Odlar Yurdu Universitetində təhsil alan əcnəbi tələbələr üçün “Miqrasiya sahəsində elektron resurslardan istifadə və bəyan olunmuş təhsilalma məqsədlərinin pozulmasına görə inzibati məsuliyyət” mövzusunda seminar keçirilib.
“Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İB-nin təşəbbüsü və Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə baş tutan seminarın məqsədi sözügdən universitetdə təhsil alan əcnəbi tələbələrin və müəssisənin aidiyyəti məsələlərə məsul şəxslərinin miqrasiya qaydaları sahəsində biliklərinin artırılması və bu istiqamətdə əcnəbi tələbələrlə əlaqədar sənədləşmə işlərinin aparılma bacarıqlarının inkişaf etdirilməsi olub.
Odlar Yurdu Universitetinin keyfiyyət təminatı, innovasiyalar və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Fəxrəddin Məmmədov əcnəbi tələbələrin təhsilalma məqsədlərindən irəli gələn qeydiyyat və miqrasiya qaydalarına uyğun davranışı, bu müstəvidə daha çox rast gəlinən aktual məsələlər barədə danışıb.
“Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İB-nin sədri Azər Allahverənov əcnəbi tələbələrlə bağlı daxil olan çoxsaylı müraciətlərdən bəhs edib və təhsil alan əcnəbilər arasında keçirilən bu kimi maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb.
Dövlət Miqrasiya Xidmətinin çoxşaxəli fəaliyyətinə nəzər salan Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin Hüquqi təminat idarəsinin rəis müavini Xəyalə Abbasova Dövlət Xidməti tərəfindən əcnəbi tələbələrlə bağlı mövcud miqrasiya qaydaları və bu kateqoriyadan olan əcnəbilərin yol verdikləri hüquqpozmalar barədə danşıb.
Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsinin Miqrasiya proseslərinin təhlili idarəsinin rəis müavini vəzifəsini müvəqqəti icra edən Sunay Quliyev və Miqrasiya nəzarəti baş idarəsinin Ölkə daxilində miqrasiya məsələlərinə baxılması şöbəsinin rəisi Rüstəm Rəhimov təhsil alan əcnəbi tələbələrlə bağlı miqrasiya qanunvericiliyinin müxtəlif aspektlərini və elektron resurslardan istifadə qaydalarını əhatə edən təqdimatlarla çıxış ediblər.
Görüşdə iştirak edən Odlar Yurdu Universitetinin ümumi işlər üzrə prorektoru Taleh Qələndərli və “Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyinin sədri, Miqrasiya Əməkdaşlıq Platformasının Təhsil üzrə İşçi qrupunun rəhbəri Vidadi Fətullayev əcnəbi tələbələrlə bu kimi maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd ediblər.
Tədbirdə əcnəbi tələbələrin və Odlar Yurdu Universitetinin əcnəbi tələbələrlə iş üzrə məsul əməkdaşlarının sualları Dövlət Miqrasiya Xidmətinin nümayəndələri tərəfindən ətraflı cavablandırılıb.