Modern.az

“Vicdansızlar hər yerdə var: həkimlərin, müəllimlərin, məmurların arasında da” - Ərşad Əzimzadə

“Vicdansızlar hər yerdə var: həkimlərin, müəllimlərin, məmurların arasında da” - Ərşad Əzimzadə

Aktual

12 Mart 2024, 12:07

“Mənim əsas qidam, enerji mənbəyim bunlardır: Günəş işığı, hava, su, meyvə-tərəvəz və bal. Mən şəfanı da, enerjini də, ilhamı da ana Təbiətin zəngin süfrəsindən alıram”.

Modern.az-ın məlumatına görə, bunu tanınmış yazıçı-jurnalist, “Ana Təbiət” Natural Gigiyena Mərkəzinin rəhbəri Ərşad Əzimzadə bildirib.

O deyib ki, hər il təxminən 80-90 kiloqram bal işlədir:

“Bu, təxminən, 3 min manata yaxın pul eləyir. Çoxdur? “Çoxdur” deyənlərə məsləhət görürəm ki, il ərzində çörəyə, un məmulatlarına, ətə, yağa, şəkərə, şəkər tozuna, şirniyə, çaya, kofeyə, “fanta”ya və digər mayelərə, düyüyə, paxlalı bitkilərə, yarmalara və s. verdiyiniz pulları kalkulyatora yazın. Həkimə, dərmana, saxtakar “ölüdirildənlərə”, pirlərə, cadu-pitiyə, falabaxana veriyiniz nəhəng məbləği də onun üstünə gəlməyi unutmayın. Nə qədər elədi? Hələ mən onu demirəm ki, mənim çəkdiyim xərc sağlamlığa xidmət edir, ölü qidalara verilən pul isə yeni xəstəilk törədir, evə bədbəxtlik gətirir, ailəni daim əndişə içində saxlayır”.

Ə.Əzimzadə balın faydalarından danışarkən deyib:

“Balın zəngin tərkibi və sayagəlməz faydası haqqında o qədər yazılıb ki, mən bu mövzuya toxunmağı artıq sayıram. Təkcə onu deyəcəm ki, təmiz bal - ən böyük şəfa xəzinəsidir. Baldan güclü şəfa xəzinəsi ancaq Günəş enerjisi ola bilər.

Çiçəkdən-çiçəyə qonub, şirə çəkən arıların nektardan bal düzətməsi prosesi də çox mürəkkəb və əzablı işdir, arı ailələrinə qulluq eləmək də. Zəhmətkeş məxluqun bal hasilə yetirməsi də dərin elmdir, arılara qulluq etmək də. Amma o zəhmətkeş məxluqların əbədi təbiət qanunları üzərində qurulmuş möcüzəli sistemini - ən mükəmməl “dövlət quruluşunu” dərindən öyrənməyə dəyər. Özü də bu elmi nə qədər çox adam öyrənsə, ölkəmizdə nə qədər çox savadlı arıçı yetişsə və onların arasında sağlam rəqabət nə qədər güclü olsa, alıcıların təmiz bal tapmaq şansı bir o qədər yüksək olacaq”.

Ə.Əzimzadənin sözlərinə görə, bu gün arıçılar arasında sağlam rəqabət yoxdur, ona görə də təmiz bal tapmaq müşkül iş olub.

“Arıçıların günahını yumaq üçün, deyə bilərəm ki, indi saxta, natəmiz olan təkcə bal deyil. Bütün ərzaq növləri ekoloji baxımdan natəmizdir. Səbəbi də budur ki, “qara biznes” vicdan adlanan hasarı uçurub. Oxucularım və ardıcıllarım məndən tez-tez soruşurlar: “Təmiz meyvə-tərəvəzi hardan tapaq?”. Çox təəssüf ki, mən onlara bir etibarlı ünvan göstərə bilmirəm. Xəcalət içində deyirəm: “Mən özüm də ekoloji cəhətdən çirkli olan meyvə və tərəvəz yemək zorunda qalmışam”. Və əlavə edirəm: “Amma burası da var ki, dərmanlı meyvə və tərəvəz “təmiz” kolbasadan, tortdan, makorondan min qat yaxşıdır”. Amma balı, neçə illərdi, inandığım bir adamdan alıram. Məsləhət görürəm ki, siz də əldə çiraq, etibarlı arıçı tapın və onun daimi müştərisi olun.
 

Şəfalı balı natəmiz edənlərin adını bir-bir çəkə bilməsəm də, onları birləşdirən ümumi cəhəti deyə bilərəm: az zəhmət hesabına çox pul qazanmaq istəyən, öz harınlığını insanların bədbəxtliyi üzərində quran vicdansız acgözlər. Beləsi bağbanların arasında da var, maldarların arasında da, həkimlərin arasında da, müəllimlərin arasında da, ən çoxu isə məmurların və siyasətçilərin arasında”.


Ə.Əzimzadə deyib ki, bilikli və vicdanlı arıçılar heç vaxt arının bütün məhsulunu arı ailəsinin əlindən almır, onlara qış fəslində yemək üçün əzuqə saxlayır.

“Vicdansız adamlar isə balın hamısını süzüb satır, arı ailələrinə, baldan qat-qat ucuz olan şəkər tozu məhlulu yedirdir. Ac qalan arı istəyi və təbiəti ziddinə gedərək, zəhərli qidanı qəbul etməli olur. Təbii ki, belə bal çiçəklərdən çəkilmiş şəfalı neməti əvəz edə bilmir. Üstəlik, indi müxtəlif üsullarla süni bal düzəldən “arıçılar” peyda olub. Onlar hazırladıqları “suraqatı” qapı-qapı gəzərək, çox ucuz qiymətə satırlar. Dələduz işbazlar da saxta balları su qiymətinə alıb, “Xınalıq balı”, “Kəlbəcər balı”, “Daşkəsən balı” və s. Adla od qiymətinə satırlar”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?