Modern.az

Ceyhun Bayramov onunla da görüşdü

Ceyhun Bayramov onunla da görüşdü

Aktual

2 Mart 2024, 13:42

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində martın 2-də Müqəddəs Taxt-Tacın xarici işlər üzrə dövlət katibi arxiyepiskop Pol Riçard Qallager ilə görüşüb.

 

Modern.az-a Xarici İşlər Nazirliyindən verilən məlumata əsasən, görüşdə Azərbaycan və Müqəddəs Taxt-Tac arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə cari regional vəziyyət müzakirə olunub.

 

Xəbərdə bildirilir ki, nazir Ceyhun Bayramov iki ölkə arasında intensiv xarakter daşıyan səfərlər və görüşlərin münasibətlərin inkişafına töhfə verdiyini bildirib. Xüsusilə, Azərbaycanın Müqəddəs Taxt-Tacda səfirliyinin təsis olunmasından sonra artan təmasların məmnunluq doğurduğu, o cümlədən siyasi, mədəni, humanitar və s. sahələr üzrə əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsində vacib rol oynadığı qeyd edilib.

 

Bundan başqa C.Bayramov bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əməkdaşlıq üçün əlavə imkanlar yaratdığı diqqətə çatdırılıb.

 

Qarşı tərəf eyni zamanda postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh gündəliyinin son durumu barədə məlumatlandırılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir