Azərbaycanda qida əlavələrinə dair yeni tələblər müəyyən edilir.
Modern.az xəbər verir ki, bununla bağlı “Qida əlavələrinə dair sanitariya norma və qaydalar” təsdiq edilib.
Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının təsdiqlədiyi “Qida əlavələrinə dair sanitariya norma və qaydaları”na 2 və 3 nömrəli əlavədə nəzərdə tutulmuş qida əlavələri aşağıdakı tələblərə cavab verməlidir:
- mövcud elmi sübutlara əsaslanaraq, müəyyən edilmiş maksimum istifadə miqdarı insan sağlamlığı üçün təhlükə yaratmamalıdır;
- iqtisadi və texnoloji yolla tətbiq edilə biləcək başqa üsullarla həyata keçirilə bilməyən mütləq texnoloji ehtiyacı qarşılamalıdır;
- qida məhsulunun istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçını aldatmamalıdır.
- Bu Qaydalara 2 və 3 nömrəli əlavədə göstərilən qida əlavələri qida məhsullarında aşağıda sadalanan bir və ya bir neçə məqsəd üçün istifadə edilir:
- qida məhsulunun qidalılıq dəyərinin qorunması;
- xüsusi təyinatlı qida məhsullarında zəruri inqrediyentləri təmin etməsi;
- qida məhsulunun təbii xüsusiyyətlərini, tərkibini və keyfiyyətini istehlakçıları çaşdıracaq dərəcədə dəyişdirməməsi şərtilə, onun keyfiyyəti və yararlılığının saxlanılmasının təmin edilməsi və ya orqanoleptik xüsusiyyətlərini yaxşılaşdırması.