Modern.az

Azərbaycan özünün neft-qaz tarixindəki uğurunu təkrarlayır - Kamran Bayramov

Azərbaycan özünün neft-qaz tarixindəki uğurunu təkrarlayır - Kamran Bayramov

Aktual

5 Mart 2024, 10:46

Bu gün ölkəmizdə dünya səviyyəli tədbirlərin keçirilməsi ənənə halını alıb. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər, həm, mahiyyət, həm də, müzakirə olunan mövzuların aktuallığı  baxımından diqqət doğurur. Mühüm əhəmiyyətli islahatların və layihələrin tətbiqi ilə dünya birliyində islahatçı ölkə kimi tanınan, təşəbbüsləri beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən və yüksək dəyərləndirilən Azərbaycanın reytinqi ildən-ilə yüksəlir. Bu gün iqtisadiyyatımızı şaxələndirməyə, neft və qaz sektorundan asılılığı azaltmağa nail olmuşuq. Ölkəmizə son 20 ildə 300 milyard dollardan artıq sərmayə cəlb edilib. 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) dörd dəfə artıb. Düşünülmüş sosial siyasət nəticəsində yoxsulluq səviyyəsində yaşayan əhalinin sayı təqribən 50 faizdən 5 faizə qədər enib. Bu onu nümayiş etdirir ki, enerji layihələrinin həyata keçirilməsi nəticəsində əldə edilmiş sərvət əhalimizin bütün seqmentləri arasında ədalətli bölünüb. Azərbaycanda xarici borcun səviyyəsi hər il azalır. Bu isə Azərbaycan iqtisadiyyatının dayanıqlılığını nümayiş etdirir.  Prezident İlham Əliyevin cari ilin 1 mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibəsində ölkəmizin iqtisadi potensialı və bu istiqamətdə perspektivlər haqqında ətraflı fikirləri yer alıb.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.

 

K.Bayramov qeyd edib ki, enerji keçidinə xidmət edən bütün istiqamətlərdə Azərbaycan sürətlə irəliləyır. Bu öz əksini ölkədə energetika infrastrukturunun tam yenilənməsi, enerji təminatının yüksək səviyyədə və təhlükəsiz şəraitdə təmin edilməsi, sahəyə məqsədli investisiya və digər fəaliyyətlərdə öz əksini tapıb. Azərbaycanın enerji transformasiya sahəsində lider olması bu fəaliyyətlərin kompleks şəkildə həyata keçirilməsinin nəticəsidir. Uğurla həyata keçirilən enerji siyasəti ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir. Dövlət başçımızın müsahibədə vurğuladığı  əsas məqamlardan biri də odur ki, bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olunur. Cənub Qaz Dəhlizi layihəsi ilə əlaqədar çoxlu müxtəlif ideyalar var idi. Nikbin düşünənlər də, bədbin düşünənlər də var idi. Həmçinin, belə düşünənlər də var idi ki, biz bunu həyata keçirə bilməyəcəyik. “ Lakin biz əzmli idik və bilirdik ki, bunu etmək mümkündür. Ancaq bizim geniş beynəlxalq əməkdaşlığa ehtiyacımız var idi. Ona görə də bizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladıq. Uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır və o, getdikcə daha çox ölkələri əhatə edir. Çünki bu gün açılış mərasimində dediyim kimi, bizim təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorlarımız var. Bu, həqiqətən də enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişir. On il bundan əvvəl başladılan təşəbbüsün yaxşı nəticələrini görəndə, əlbəttə ki, insan özünü hər zaman xoşbəxt hiss edir.”

 

Deputat diqqətə çatdırıb ki, hazırda  ölkəmizin uğurlu enerji siyasəti   Azərbaycanın hüdudlarından kənara çıxmışdır. Regional çərçivədə başlayan əməkdaşlıq illər keçdikcə coğrafiyasını genişləndirərək beynəlxalq miqyas aldı. Bu gün yaşıl enerji növlərinin yaradılması və dünya bazarlarına nəqli bizim enerji siyasətimizin prioritetidir. Hazırda   Azərbaycanın Bərpaolunan enerji sahəsində nəhəng potensialı vardır. Dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır: “Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 giqavat təşkil edir. Biz artıq bu mühüm yolu qət etməyə başlamışıq. Biz ola bilsin ki, 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq.”

 

K.Bayramov əlavə edib ki, Azərbaycanın bərpaolunan enerji gündəliyi təkcə günəş və ya, külək elektrik stansiyaları ilə məhdudlaşmır. Hazırda üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk. Bu da yaşıl enerjiyə keçid prosesinə digər mühüm bir töhfə olacaqdır. Dövlət başçısının qeyd etdiyi kimi, planlarımız enerji dəhlizini, Xəzər-Avropa İttifaqı enerji dəhlizini yaratmaq üçün tərəfdaşlarımızla fəal işləməkdən ibarətdir. Azərbaycanın vaxtilə çoxlarına əfsanə kimi görünən layihələrin gerçəkləşdirilməsinə nail olması bugünkü  uğurlara yol açdı. Hazırda Azərbaycan “yaşıl enerji” ixracına dair layihələr həyata keçirməklə özünün neft-qaz tarixindəki uğurunu təkrarlayır. Bu səbəbdən COP-29 sessiyasının Bakıda keçirilməsi təsadüfi xarakter daşımır və ölkədə innovasiyaların inkişaf strategiyasının nəticəsidir.

Whatsapp
Bizə yazın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi