Modern.az

Bakıda saxlanılan fransalı casusun həbs müddəti UZADILIB

Bakıda saxlanılan fransalı casusun həbs müddəti UZADILIB

Ölkə

5 Aprel 2024, 16:34

Ötən ilin sonlarında Bakıda casusluq ittihamı ilə saxlanılan Fransa vətəndaşı Martin Ryanın həbs qətimkan tədbiri uzadılıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə onun atası Riçard Ryan AFP informasiya agentliyinə açıqlamasında bildirib.

 

Onun vəkili Nizami Əliyevin məlumatına görə, Martin Ryanın məhkəməsi cümə axşamı baş tutumalı idi, ancaq proses təxirə salınıb.

 

Riçard Ryan oğlunun Azərbaycandan qovulan iki fransalı diplomatla əlaqəli olduğunu bildirib. O, həmin diplomatların Fransanın Xarici Kəşfiyyat Baş İdarəsinin (DSGE) əməkdaşları olduğunu qeyd edib. Riçar oğlu ilə telefonla danışığını və onun DSGE tərəfindən istifadə edildiyini vurğulayıb.

 

Fransa vətəndaşı 2023-cü il dekabrın 4-də həbs edilib. Məhkəmə tərəfindən onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. Fransanın Bakıdakı səfirliyi həmin şəxsin həbsi barədə dərhal məlumatlandırılıb. Ryan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 276-cı maddəsində (casusluq) nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli bilinir.

 

Bir müddət əvvəl "Kernews" nəşrində Martin Ryanın valideynlərindən geniş məlumat almış erməni əsilli aktivist-jurnalist Leo Nikolyanın müsahibəsi dərc edilib.

 

Leo Nikolyan deyir ki, Fransada vergilər və müxtəlif standartlar ətrafında problemləri görüb başqa yerə getmək istəyib. Onun sözlərinə görə, Martin beş il əvvəl Bakıya köçüb. “O düşünür ki, burada görüləsi iş tapmaq mümkündür, çünki bu, son dərəcə müasir və zəngin bir ölkədir. Bundan əlavə, Bakı həm də tam təhlükəsizliyi təmin edən bir şəhərdir. Təcavüz, narkotik və oğurluq yoxdur... Beləliklə, bazar araşdırmasından sonra o, Azərbaycanda varlı təbəqənin olması ilə yanaşı, həm də əhəmiyyətli sayda orta təbəqənin formalaşmasını nəzərə alaraq bu ölkədə məskunlaşmaq qərarına gəlib”, - Nikolyan bildirib.

 

Martin Ryan uzun araşdırmalardan sonra Fransa istehsalı olan yüksək səviyyəli, xüsusən də sous hazırlamaq üçün məhsulları Bakıya gətirmək qərarına gəlib. “Merkorama” adlı şirkət bu məqsədlə yaradılıb.  Qeyd edək ki, sözügedən şirkət 2020-ci ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 20 manatdır. MMC-nin hüquqi ünvanı isə Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi, ev 13, M8, m. 5-də yerləşir. Şirkət İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qeydiyyata alınıb.

 

Erməni jurnalist Martinin Bakıda nişanlandığını təsdiq edib. Bir müddət əvvəl Fransa mətbuatında onun azərbaycanlı qadınla nişanlı olduğu barədə xəbərlər yayılıb.

 

Qeyd edək ki, daha əvvəl qərb mətbuatında yayılmış məlumatlara əsasən, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 2023-cü il dekabr ayının əvvəlində həyata keçirdiyi araşdırmalar və həbslər nəticəsində Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi ifşa olunub. Qısa müddət ərzində bir qismi həmin vaxt və ya əvvəllər Azərbaycanda xidmət etmiş, bəziləri müxtəlif ölkələrdə və nüfuzlu beynəlxalq təşkilatlarda örtülü işi davam etdirən onlarla Fransa xəfiyyəsi aşkarlanıb. 

 

Azərbaycan tərəfi qeyd olunan həbslərlə bağlı hələ ki rəsmi açıqlama verməyib. Azərbaycan Fransanın iki diplomatını "persona non grata" elan edib, Fransa da buna cavab olaraq Azərbaycanın iki diplomatı barədə analoji addımı atıb. Rəsmi Paris Martin Ryanın əsassız ittihamlarla tutulduğunu iddia edib. Azərbaycan Xarici İşlər Nazirliyi ittihamlara cavab verib.

 

Bildirilir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin qeyd edilən şəxsin Fransa səfirliyinin iki əməkdaşı ilə işbirliyi ilə bağlı məsələnin araşdırılması məqsədilə Fransanın Azərbaycandakı səfirliyinə verbal nota ünvalamasına baxmayaraq, Fransa tərəfi hər hansı bir izahat verməkdən və istintaqda əməkdaşlıqdan imtina edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı