Modern.az

Kamran Əliyev Türkmənistan Baş prokurorunun müavini ilə görüşüb

Kamran Əliyev Türkmənistan Baş prokurorunun müavini ilə görüşüb

Aktual

4 Aprel 2024, 16:36

Baş prokuror Kamran Əliyev Bakıda keçirilən Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının nümayəndələrinin beştərəfli görüşündə iştirak etmək üçün ölkəmizə işgüzar səfərə gələn Türkmənistan Baş prokurorunun müavini Rəhim Atayevlə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.

 

Baş Prokurorluqda keçirilmiş ikitərəfli görüşdə Kamran Əliyev Türkmənistanın Azərbaycan üçün yaxın dost ölkə olduğunu qeyd edərək dövlət başçılarının səyləri nəticəsində dövlətlərarası münasibətlərin bütün sahələrdə, o cümlədən prokurorluqlarımız arasında əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb.

 

Baş prokuror hər iki ölkənin beynəlxalq və regional təşkilatlar, xüsusilə ortaq irsə əsaslanan Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

 

Kamran Əliyev Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğu, dövlət başçısının və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə Qarabağda sürətli bərpa və quruculuq işlərinin aparıldığı barədə qonaqları məlumatlandırıb.

 

Səmimi qəbula görə təşəkkürünü ifadə edən Rəhim Atayev ölkəsinin prokurorluq orqanlarının Azərbaycan Respublikasının prokurorluq orqanları ilə əməkdaşlığa daim önəm verdiyini, bu əməkdaşlığın gələcəkdə daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

 

Baş prokurorun müavini Xəzəryanı dövlətlərin baş prokurorluqlarının nümayəndələrinin beştərəfli görüşünün uğurlu keçməsini vurğulayaraq, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edib.

 

Görüşdə Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qurbanmammet Elyasov da iştirak edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi