Xroniki böyrək xəstəliyi olan hər kəs yediyi qarpızın miqdarına diqqət yetirməlidir. Yeni araşdırma sevimli meyvənin həyat üçün təhlükə yarada biləcəyini üzə çıxarıb.
Modern.az xəbər verir ki, bu yaxınlarda “Annals of Internal Medicine” jurnalında dərc edilmiş tədqiqata əsasən, qarpızın tərkibində çoxlu miqdarda kalium var. Adətən bu, sağlam insanlarda ciddi problem yaratmır, lakin xroniki böyrək xəstəliyi olan insanlar üçün təhlükə mənbəyidir.
Kalium bütün insan hüceyrələrin normal fəaliyyəti üçün lazımdır və maye səviyyəsini, ürək döyüntülərini tənzimləyir, sinirlərin düzgün işləməsini təmin edir. Qanda kaliumun səviyyəsi bir litr üçün 3,6 ilə 5,2 millimol arasında dəyişir.
Araşdırma xroniki böyrək xəstəliyi olan üç xəstə üzərində aparılıb. Onlar iki ay ərzində mütəmadi olaraq qarpız yeyiblər. Daha sonra alimlər həmin xəstələrdə hiperkalemiyanın (qanda kalium səviyyəsinin yüksəlməsi) inkişaf etdiyini müəyyənləşdiriblər.
2023-cü ildə Ümumdünya Səhiyyə Təşkilatı kaliumun böyüklərdə qan təzyiqi, ürək xəstəliyi və insult ilə əlaqəli olduğunu bildirərək ondan istifadəni azaltmağı tövsiyə edib.
Beləliklə, orqanizmdə kalium artıqlığı böyrək funksiyası pozulmuş insanlar üçün həyati təhlükə yarada bilər. Araşdırmanın nəticəsi xroniki böyrək xəstəliyindən əziyyət çəkən insanlar üçün xüsusilə önəmlidir.