MÜSİAD Azərbaycan dərnək mərkəzində "Bütüncül Sağlıklı Yaşam" platforması tərəfindən “Sağlam Həyatın Sirləri” seminarı baş tutub.
Modern.az xəbər verir ki, seminarda qonaq qismində Türkiyənin Azərbaycandakı səfirliyinin ticarət üzrə baş müşavirləri Ahmet Erdal, Yakup Sefer, mədəniyyət və tanıtım müşaviri Prof. Dr. Muhittin Macit iştirak ediblər.
Seminarda təlimçi qismində "Bütüncül Tıp Okulu"nun təsisçisi onkoloq Dr. Murat Baş və "BSY Bütüncül Sağlıklı Yaşam Platformu" və "Kangen Water Türkiyə" təsisçisi Naturopati Danışmanı İbrahim Aydın Altunordu çıxış edib.
Çıxışçılar sağlam yaşam, sağlam yaşamağın şərtləri, cəmiyyətin sağlamlıqla bağlı düşüncələri, günümüzdə necə sağlam yaşamaq olar haqqında fikirlər səsləndiriblər. Mözvu ilə bağlı təlimçilər öz təcrübələrini bölüşüblər. Sağlam yaşamağın sirləri nədir? İnsanlar sağlam yaşamağa məcburdularmı? sualları ətrafında tədbir iştirakçıları ilə birlikdə müzakirələr aparılıb. Auditoriyanın bu mövzuda fikirləri öyrənilib, suallar cavablandırılıb.
Seminarda çıxış edən MÜSİAD Azərbaycanın idarə heyətinin üzvü Əli Qədirbəyli iştirakçılara dərnək haqqında məlumatlar verib.
O bildirib ki, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi 1990-ci ildə Türkiyədə qurulub:
“Dərnəyin əsas vəzifəsi mənəvi dəyərləri olan iş adamlarının birlikdəliyini yaratmaqdır.
Eyni missiya, eyni məqsədlə MÜSİAD Azərbaycan 2017-ci ildən fəaliyyətdədir.
Güvəndiyimiz iş adamlarını bir araya gətirməklə, təmiz, etibarlı iş üçün fəaliyyət göstəririk. Hazırda dünyada 160 MÜSİAD ofisi var. Bunların 80-i Türkiyədə, yarısı digər ölkələrdədir”.