlarını çatdırdı, yeni yüksəliş prioritetlərini elan etdi. Seçkilərdə göstərilən etimada görə Azərbaycan xalqına dərin təşəkkürünü bildirən Azərbaycan Prezidenti İlham Əliyev bu dəstəyin ona güc verdiyini, bu dəstəyə arxalandığını bildirərək əminliklə qeyd etdi və bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyini bildirdi: «İlk növbədə, prezident seçkilərində mənə yenidən böyük etimad və dəstək göstərən doğma Azərbaycan xalqına öz dərin təşəkkürümü bildirmək istəyirəm. Əziz xalqımı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlimdən gələni əsirgəməyəcəyəm».

 

Dövlətimizin başçısı onu da bildirdi ki, 20 ildən çoxdur ki, Azərbaycan xalqı mənə öz dəstəyini göstərir və 2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə əziz xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam: «Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi».

 

Dövlət başçısı proqram xarakterli çıxışında ilk növbədə tarixi zəfərimizlə bağlı çox mühüm qiymətləndirmələr apardı və bu qələbəni şərtləndirən amilləri təhlil etdi. Qeyd olundu ki, güclü Azərbaycan bizim həmişə hədəfimiz olub. Əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt biz ərazi bütövlüyümüzü bərpa edə bilməzdik. Bəli, məhz birlikdə olmağımız, həmrəyliyimiz, Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqımızın böyük dəstəyi sayəsində bu tarixi zəfərə imza atdıq, bütün ərazilərimizdə suverenliyimizi təmin etdik.

 

Azərbaycan Prezidenti İlham Əliyev çıxışında  Azərbaycanla Ermənistan arasında sülh prosesi ilə bağlı məsələyə toxunaraq bildirdi ki, bu məsələdə bizim heç bir vasitəçiyə ehtiyacımız yoxdur. Biz sülh prosesi ilə bağlı beş baza prinsipi və sülh müqaviləsinin mətnini hazırlayıb qarşı tərəfə təqdim etmişik. İndi Ermənistan real addımlar atmalı və yekun sülh sazişi imzalanmalıdır. Əgər Ermənistan bu istiqamətdə real addımlar atmayacaqsa, heç bizə də sülh lazım deyil. Lakin buna görə bütün məsuliyyət Ermənistanın və havadarlarının üzərinə düşəcək.

 

Dövlət başçımızın andiçmə mərasimində fevralın 7-də birinci xanım Mehriban Əliyeva və ailə üzvləri ilə Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs verdiklərini bildirdi. Qeyd edək ki, bu sıradan bir hadisə deyildi. Belə ki, Azərbaycan Prezidentinin Xankəndində səs verməsi “erməni separatçılarının tabutuna vurulan son mismar” idi. Prezident o binada səs verməklə həm Ermənistana, həm də onun xarici havadarlarına mesaj vermiş oldu – Bu torpaqların gerçək sahibləri bizlərik və bu dünya durduqca belə olacaq!.

 

Prezident İlham Əliyev eyni zamanda işğaldan azad edilmiş ərazilərimizin bərpasını və yenidən qurulmasını növbəti mühüm vəzifə kimi qiymətləndirdi və bildirdi ki, bu istiqamətdə çox ciddi işlər gedir. Beləliklə də, dövlətimizin başçısının sonda qeyd etdiyi kimi, yeni dövrə alnı açıq, üzü ağ qədəm qoyuruq. Yeni dövr uğurla başlayır, uğurla da davam edəcək: «Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Bu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək. Bu yolda hamımıza uğurlar, yolumuz açıq olsun!»

 

Bir sözlə, Cənab İlham Əliyevin andiçmə mərasimi Azərbaycanda sabitlik, firavanlıq və demokratiyanın möhkəmlənməsi yolunda mühüm addım olmaqla yanaşı, həm də yeni dövrün yeni çağışları hər bir azərbaycanlının qarşısında yeni hədəflər və vəzifələr qoyur. Qüdrətli və güclü Azərbaycan quruculuğunda hər birimiz səfərbər olmalı, cənab Prezidentin açdığı yolda yeni uğurlara və həfəflərə doğru inamla addımlamalı, üzərimizə düşən vəzifələri vicdanla yerinə yetirməliyik.

 

Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər