Fevralın 29-da Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciətlə çıxış edəcək.
Modern.az xəbər verir ki, ekspertlər onun siyasi, geosiyasi və Rusiya-Ukrayna müharibəsi mövzularından başqa nədən danışacağını təxmin etməyə çalışırlar.
Rusiya Dövlət Dumasının Sosial siyasət komitəsinin sədri Yaroslav Nilov bildirib ki, müraciətdə sosial siyasətə xüsusi yer veriləcək, ehtiyacı olanlara yardım üçün həyata keçirilən tədbirlər təqdim olunacaq. “Bu ilin “Ailə ili” elan olunduğunu nəzərə alsaq, hesab edirəm ki, xüsusilə çoxuşaqlı ailələrə əlavə diqqət göstəriləcək. Həmçinin əmək bazarı və məşğulluqla bağlı problemlərə də istinad ediləcək. Təbii ki, prezident də məmurları xalq naminə açıq ürəklə işləməyə çağıracaq”, - deyə deputat bildirib.
Sosioloq Mariya Filinin sözlərinə görə, prezident uşaqlı ailələrə müraciət edəcək və doğumun təşviqi ilə bağlı tədbirlər görəcək.
Ekspert Aleksey Firsovun sözlərinə görə, Putin yeni konsepsiyanın icrasına başlandığını elan edəcək.
Digər ekspert Oleq Abelev qeyd edib ki, Putinin mesajının mövzusunu Rusiya federal dövlət büdcəsinin xərclər hissəsinə nəzər salmaqla başa düşmək olar. Bunlar milli müdafiə sistemi, sosial siyasət, səhiyyə və təhsil, iqtisadiyyatın müxtəlif sahələrinə subsidiyalar, kiçik və orta sahibkarlığın güzəştli kreditləşdirilməsidir.
Dövlət Şurasının kiçik və orta sahibkarlıq komissiyasının üzvü Vadim Lobov da qeyd edir ki, Putin xüsusi hərbi əməliyyatda iştirak edənlərin sosial və məşğulluq məsələlərinə diqqət yetirəcək.