Yevlaxın Aran bələdiyyəsinə məxsus torpaq sahəsini zəbt edən Daşkəsən Rayon sakini Nuru Sultanov barəsində cinayət işi başlanıb. Ancaq buna baxmayaraq o, Aran bələdiyyəsi tərəfindən vətəndaş Arif İbrahimova icarəyə verilmiş həmin ərazidə qalmaqal salır, fermer İbrahimovun özünü və digər yaxınlarını ölümlə təhdid edir.
Modern.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya həmin ərazidə mülkiyyət hüququ olan Kəlbəcər köçkünü Arif İbrahimov danışıb.
İbrahimovun sözlərinə görə, Aran bələdiyyəsi tərəfindən ona icarə ilə verilmiş 20 ha torpaq sahəsinin bütün qanuni rüsumlarını ödəyib, Dövlət Əmlak Xidmətinin Daşınmaz Əmlak Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən çıxarış da alıb:
“Buna baxmayaraq, iki ildir ki, öz torpaq sahəmizə girə bilmirdik. Hüquq-mühafizə orqanlarına müraciətlərimizə sonra buna nail olduq. Ancaq barəsində cinayət işi açılan Nuru Soltanov və bizə məxsus əraziyə qonşu yaşayan Fərəc Hacıyev adlı bir şəxs maneçilik törədir, təxribat yaradır. Hər dəfə yerli polisin müdaxiləsi ilə onların təxribatlarının qarşısı alınıb”.
Arif İbrahimov media vasitəsilə Nuru Soltanovun və digər şəxslərin qanunsuzluğuna qarşı ciddi tədbir görülməsini xahiş edib.
Aran bələdiyyəsinin sədri Əbülfət Rzayev də Nuru Sultanovla Fərəc Hacıyevin qanunsuz hərəkətlərini təsdiq edib: “Aran bələdiyyəsinin müraciəti olub. Bu şəxslərin torpaq zəbt etmələri ilə bağlı cinayət işi var”.