Modern.az

Səfərbərlik Xidmətinin 3 ay əvvəl həbs edilən zabitləri azadlığa buraxıldı

Səfərbərlik Xidmətinin 3 ay əvvəl həbs edilən zabitləri azadlığa buraxıldı

27 Mart 2024, 11:30

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin çağırışçıları xidmətdən yayındırmağa görə məhkum edilmiş zabitləri azadlığa buraxılıb. 

 

Modern.az xəbər verir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edib.

 

Üç ay əvvəl Bakı Hərbi Məhkəməsinin hökmü ilə nüfuz alverində təqsirləndirilən zabitlər - Savalan Rəsulov 3 il 6 ay, Fərid İsmayılov 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. İttihama görə, sözügüdən zabitlər hərbi həkim komissiyasının üzvlərinin qərar qəbul etmələrinə qanunsuz təsir edib, çağırışçıların xidmətdən yayınmaları müqabilində ümumilikdə 67 min manat pul alıblar.

 

Müttəhimlər hökmlə razılaşmayıb, apellyasiya şikayəti veriblər. Şikayəti Həsən Əhmədovun sədrlik etdiyi hakimlər heyəti araşdırıb. Yuxarı instansiya məhkəməsinin hakimləri istintaq materialları ilə tanış olduqdan sonra təqsirləndirilən şəxslərin həbsdə qalmasına zərurət olmadığı qənaətinə gəliblər. 

 

Qərara əsasən, S.Rəsulov və F.İsmayılov 9 min manat cərimə cəzasına məhkum edilib. Zabitlər hər ikisi məhkəmə zalında həbsdən azad ediliblər.("Qafqazinfo")

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı