Modern.az

Qərb Cənubi Qafqazda Ermənistanın timsalında yeni forpost yaratmağa çalışır

Qərb Cənubi Qafqazda Ermənistanın timsalında yeni forpost yaratmağa çalışır

6 Aprel 2024, 18:19

İkili standartların nümunəsi olan Brüssel görüşü arxada qaldı. Azərbaycanın haqlı narazılıqlarına baxmayaraq, aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistan arasında görüş keçirildi. Regional təhlükəsizliyin təmin ediməsini prioritet vəzifə hesab edən Qərbin bölgə ölkələrinin iştirakı olmadan belə bir danışıqlar aparması onun əsl mahiyyətini, siyasi riyakarlığını növbəti dəfə üzə çıxardı.

 

Görüşün Azərbaycana qarşı olmadığı iddia olunsa da, İrəvanın hərtərəfli dəstəklənməsinin ifadə olunması belə düşünməyə əsas verir ki, Qərb Ermənistanı yeni təxribatlara sürükləyir və regiondakı reallıqları dəyişməyə, gərginlik yaratmağa çalışır. 

 

Aprelin 5-də türkiyəli millət vəkili Mövlüd Çavuşoğlu ilə görüşündə Prezident İlham Əliyev haqlı olaraq bildirdi ki, hazırda dünyada, o cümlədən Cənubi Qafqazda proseslər çox təhlükəli istiqamətdə inkişaf edir və Azərbaycan bundan narahatdır. Dövlət başçısı xüsusilə vurğuladı ki, gələcəkdə Cənubi Qafqaz üçün hazırlanan planlar böyük fəlakətlə nəticələnə bilər.

 

Bu, Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen və ABŞ-ın Dövlət katibi Antoni Blinkenin iştirakı ilə Brüssel görüşünə Prezident İlham Əliyev tərəfindən verilən aydın və düzgün qiymət idi. Bu məsələdə Bakı və Ankaranın mövqeləri eynidir. Prosesləri dəqiq analiz edən Mövlud Çavuşoğlunun qeyd etdiyi kimi, Azərbaycanın Qarabağ Zəfərini həzm edə bilməyən qüvvələr var və onlar bu istiqamətdə öz siyasətlərini aparmağa çalışırlar. 

 

Bu arqumentlər ilə razılaşmamaq mümkün deyil, çünki son vaxtlar, konkret olaraq ötən ilin sentyabrından başlayaraq davamlı şəkildə Qərb Ermənistana hakim olmaq cəhdlərindən əl çəkmir. Qərb Cənubi Qafqazda Ermənistanın timsalında yeni forpost yaratmağa çalışır. ABŞ dövlət katibinin “Biz istəyirik ki, Ermənistan güclü, müstəqil olsun...ABŞ və Avropa İttifaqı bu məsələdə İrəvanın tərəfdaş olmaq istəyir”,- bəyanatı bu planın masada olduğunu təsdiqləyir.

 

Aİ və ABŞ-dan maliyyə və hərbi dəstək alan Ermənistan regionda Qərb blokunun forpostuna çevrilmək riski ilə üz-üzədir.

 

Aydındır ki, 5 aprel görüşü regionda sülhə hesablanmayıb. Əksinə, belə görüşlər Ermənistanı daha da cəsarətləndirmək, Azərbaycana qarşı yeni təxribatlara həvəsləndirmək məqsədi daşıyır. Amma anlamırlar ki, bu da qonşu ölkəyə yeni faciələr yaşadacaq.

 

Artıq Brüssel görüşünün zərərli simptomları görünür və iki gündür ki, ermənilər şərti sərhəd bölgəsinə qoşun toplayır, mövqelərimizi atəşə tuturlar. 

 

Lakin bu görüşün təşkilatçıları, xüsusilə Ermənistanın hərbi-siyasi rəhbərliyi anlamır ki, Azərbaycanın yaratdığı mövcud reallıqları qəbul etməyə borcludurlar, mümkün təxribatlara ölkəmizin cavab haqqı öldürücü olacaq.

 

Bölgədə sabitliyin, davamlı sülhün təminatçısı olan Prezident İlham Əliyevin hər zaman xatırlatdığı kimi, “Dəmir yumruq” yerindədir, Azərbaycan heç bir halda erməni separatizminin baş qaldırmasına imkan verməyəcək.

 

Ermənistanı Qərb düşərgəsinə keçirməyi planlaşdıran ölkələr bilməlidirlər ki, Azərbaycan regiona gətirilən bölücü xətləri qəbul etməyəcək və milli maraqlarını qətiyyətlə qoruyacaq.

 

Rəşad Mahmudov,

Milli Məclisin deputatı

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU