Modern.az

Ali Sovetin o vaxtkı deputatları Xocalı soyqırımından necə xəbər tutublar...

Ali Sovetin o vaxtkı deputatları Xocalı soyqırımından necə xəbər tutublar...

Aktual

26 Fevral 2024, 17:06

Bu gün ermənilərin törətdiyi Xocalı soyqırımının 32-ci ildönümüdür.

 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən soyqırımı zamanı dinc azərbaycanlı əhaliyə amansızlıqla divan tutulub, 613 nəfər qətlə yetirilib, meyitlər təhqir olunub, 1275 nəfər girov götürülüb. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl və qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq  valideynlərindən birini itirib.

 

Xocalı soyqırımı törədilərkən Azərbaycan parlamentini XII çağırış Ali Sovetin deputatları təşkil edirdi.

 

Modern.az saytının əməkdaşı həmin dövrdə deputat olmuş parlamentarlarla əlaqə saxlayaraq, onlardan Ali Sovetin hadisəyə reaksiyasını xatırlamağı istəyib.

 

Milli Məclisin hazırkı deputatı - XII çağırış Ali Sovetin üzvü Sabir Rüstəmxanlı bildirib ki, həmin vaxt Xocalıda baş verən hadisələrin bütün təfərrüatlarını o zamankı parlamentarilərdən çoxu bilmirdi:


“Xocalıda ermənilərin xalqa divan tutduğunu, 366-cı motoatıcı alayın Xocalıya girdiyini bilirdik. Lakin detallardan xəbərimiz yox idi. Baş verənləri lentə alan telejurnalist Çingiz Mustafayevlə yaxınlığımız vardı. Mən onu yaxşı tanıyırdım, o da mənə inanırdı. Parlament binasının yanında Çingiz Mustafayev mənə yaxınlaşıb əlində lent olduğunu, ona Ali Sovetdə baxılmasını xahiş etdi. Ondan lentin nə ilə bağlı olduğunu soruşdum, Ali Sovetdə baxılması üçün əlimdən gələni edəcəyimi söylədim. Çingiz Mustafayev lentin mahiyyətini demədi. Sadəcə onu bildirdi ki, baxanda bilərsiniz. 

Ali Sovetə gəldim. İclas zalında yanımda Tofiq Bağırov, İsmayıl Şıxlı otururdu. Təklif etdim ki, Xocalıda baş verənlərlə bağlı lent göstərilsin. Ali Sovetin müəyyən hissəsi buna etriaz etdi. Tofiq Bağırov mənə dedi ki, "bəlkə lent göstərilməsin... Böyük bir faciə baş verib, lent göstərilsə, yer yerindən oynayacaq". Dedim ki, yer yerindən oynadı-oynamadı, bir hadisə baş veribsə, biz ondan xəbərdar olmalıyıq".


S.Rüstəmxanlı qeyd edib ki, videolentin nümayişindən sonra Ali Sovetdə vəziyyət dəyişib:


"Mənim təklifim 2 dəfə səsə qoyuldu, lakin qəbul olunmadı. 3-cü dəfə səsə qoydulduqda məsələ diqqətləri çəkdi. Sonra videolenti göstərdilər. Hamı olanları gördü. İndi dəfələrlə hamımızın tamaşa etdiyimiz görüntülərə o vaxt ilk dəfə biz baxdıq. Təbii ki, Ali Sovetdə əhval-ruhiyyə dəyişdi. Prezident Ayaz Mütəllibovun istefası məsələsi gündəmə gəldi".

 

Həmin dövrdə deputat olmuş Fərəc Quliyev deyib ki, Azərbaycan Xalq Cəbhəsi hadisələrdən sonra demokratik blok yaradıb:
 

"Həmin dövrdə Azərbaycan Xalq Cəbhəsi demokratik blok yaratdı. O zaman biz Xocalı və 20 Yanvar hadisələrini törədənlərin cinayət məsuliyyətinə cəlb olunması kimi tələb səsləndirirdik. Mən bu gün də deyirəm ki, 366-cı motoatıcı alay keçmiş SSRİ-nin yox, Rusiyanın idi. Çünki onda artıq SSRİ dağılmışdı. Ünvanlar düzgün göstərilməlidir. Azərbaycanın düşmənləri bilməlidir ki, onlar unudulmurlar. Nə vaxt imkan olarsa, onlar cəzalandırılmalıdır. Prezidentliyə namizəd olanda da demişdim ki, 20 Yanvar və Xocalı hadisələrini törədənləri harada olursa-olsun infaz edəcəyik. Mənim mövqeyim təbii ki, 32 ildə dəyişməyib. Düşünürəm ki, məsələ sona çatmayıb. Xocalı və 20 Yanvar hadisələrinin qatilləri ən ağır şəkildə cəzalandırılmalıdır! Beynəlxalq  təşkilatlara da müraciət etdik. Müraciətdə tələb etmişik ki, indiyə qədər baş verənlərə qarşı səssizliyi pozsunlar. Xocalı qatillərinin məhkəmə qarşısında cavab vermələri üçün səylərini birləşdirsinlər".


F.Quliyev onların tələblərinə lazımi reaksiyanın verilmədiyini söyləyib:
 

"Demokratik blokun tələblərinə çox təəssüf ki, bizim istədiyimiz kimi reaksiya olmadı. Bu günə qədər də hesab edirəm ki, Xocalı və 20 Yanvar qətliamının qatilləri layiq olduqları cəzanı almayıblar".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok