Modern.az

Kooperasiya Universiteti “Şəkəri azalt, ömrünü uzat!” kampaniyasına qoşuldu

Kooperasiya Universiteti “Şəkəri azalt, ömrünü uzat!” kampaniyasına qoşuldu

Aktual

5 Aprel 2024, 16:57

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası davam edir. Kampaniya çərçivəsində növbəti görüş Azərbaycan Kooperasiya Universitetində təşkil olunub.

 

Azərbaycan Kooperasiya Universitetinin "Qida mühəndisliyi və şərabçılıq fakültəsi"nin təşəbbüsü ilə baş tutan tədbirdə bu fakültənin tələbələri ilə yanaşı digər ixtisaslarda təhsil alan tələbələr də iştirak ediblər.

 

Belə ki, qonaqları və təlim iştirakçılarını giriş nitqi ilə universitetin Tədris işləri üzrə prorektoru Fikrət Quliyev salamlayıb. Açılış nitqindən sonra Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları Səbinə Nuruzadə, Samir Mehralıyev, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Mətanət Mehtiyeva və həkim Ləman Abbasova geniş çıxışlar ediblər.

 

Qeyd edək ki, kampaniya əhali arasında sağlam həyat tərzinin təbliğ olunması və vətəndaşların sağlam qidalanmaya, o cümlədən şəkərin normaya uyğun qaydada istehlak edilməsinə təşviq olunması məqsədilə reallaşdırılır.

 

Araşdırmalara əsasən, qeyri-infeksion xəstəliklər yer kürəsində hər il 41 milyon insanın ölümünə səbəb olur. Bu isə ümumi ölüm sayının 74%-ni təşkil edir. Müvafiq göstəricinin 17,9 milyonu ürək-damar xəstəliklərinin, 2 milyonu isə diabet xəstəliyinin payına düşür. Bu xəstəliklərin əmələ gəlməsində isə şəkərin normadan artıq istehlak olunması böyük təsirə malikdir. Əlavə olaraq, şəkərin normadan artıq istehlak edilməsi piylənmənin və diş çürüməsinin yaranmasında əsas risk faktoru hesab olunur.

 

Ölkəmizdə adambaşına düşən illik şəkər istehlakı 1995-ci ildən 2023-cü ilə qədər olan müddətdə 125% artıb. 2022-ci ildə 1 nəfərin orta hesabla 27 kq şəkər istehlak etdiyi müəyyən olunub ki, bu da gündə təxminən 74 q şəkərdən istifadə deməkdir. Qeyd edilən göstərici isə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə edilən 25 qramdan (6 çay qaşığı) 3 dəfə çoxdur. Bundan əlavə, 2012-ci ildən 2023-cü ilə qədər olan müddətdə əhalinin kakao, şokolad və şəkərli qənnadı məmulatları, eləcə də şirinləşdirilmiş mineral və qazlı su istehlakında 40% artım müşahidə olunub.

 

Qeyd edilən tendensiyanın arzuolunan olmadığını bildirən mütəxəssislər sağlam gələcək üçün qida rasionunda şəkər istehlakının azaldılmasını, o cümlədən şəkər əlavə edilmiş məhsulların normadan artıq istehlak olunmamasını vacib hesab edirlər. Bununla əlaqədar olaraq, AQTA tərəfindən geniş təbliğat-təşviqat işləri aparılır, maarifləndirici məlumatlar, bukletlər və videoçarxlar hazırlanaraq ictimaiyyətə təqdim olunur.

 

Sonda təlim iştirakçılarını maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU