Modern.az

Ağzıgöyçəklər, diliçirkinlər...

Ağzıgöyçəklər, diliçirkinlər...

Aktual

21 Fevral 2024, 18:18

Əkbər Qoşalı

 

Azərbaycan Prezidentinin qardaş Türkiyəyə rəsmi səfəri gündəmimizin əsas mövzusudur. Bu da təbiidir – İlham Əliyev 14 fevralda Prezident andı içdikdən sonra ilk rəsmi səfərini məhz qardaş ölkəyə - müttəfiqlik münasibətləri “Şuşa Bəyannaməsi” (15.06.2021) ilə ən yüksək səviyyəyə qalxmış Türkiyəyə etdi; səfər əsnasında çox önəmli ismarıclar verildi, vacib sənədlər imzalandı. Bu mövzu Azərbaycanla Türkiyənin, digər qardaş ölkələrimizin mediasının gündəliyində qalmağı haqq edir, əlbəttə; bununla belə, Prezident Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirakı (16-18 fevral), oradakı görüşləri və ismarıcları da Türkiyəyə rəsmi səfərindən heç də az önəmli sayılmaz.
Dövlət və hökumət başçılarının, aparıcı beynəlxalq maliyyə qurumlarının, nüfuzlu təşkilatların Azərbaycan Prezidenti ilə görüş üçün çoxsaylı müraciətləri özəlliklə vurğulanmalıdır. Bu, respublikamızın – qalib Azərbaycanın beynəlxalq aləmdə getdikcə daha da artan rolunu, dövlət başçımızın şəxsi nüfuzunu bir daha və parlaq şəkildə göstərməkdədir.
Təsəvvür edin:
Prezident İlham Əliyev iki gündə nə az-nə çox, düz 24 (!) görüş keçirib (daha 10 görüş üçün müraciətlər daxil olsa da, fiziki olaraq (vaxt baxımından) onları gerçəkləşdirmək mümkün olmayıb).
O cümlədən
Almaniya kansleri Olaf Şolts,
ATƏT-in fəaliyyətdə olan sədri (Malta Respublikasının Xarici, Avropa işləri və ticarət naziri) İan Borq ilə,
ABŞ-ın üç nüfuzlu heyəti
(Dövlət katibi Entoni Blinken,
keçmiş Dövlət katibi, ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsi Con Kerri,
ABŞ Prezidentinin Qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteyn)  

Rokfeller Fondunun (“The Rockefeller Foundation”) Strateji kommunikasiyalar, siyasət və təbliğat üzrə Baş vitse-prezidenti Eylin xanım Okonnor ilə görüşlərin nə qədər önəm kəsb etdiyi aydındır.
Biz bu yazıda ABŞ vurğusu etmək istəyirik. – 
Çünki, son vaxtlar ABŞ-Azərbaycan ikitərəfli münasibətlərində müəyyən geriləmə vardı; hərçənd, belə bir münasibətsizlik bizdən qaynaqlanmırdı və obyektiv əsaslara malik deyildi. – Bəs səbəb nəydi? – Səbəb: ABŞ tərəfinin münasibətlərə Ermənistanla bağlar kontekstində baxmasıydı. Bizim mövqeyimiz açıq-aydın olub, məntiqə, beynəlxalq hüquq normalarına tam uyğundur: Azərbaycanın başqa ölkələrlə bağlarının Ermənistan-Azərbaycan münasibətlərinə (yaxud münasibətsizliklərinə) heç bir aidiyyəti yoxdur! İkitərəfli münasibətlərdə hər hansı bir qeyd-şərt, digər ölkələrə istinad edilməsi qətiyyən yolverilməzdir. – Bax, bu konteksdə baxdıqda, ABŞ-ın nüfuzlu heyətlərinin Azərbaycan Prezidenti ilə görüşünü, qarşı tərəfin yenidən soyuq ağla, qeyd-şərtsiz münasibətlərə dönüşü kimi xarakterizə edə bilərik.
Heç təsadüfi deyil ki, Energetika naziri Pərviz Şahbazov hazırda ABŞ-da ikitərəfli enerji işbirliyinin inkişaf perspektivlərini, habelə Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinin təmini yönündə həyata keçirdiyi böyük layihələri müzakirə edir. Habelə, ABŞ-la bir çox başqa əməli fəaliyyət sahələrindəki münasibətlərdə də tərəqqi var. – Demək, artıq ABŞ-da gerçək durumu anlayırlar və bu da, ikitərəfli münasibətlərin öncəki tezliyə qayıtmasına dəlalət edir.
Prezident İlham Əliyevin Münxendə keçirdiyi görüşlər, verdiyi ismarıclar yalnız ABŞ-la deyil, Azərbaycanın ümumən Qərblə münasibətləri baxımından da önəm daşıyır. Bu planda, özəlliklə nələri fərqləndirə bilərik? –
Azərbaycanın guya Qərbdən uzaqlaşdığı, özünü təcrid etdiyi, Avropadan geri çəkildiyi barədə ağzıgöyçək, dili çirkinlərin səsləndirdiyi iddialar Münxendə suya düşdü. Respublikamızın Münxenə (nüfuzlu (və gələnəksəl) Təhlükəsizlik Konfransına) və ondan öncə Davosa (Dünya liderləri və tanınmış işadamlarının hər il İsveçrənin Davos şəhərində keçirilən forumuna) dəvət edilməsi bir daha göstərdi ki, hərzə-hədyanların, yalançı təbliğatın heç bir əsası və perspektivi yoxdur.
Azərbaycan bundan sonra da öz milli çıxarlarından çıxış edərək balanslı siyasətini davam və inkişaf etdirmək əzmindədir.
Beləliklə, Azərbaycanın növbədənkənar Prezident seçkilərindən sonra nüfuzlu Münxen Təhlükəsizlik Konfransına dəvəti, Münxen səfəri ərzində dövlət və hökumət başçılarının, sayğın təşkilat başçılarının Prezident Əliyevlə görüş üçün çoxsaylı müraciətləri bu seçkilərin sonuclarına münasibətin təsbitidir.
Bəli, Azərbaycan Respublikası artıq “Orta güc” ölkələri sırasındadır; ölkəmiz regional miqyasda deyil, qlobal miqyasda pozitiv gündəliyin formalaşmasına öz sanballı töhfələrini verir. – Belə töhfələr ötəri xarakter daşımır; çünki daha öncələr də pozitiv gündəliyə qatqıda bulunmuş, danılmaz töhfələrlə çıxış etmişik və gələcəyə baxışımız, artan imkanlarımız daha üstün töhfələrin müjdəçisidir.
Azərbaycan Prezidentinin sıx qrafikinə baxmayaraq, qısa aralıqla Ankaraya, ondan öncə Münxenə səfər etməsi, COP29 müzakirələrinin önəmli görüşlərdə baş mövzulardan biri olması və s. Azərbaycanın beynəlxalq ictimaiyyətə verdiyi pozitiv gündəliyin parlaq ifadəsidir. Bakının (ümumən Azərbaycanın!) nüfuzlu beynəlxalq tədbirlərin, idman yarışlarının, humanitar forumların, eləcə də, tolerantlıq, multikulturalizm, sivilizasiyalar və mədəniyyətlərarası dialoq mərkəzinə (ocağına) çevrilməsi faktını xatırlatsaq, COP29-un uğurlu keçəcəyini indidən söyləmək mümkündür. Bax, qonşusu belə bir ölkə olan istənilən ölkə özünü şanslı bilməli, Azərbaycanla qonşuluğu, əməkdaşlıq imkanlarını yüksək dəyərləndirməyi bacarmalıdır. Yoxsa, elə dalan oğlu dalan qalan olacaq...
Bu gün istənilən obyektiv müşahidəçi təsdiq edər ki, Azərbaycan Respublikasının Ermənistan istisna olmaqla, heç bir başqa ölkə ilə problemi yoxdur. Ermənistanla problem isə qətiyyən bizdən qaynaqlanmır! Ayrıca, respublikamızın beynəlxalq aləmlə bağları artıq Ermənistanla münasibətlər üzərində qurulmayıb; indi daha çox ünvanda anlayır və qəbul edirlər ki, məlum işğal (daxili imkanlarımız – öz gücümüz hesabına!) birdəfəlik həll olunub və bundan sonra Azərbaycan qlobal siyasətdə daha aktiv rol oynayacaq! 

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!