Ötən gün Aprel döyüşlərinin 8-ci ildönümü ilə əlaqədar “Zəfərin 4 anı” adlı tədbir keçirilib.
Modern.az xəbər verir ki, tədbir Aprel döyüşlərində iştirak edən qəhrəmanların əziz xatirəsinə həsr olunub.
Tədbirdə ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni oxunub.
"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova tarixi qələbəmizin əhəmiyyətindən söz açıb. QHT sədri 2016-cı ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin dövlətimizə qarşı növbəti silahlı təxribat törətdiyini, lakin qüdrətli Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənə ağır zərbələr vurduğunu bildirib. Qeyd olunub ki, Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının 2000 hektardan çox ərazisinin işğalçılardan azad edilməsi, həmin ərazilərin Azərbaycan Ordusunun tam nəzarətinə keçməsi nəticəsində qəhrəman döyüşçülərimiz xalqımıza qələbə sevinci yaşadıb.
Daha sonra Aprel döyüşlərindən bəhs edən, şəhid yaxınları, döyüşçülərimiz, qazilərimiz və könüllülərin iştirakı ilə qəhrəmanlarımıza həsr edilmiş bədii kompozisiya göstərilib, səhnəcik və şeirlər səsləndirilib. Kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla izlənilib.