Modern.az

Dünyada hər saat bir nəfər minaların qurbanı olur

Dünyada hər saat bir nəfər minaların qurbanı olur

4 Aprel 2024, 12:02

BMT Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı müraciət yayıb.

 

Modern.az təşkilatın saytına istinadla xəbər verir ki, müraciətdə minaların, müharibənin partlayıcı qalıqları və əldəqayırma partlayıcı qurğuların silahlı münaqişə zonalarında ölüm və yaralanmalara səbəb olduğu bildirilir. BMT qeyd edir ki, orta hesabla hər saat bir nəfər belə partlayıcı qurğuların qurbanı olur və ya yaralanır. Qurbanlar arasında çoxlu sayda uşaqlar da var. Əldə hazırlanmış partlayıcı qurğuların istifadəsi genişlənərək mülki əhalini qorxudur və humanitar aktorları, Birləşmiş Millətlər Təşkilatının missiyaları və personalını təhdid edir.

 

Müraciətdə diqqətə çatdırılıb ki, 2024-cü ildə Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Gününü qeyd etmək üçün BMT-nin Minalardan Təmizləmə Xidməti (UNMAS) münaqişə və sülhməramlı şəraitdə əlilliyi olan bütün insanların ehtiyacları və hüquqları haqqında daha çox məlumat yaymağa çalışır. BMT Təhlükəsizlik Şurasının sülh quruculuğuna çağıran 2475 saylı qətnaməsinin beş illik yubileyinə diqqəti cəlb edən müraciət, həmçinin üzv dövlətləri əlilliyi olan şəxslərə qayğı göstərməyə, onların yardıma çıxışını asanlaşdırmağa və münaqişələrin qarşısını almağa çağırır.

 

2005-ci il dekabrın 8-də BMT Baş Assambleyası Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Gününü təsis edib. Artıq 20 ildən artıqdır ki, təşkilatın Minalardan Təmizləmə Xidməti bu sahədə geniş fəaliyyət göstərir. Onun əsas vəzifəsi insanların həyatını xilas etmək, BMT missiyalarının yerləşdirilməsini və humanitar yardımın çatdırılmasını asanlaşdırmaq, mülki insanları qorumaq, məcburi köçkünlərin və qaçqınların könüllü qayıtmasını dəstəkləmək, humanitar və bərpa fəaliyyətlərini təmin etməkdir. UNMAS BMT-yə üzv ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərir.

 

Bununla yanaşı, 12 departament, agentlik, fond və proqramlardan, habelə BMT Tərksilah Tədqiqatları İnstitutu kimi müşahidəçi qurumlardan ibarət Birləşmiş Millətlər Təşkilatının Minalardan Təmizlənməsi üzrə Agentliklərarası Əlaqələndirmə Qrupu (IACG-MA) və Dünya Bankı minatəmizləmə fəaliyyətinin bütün sütunları və fəaliyyətlərində sistem miqyasında ahəngdarlığı təmin etməyə davam edir. Cari ilin yanvarından etibarən BMT-nin bu sahədə ümumi strategiyasını əks etdirən sənəd də qüvvəyə minib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?