Modern.az

Xocalı faciəsi xalqımızın qan yaddaşıdır - FOTO

Xocalı faciəsi xalqımızın qan yaddaşıdır - FOTO

26 Fevral 2024, 14:16

Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan xalqının XX əsrdə yaşadığı ən faciəli tarixlərdən biri olan Xocalı qətlyamının  32-ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir”  mövzusunda konfrans keçirilib.

 

Modern.az xəbər verir ki, LDU-nun Böyük akt zalında keçirilən konfrans Xocalı faciəsinin günahsız qurbanlarının və  canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin xatirəsinin 1 dəqiqəlik sükutla anılması ilə başlanıb.

 

Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov  Azərbaycan tarixinin ən ağrılı  və faciəli səhifəsi olan Xocalı soyqırımının təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən qəddar cinayətlər siyahısında yer aldığını bildirib, bu faciəni əsrlər boyu ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımların daha bir dəhşətli təzahürü kimi qiymətləndirib.  44 gün davam edən və Azərbaycan xalqının qələbəsi ilə bitən Vətən müharibəsini Xocalı faciəsinə xalqımızın layiqli cavabı, qisası kimi dəyərləndirən prof. Natiq İbrahimov qanlı soyqırıma ilk dəfə hüquqi qiymətin məhz Ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini xüsusi vurğulayıb: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi iki yüzdən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırım siyasətinin qanlı səhifəsidir”. Universitet rəsmisi bu il ilk dəfə Xocalıda faciə qurbanlarının xatirəsinin anılmasını ilahi ədalət kimi dəyərləndirib. Bildirib ki, Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir. Rektor çıxışını Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevin sözləri ilə tamamlayıb: “Biz Xocalı soyqırımı qurbanlarının qisasını döyüş meydanında aldıq. Biz heç vaxt imkan verə bilmərik ki, bizim bölgədə erməni faşizmi baş qaldırsın. Heç vaxt imkan verə bilmərik ki, Ermənistan yenə də Azərbaycan üçün potensial təhdidə çevrilsin. Əgər bunu görsək, onu yerindəcə məhv edəcəyik”.

 

LDU-nun “Tarix və onun tədrisi metodikası”sı kafedrasının müdiri, dos. Kamal Mahmudov “Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir”  mövzusunda məruzə edib. Məruzədə Xocalı faciəsi baş verən dövrdə Azərbaycanda və dünyada yaşanan hadisələr, faciəni doğuran səbəblər və onun ağrılı nəticələri, ibrət dərsləri, Ulu öndər Heydər Əliyevin Xocalı dəhşətlərinin dünyaya çatdırılması istiqamətində çoxşaxəli fəaliyyəti və s. barədə ətraflı  söz açılıb. Bildirilib ki,  Heydər Əliyevin 1994-cü il fevralın 24-də imzaladığı fərmanla 26 Fevral xalqımıza qarşı törədilən soyqırımı aktı kimi qeyd edilməyə, lokal məkandan çıxaraq beynəlxalq səviyyədə tanınmağa başlanıb.

 

Məruzəçi 32 il öncə baş verən Xocalı soyqırımını Azərbaycan xalqının tarixində qanla yazılmış  səhifə  adlandırıb,  qətlyam törədənlərin  hələ də layiqli cəzalarını almadığını qeyd edib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin “Xocalı xalqımızın sağalmaz dərdidir, xalqımıza qarşı törədilən soyqırımdır” fikrini dəstəkləyən məruzəçi  erməni qəsbkarlarının tarix boyu xalqımıza olmazın faciələr yaşatdığını deyərək gəncləri unutqan olmamağa, tarixin ibrət dərslərindən  lazımi nəticə çıxarmağa çağırıb, bu gün dünyanın  onlarla ölkəsində Xocalı faciəsinin soyqırım kimi qəbul edilməsini düzgün yeridilən xarici siyasətimizin nəticəsi kimi dəyərləndirib.

 

Tarix-coğrafiya və incəsənət fakültəsinin dekanı dos. Afaq Qasımova, Tarix və onun tədrisi metodikası kafedrasının dosenti Müşfiq Bayramov çıxışlarında bildiriblər ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülmüşdür ki, onların 150 nəfərinin taleyi indiyə kimi də məlum deyil. Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkəsində hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.

 

Anım tədbirində Xocalı dəhşətlərindən bəhs edən videorolik  nümayiş edilib.

 

Sonra Xocalı faciəsini əks etdirən rəsm sərgisinə baxış olub.

 

Qeyd edək ki, bu gün Lənkəran Dövlət Universitetində ilk dərslərdə Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla yad edilib,  Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış xatirə abidə kompleksi professor-müəllim-tələbə-işçi heyəti tərəfindən ziyarət olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir