Avropa Komissiyası martın 12-də Ukraynanın Avropa İttifaqına üzvlük üçün danışıqlar çərçivəsini təsdiqləyib.
Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bəyanatla çıxış edib.
"Avropa Komissiyası Ukraynanın Avropa İttifaqına üzv olması ilə bağlı danışıqlar formatını təsdiqləyib. Müvafiq təkliflər Aİ Şurasına təqdim edilib", - deyə Baş nazir bildirib.
Şmıqal qeyd edib ki, Ukrayna danışıqların başlanmasına və Avropa İttifaqına üzvlüyünə bir addım yaxınlaşıb: "Bu addım Ukraynanın nailiyyətlərinin, bizim transformasiyamızın və Ukraynanın mütləq Aİ-nin üzvü olacağı faktının sübutudur. Hökumətimizin prioriteti bunun mümkün qədər tez baş verməsinə əmin olmaqdır".
Xatırladaq ki, ötən ilin dekabrında keçirilən sammit zamanı Avropa İttifaqı ölkələrinin liderləri Ukrayna ilə birliyə üzvlüklə bağlı danışıqlara başlamaq qərarına gəliblər. Əslində isə danışıqlar hələ başlamayıb. Bunun üçün xüsusilə Avropa Komissiyasının çərçivə şərtlərini formalaşdırmaq lazım idi.